Əsas Səhifə > Hadisə, Manşet > Balaxanı Əməliyyat Şirkətinin məsul şəxsi belə TƏHLÜKƏ YARADIR
Balaxanı Əməliyyat Şirkətinin məsul şəxsi belə TƏHLÜKƏ YARADIR1-02-2021, 09:32 |
Paytaxtın Sabunçu rayonunda Nazim adlı şəxs Balaxanı Əməliyyat Şirkətinin (keçmiş Balaxanı Neft-Qaz Çıxarma İdarəsi) Kərəm adlı əməkdaşı ilə əlbir olaraq şirkətin ərazisinə aid torpaqların üstündə fərdi evlər tikib satmaqla məşğuldur. Torpaq işğalçılığı ilə məşğul olan bu çetenin iki qadın üzvü də vardır – Biri elə həmin Nazimin bacısı qızı Aybəniz, digəri isə Balaxanı bələdiyyəsinin sədri Vüsalə xanımdır. Şəhərdən (“Koroğlu” metro stansiyası tərəfdən Sabunçu qəsəbəsinə giriş hissədə (Sabunçu 3 saylı Birləşmiş Şəhər Xəstəxanasının və 311 saylı orta məktəbin yaxınlığında) 15 ildir maklerliklə məşğul olan Nazimin ev alqı-satqısı ofisi də vardır. Həmin həndəvərdə satılası yerlər azaldığından, işğalçı çete yerli sakinlərin uzun illərdir ki, ağac əkərək saldıqları yaşıllığa əl qoymaq qərarına gəliblər. Qeyd olunan ərazidə Nazimin siyasəti ilə məskunlaşan bacısı qızı Aybəniz ekspansiya apararaq yaşıllığı özünün fərdi həyətinə qatmaq niyyətindədir. Bu məqsədlə oradakı ağacların, o cümlədən, üzüm ağaclarının, qızılgül kollarının kəsilməsinə başlanıb. Əvvəlcə ağacların kök üstdən kəsilməsi üçün motorlu mişarlar, sonra da kökündən qoparılması üçün ağır texnika (buldozerlər) işə düşüb. Sakinlər etiraz əlaməti olaraq, yolu kəsməyə çalışıblar və yuxarı instansiyalara şikayət ediblər. Balaxanı Əməliyyat Şirkətinin əməkdaşı Kərəm məsələni sözügedən ağacların guya quruması ilə, şirkətin ərazidə yaxın müddətdə park salacağı planı ilə əlaqələndirib. Amma sakinlərin dəvəti ilə hadisə yerinə gələn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu izahla qane olmayıblar. Çünki «qurumuş» ağacların kəsilməsi üçün Nazirlikdən icazə alınmayıb. Sonradan ETSN-nin insident yerinə göndərilmiş qrupunun üzvü Davud müəllimlə telefon əlaqəsi saxlayıb öyrəndik ki, Balaxanı Əməliyyat Şirkətinə cərimə yazılıb və protokol məhkəməyə göndərilib. İnsidentin baş verdiyi gün redaksiyaya daxil olan məlumat əsasında hadisə yerinə yollanan çəkiliş qrupumuzun üzvləri ilginc video-qeydlər lentə alıblar və sakinlərdən maraqlı informasiyalar öyrəniblər. Məlum olub ki, bələdiyyə sədri Vüsalə xanıma da eyni üsulla, yəni, neft ərazisindən zəbt olunmuş torpaqda fərdi ev tikilib. Yerli özünü idarəetmə qurumuna başqanlıq etməsini əksər sakinlərin legitim hesab etmədiyi 30-35 yaşlı bu gənc xanım heç öz evinin kanalizasiya xəttini də təmin etməyi bacarmayıb. Belə ki, onun, eləcə də qonşularının kanalizasiya boruları hasilatı tükənmiş hesab olunan neft buruqlarının quyularına axıdılır. Uzun müddətdir davam edən bu proses axırda quyuların dolub daşmasına, nəcisin birbaşa torpağın səthinə axmasına səbəb olub. Bildirilir ki, hətta yeraltı neft və qaz qalıqlarının təlatümü nəticəsində bəzi evlərin içindəki sanitar qovşaqlarında da dolub-daşmalar baş verib. Əhalidən torpaq haqqı və digər vergiləri yığmaqda pərgar olan xanım bələdiyyə sədri nəinki qəsəbənin abadlığı, təmizliyi ilə qayğılanmır, hətta öz evinin pəncərəsindən zibilliyə açılan mənzərəni seyr etməkdən də məmnun görünür. Qeyd olunması vacib digər maraqlı nüans Nazimin bacısı qızı Aybənizin həddən ziyadə özündən razılığıdır. Neft quyularından rezervuarlara gedən 3 ədəd boru Aybənizin yiyələndiyi həyətin altından keçir. Sakinlər jurnalistlərə bildiriblər ki, bu qadın yaşıllığın məhv edilməsinə fəal etiraz edən sakinləri məsxərəyə qoyaraq, onların evlərini daşa basır, üz — üzə gələndə əllərini dodaqlarına dayayaraq hindular kimi səslər çıxarır. Özü də telefonunun video-çaxmağını tətikdə tutur ki, kimsə üstünə acıqlansa, qeydə alıb şərləsin. Ərinin gözünün qabağında elədiyi, qonşu qadınların əsaslı qınaqlarına səbəb olan bu vulqar hərəkətləri ilə sanki onlara demək istəyir ki, “bütün cəhdləriniz əbəsdir, nə edirsiniz-edin, axırda dayım Nazimin və “dostum” Kərəmin istədiyi kimi olacaq”. Çünki onlar satdıqları torpaq sahələrindən əldə etdikləri pulu tək yemir, yuxarıda qərar tutan nəzarətedici vəzifəli şəxslərlə bölüşürlər. Yəqin ən azı (!) ortaq korrupsiya maraqları olduğuna görə Kərəm də Aybənizin vəkili kimi çıxış edir. O da bildirilir ki, keçmiş hüquq-mühafizə işçisi Əli Eyvazov Nazimgilin qohumudur, onlara dəstək verib və hələ də himayə etməkdədir. Ümid edirik ki, məhkəmə Nazim kimi işbazların “bığının altından keçmədən” torpaq zəbt edən kasıb-kusubun başının üstünü tez alan, tikdiklərinin sökülməsini təmin edən yerli hüquq-mühafizə orqanlarından fərqli olaraq, ETSN mənsublarının yazdıqları cəriməni hüquqi qüvvəyə mindirəcək və ödənilməsini təmin edəcək. Hərçənd, bu da çıxış yolu deyildir. O halda bu sualın cavabı açıq qalır: Kimin cərimə ödəməyə pulu var, yaşıllığı məhv etməlidir? //deryaz.az// QEYD: DİA.AZ xatəırladır ki, SOCAR rəsmiləri davamlı olaraq neftli ərazilərin qanunsuz olaraq məskunlaşmasının qarşısının alınması məqsədilə tədbirlər görür və bu barədə davamlı şəkildə əhaliyə xəbərsarlıqlar da olunur. Amma indi aydın olur ki, SOCAR-ın xəbərdarlıqlarına uymayanlardan biri elə Balaxanı Əməliyyat Şirkətinin rəsmi şəxsləridir. Hər halda bu fakt SOCAR-ın özünün də diqqətini cəlb etmə lidir. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |