Əsas Səhifə > Hadisə, Manşet > Bahar Muradova milyonları hara xərcləyib ki...

Bahar Muradova milyonları hara xərcləyib ki...


23-02-2021, 09:45
Bahar Muradova milyonları hara xərcləyib ki...
Rəsmi statistikaya görə, ötən il Azərbaycanda 597 intihar hadisəsi baş verib, 2019-cu ildə bu rəqəm 565 olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi inandırmağa çalışır ki, ölkədə intiharlar ilbəil azalır.
Reportyor.info yazır ki, komitə özü təsdiq edir – əhalinin hər 100 min nəfərinə düşən intiharların sayı orta hesabla 5 fakt təşkil edir. Rəsmi statistika da intiharların yüksəlişini göstərir.
Amma Komitə tərəfindən intiharların qarşısının alınması istiqamətində nəzərəçarpan proqramlar, real nəticəsi olan maarifləndirici kompleks addımlar müşahidə olunmur.

20 yaşlı Sevil Atakişiyevanın işi, sonra Sumqayıtda özünü dənizə ataraq intihar edən tələbənin məsələsi, ayrı-ayrı özünəqəsdlərin son vaxtlar çoxalması sübut edir ki, Komitə təsirli, effektiv tədbirlər görməyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Bahar Muradovanın rəhbər gəlişi ilə Hicran Hüseynova dönəmindən fərqli idarəetmə, fəaliyyət sferasında yenilik yoxdur.
Bu problemlərin mövcudluğunda ancaq Komitəni qınamaq olmaz – intiharlar, ailədaxili zorakılıqlar, erkən nikahlar, valideynin övladına işgəncə verməsi Azərbaycanın məişət həyatında ən ağır məsələlərdir.
Yəni B.Muradova və komandasının gördüyü işlərlə bu problemlərin öhdəsindən gəlmək mümkün deyil. Burada psixoloji, sosial və iqtisadi amillər gen-boldur.
Təbii ki, bütün resurslar səfərbər olmalıdır, o zaman ölkədə intiharların, zorakılıq faktlarının miqyasının azalmasına nail olmaq mümkündür.
Ancaq uzun müddət vitse-spiker olmuş B.Muradova və rəhbəri olduğu Komitə Milli Məclisə intiharlarla bağlı qanun layihəsi təqdim edə bilər.
Eyni zamanda müxtəlif sosial proqramların təşkili, qapalı həyat tərzi yaşayan gənclərin asosial vəziyyətdən çıxması üçün dərnəklərin yaradılması mühümdür.
Amma Komitəyə hər il büdcədən ayrılan yüklü məbləğdə vəsaitlərlə görülən işlər heç bir nəticə vermir. Nəticə yoxdursa, bu pullar Komitənin əvəzinə həmin sahədə fəaliyyət göstərən QHT-lərə ayrılsın.
Adi bir detal – 20 yaşlı Sevilin intiharından sonra Komitədən kimsə ailəsi ilə görüşməyib, görüş olubsa belə bu haqda KİV-də xəbər yoxdur.

Ümumiyyətlə, 2020-ci ildə məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri ilə sosial, psixoloji və psixo-pedaqoji işin təşkili və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı, həmçinin komitənin aparatının saxlanılması xərcləri üçün ayrılan vəsait açıqlanıb.
Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, bu məqsədlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə cəm olaraq 4,5 milyon manat vəsait ayrılıb. Çi fayda…
Faktiki pandemiya ilində dövlətin 4,5 milyon vəsaiti gedib, Komitənin isə hər hans real işi göz qabağında deyil, sadəcə, onlayn iclaslar, frmal tədbirlə keçirilməklə 2020 yola verilib. İndi də 2021 başlayıb, görək…

Geri qayıt