Əsas Səhifə > Hadisə, Manşet > “Ermənilər terror aktlarını satqınların əli ilə də törədə bilərlər”

“Ermənilər terror aktlarını satqınların əli ilə də törədə bilərlər”


19-10-2020, 16:43
“Ermənilər terror aktlarını satqınların əli ilə də törədə bilərlər”
Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) daxil olmuş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə, Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədir.

DTX-nın məlumatında qeyd edilir ki, Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən və terror əməllərini həyata keçirən dövlətdir: “Hazırda Ermənistan silahlı qüvvələrinin və xüsusi xidmət orqanlarının tərkibində Yaxın Şərq ölkələrindən gətirilmiş terrorçular xidmət edirlər. Vətəndaşları gündəlik həyat və iş ahəngini pozmadan və təşvişə qapılmadan ayıq-sayıq olmağa çağırır, yaşadıqları ərazilərdə şübhəli şəxslər, hərəkət və əşyalar barədə məlumatları (012) 4059999 nömrəli telefonla Dövlət Təhlükəsizliyi Xidmətinə, eləcə də yerli polis və digər hüquq mühafizə orqanlarına bildirmələrini xahiş edirik. Eyni zamanda son dövrlərdə erməni terror təşkilatı olan ASALA-nın fəallaşdığını nəzərə alaraq, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərini və diplomatik heyəti, diaspor təmsilçilərini və ölkəmizə aid şirkətlər və onların əməkdaşlarını ayıq-sayıq olmağa və şübhəli hallar müşahidə edildikdə yerləşdikləri ölkələrin hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik”.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın AYNA-ya dediyinə görə, DTX nələrəsə əsaslanıb təhlükəni hiss edir və informasiyalar verir: “Yəni, birbaşa olmasa da, təhlükənin simptomlarını, elementlərini hiss edirlər. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bizim qarşımızıdaki düşmən terrora tamamilə meyilli bir millətdir. Onlar 19-cu əsrin axırı, 20-ci əsrin əvvəllərindən həmişə terrorla məşğul olub və özlərinə məxsus terror təşkilatları olub. Məsələn, onların “Daşnaktsütyun”, “Qınçaq”, ASALA kimi terror təşkilatlarının hədəfində, əsasən türklər olub”.

“Xatırladım ki, keçən əsrin 70-ci illərində, məhz bu terror təşkilatları 28 türk diplomatını qətlə yetirmişdi. Bundan əlavə, 1915-ci ildən sonra çox sayda türk paşalarını terror nəticəsində qətlə yetiriblər. Ən əsası isə, Birinci Qarabağ müharibəsində istər avtobuslarda, istər metroda, istərsə də qatarlarda ardıcıl olaraq terror hadisələri həyata keçiriblər. Hazırda onlar məğlub vəziyyətdədirlər və bu cür addımları adətən məğlub vəziyyətlərdə atırlar. İndi də məğlub vəziyyətdə olduqları üçün xalqımızda panika və təlaş yaratmaq istəyirlər. Düşünürlər ki, terror hadisələri həyata keçirməklə bizi Qarabağ müharibəsindən, torpaqlarımızı işğaldan azad etmək əməliyyatlarından çəkindirəcəklər. Məhz onların tarxi fəaliyyəti bizə bu sözləri demək üçün əsas verir”, - İsmayıl bildirib.

Ekspert bu məsələdə vətəndaşların da üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb: “Dövlət Təhlükəsizliyi Xidməti öz işini görəcək və qabaqlayıcı informasiyalar əldə edərək, təhlükəni aradan qaldıracaq. Amma vətəndaşların da üzərinə çox böyük məsuliyyət düşür. Ki, insanların kütləvi toplaşdığı yerlərdə şübhəli əşyalar, şübhəli şəxslər görsələr, bunu nəzərə alsınlar və aidiyyəti orqanları xəbərdar etsinlər”.

“Vətəndaşlar bir az da ona görə ayıq-sayıq olsun və düşünməsinlər ki, ermənilər mütləq əllərində bomba sərhəddən keçib terror törədəcəklər. Əsla, belə deyil! Çünki terror təşkilatlarının üsul və vasitələri müxtəlifdir. Onlar planlarını həyata keçirmək üçün müxtəlif adamlardan, başqa millətlərdən və satqınlardan belə, istifadə edə bilərlər. Ona görə də düşünməsinlər ki, şübhəli şəxs erməni deyilsə, deməli, təhlükə yoxdur. Yəni, “terroru mütləq erməni həyata keçirəcək” deyə bir şey yoxdur. Erməni təşkilatçı olacaq, amma icraçı başqa millətin nümayəndəsi də ola bilər. Ona görə də ayıq-sayıq olmaq və çağırışları nəzərə almaq lazımdır”, - müsahibimiz əlavə edib.

Geri qayıt