Əsas Səhifə > Hadisə, Manşet > "Mən evimə vertolyotla gəlməliyəm?"

"Mən evimə vertolyotla gəlməliyəm?"


25-01-2021, 09:19
"Mən evimə vertolyotla gəlməliyəm?"
İllərdir ki, əlaqədar qurumların biganəliyi və birtərəfli mövqe tutması səbəbindən yaşadığı evdə mühasirə vəziyyətinə düşən Şamaxı şəhəri Qədirli küçəsi 69 ünvanında yaşayan Qasımov Rövşən Əli oğlu redaksiyamız vasitəsilə Ədliyyə naziri Fikrət Məmmədova və S. Bəktaşiyə müraciət edərək yardım istəyir.

13 ildir məhkəmələrdə süründürülən, bu səbəbdən özü və həyat yoldaşı əsəb və sarsıntıdan əlil olan R.Qasımov heç olmazsa ömrünün ixtiyar çağlarında bu bəladan qurtarmaq, mühasirə vəziyyətindən çıxmaq istəyir.

Şikayətçi bildirir ki, 13 ildir məhkəmələrə sübut edə bilmirəm ki, insan giriş-çıxışı olmayan mənzildə necə yaşaya bilər. Hansı qanunda,ədalətdə yazılıb ki, bir şəxsin yaşadığı evin qarşısındakı torpaq sahəsini başqasına verəsən?

R.Qasımov 1988-ci ildə gənc mütəxxəsis kimi Şamaxıda əmək fəaliyyətinə başlayıb. Elə həmin il ona kommunal mənzil verilib. Ona verilən mənzildə 1997-ci ilə qədər rus qonşusu ilə sülh və əminamanlıq şəraitində yaşayıb. Daha sonra mənzili özəlləşdirən R.Qasımov 1990-cı ildə rayon icrayə komitəsinin qərarı ilə istifadə üçün 3 sot torpaq sahəsi alır.

R.Qasımovun çətin günləri 1997-ci ildən sonra başlanıb. Həmin il rus qonşusu evini Nuriyeva Ella Maşallah qızına sataraq Azərbaycanı tərk edib. Xatırladaq ki, N.Ellanın 2 bacısı R.Qasımovla qonşu olub. Ella xanımın da bitişik mənzili alması ilə R.Qasımovun mənzili 3 tərəfdən bacıların evlərinin əhatəsində qalıb.

Şikayətçi bildirir ki, çox keçmədən bacılar onu hər vasitə ilə evdən çıxarmaq, bütün mənzilə yiyələnmək iddiasına düşüblər. Elə o gündən də Qasımovun günü məhkəmələrdə qonşularla, canı da xəstəliklərlə çəkişmələrdə keçib.

R.Qasımov bildirir ki, mənzil alqı satqısı zamanı heç bir torpaq sahəsindən söhbət getmir. Xüsusilə qeyd etmək lazımdır ki, sonradan məlum olub ki, Qobustan rayon notarial kontorunda icra olunan alqı satqı müqaviləsi qeydə alınmayıb. Mənzilin qarşısındakı torpaq sahəsini ələ keçirmək istəyən E.Nuriyeva 2008-ci ildə R.Qasımovu məhkəməyə verib. 13 il ərzində 50-dən çox məhkəmə çəkişməsində iştirak edən R.Qasımovun və həyat yoldaşının bu illər ərzində səhhəti korlanıb, əlil olub. Amma, məhkəmələr bitməyib ki, bitməyib.

Şikayətçi bildirir ki, E.Nuriyevanın yüksək vəzifədə işləyən qohumunun yardımı ilə bu illər ərzində bir çox hüquqi əsası olmayan, qanunsuz qərarlar çıxarılıb. 2015-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən R.Qasımovun və E.Nuriyevanın mənzillərinin qarşısındakı torpaq sahələri onlara verilib. Qərar həmin il Ali Məhkəmədə də hakim Qəhrəman Allahverdiyev tərəfindən təsdiq edilib.

Lakin qəbul edilən məhkəmə qərarları E.Nuriyevanı qane etməyib və müxtəlif yollarla “blokada siyasəti”ni davam etdirib. 2017-ci ildə Şamaxı 14 saylı Ərazi Reyestr İdarəsi tərəfindən hansısa maraqlar müqabilində E.Nuriyevaya 3 sot torpağın mülkiyyətinə verilməsi haqqında saxta çıxarış verilib. Lakin verilən çıxarışda heç bir plan, sxem olmadığı üçün torpağı almaq üçün gələn icra qrupu qərarı yerinə yetirə bilməyib. Çünki əgər torpaq sahəsi E.Nuriyevaya verilərsə R.Qasımovun mənzili faktiki olaraq giriş-çıxışdan məhrum olur.

Bütün cəhdləri hədər gedən iddiaçılar daha bir saxtakarlığa əl atıblar. Bu dəfə Şamaxı Reyestr İdarəsindən evin texniki pasportunu götürərək dəyişiklik edərək torpaq sahəsini əlavə ediblər. R.Qasımovun polisə şikayətindən sonra saxtakarlığı edən Şamaxı Arxiv İdarəsinin əməkdaşı Elçin Qafarov bunu pul müqabilində etdiyini etiraf edib. Lakin polis məhkəmənin müvafiq qərarı olmadan cinayət işi başlanmasının mümkün olmadığını bildirib.
R.Qasımov bildirir ki, işə Sumqayıt İnzibati Məhkəməsində V.Əzizovanın sədrliyi ilə baxılıb və hakim təqdim edilən saxta pasporta əsasən torpaq sahəsinin E.Nuriyevaya verilməsi bardə qərar qəbul edib. Şikayətçi bildirir ki, qarşı tərəfin məhkəməyə təqdim etdiyi bütün sənədlər və dəlillər tamamilə saxtadır. Məhkəmə isə nədənsə məhs saxta sənədlərə əsaslanaraq analoqu olmayan qərar qəbul edib.

“Hal hazırda Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət etsəm də heç bir nəticəsi yoxdur. Uzun illər sağlamlığımı və rahatlığımı əlimdən alan bu məhkəmə süründürməçiliyi bitmək bilmir. Mənim vəzifədə işləyən qohumum yoxdursa deməli hüququm qorunmamalıdırmı? Necə ola bilər ki, 33 ildir ki, yaşadığım evin qarşısındakı torpaq başqasına mənsub olmalıdır. Mən evimə vertalyotlamı gəlməliyəm? Bəlkə yeraltı tunel qazaraq mənzilimə daxil olum? Bəlkə E.Nuriyevanın xoşuna gəlmək üçün məni Azərbaycandan da çıxarıb xarici ölkələrin birinə göndərsinlər? Bu nə haqsızlıq, nə qanunsuzluqdur? Prezident hər dəfə çıxışlarında məmurları ədalətli olmağa, haqqı müdafiə etməyə çağırır. Budurmu onun göstərişlərinə məmurların verdiyi dəyər?

Mən hələ də inanıram ki, məhkəmələrimiz ədalətli qərar qəbul edəcək. Saxta sənədlərə əsaslanaraq qəbul edilən qərarların heç bir hüquqi əsası yoxdur. Mənim mühasirədən xilas olunmağıma yardım edin. Qoy ədalət zəfər çalsın!”
Rubrika.Az

Geri qayıt