Əsas Səhifə > Hadisə, Manşet > "Elnur Rzayev icra başçısı təyin olunandan sonra..."

"Elnur Rzayev icra başçısı təyin olunandan sonra..."


21-09-2020, 09:39
"Elnur Rzayev icra başçısı təyin olunandan sonra..."
“Xaçmazın ən qədim kəndlərindən olan Bostançının problemləri bitib-tükənmək bilmir. Hazırda əhali içməli su sarıdan əziyyət çəkir”. DİA.AZ bildirir ki, bunu Xaçmaz rayonu, Bostançı kənd sakini Osman İmamov deyir. Söyləyir ki, üç yüz əllidən çox evi olan kəndin cəmi on iki bulağı var: “Həmin bulaqların onundan su gəlir. Digər iki bulaqdan isə su damcı-damcı tökülür. Təsəvvür edin, otuz məhəllə on bulağın ümidinə qalıb. Bulaqları da kasıb kənd camaatı boğazından kəsib, borusunu, kranını alıb. Hər dəfə problem yarananda, su gəlməyəndə yenə də əziyyəti kasıb kənd camaatı çəkir. Artıq dörd-beş gündür bulaqdan su gəlmir. Əhali bir kilometr məsafə qət edib, evinə su gətirir. İçməli suyu əllə zülm-müsibətlə daşıyırlar”.

Şikayətçi deyir ki, kəndin su problemi ilə yanaşı yolları da bərbad vəziyyətdədir. Bildirir ki, dəfələrlə aidiyyəti qurumlara bununla bağlı məktub yazsalar da, faydası olmayıb: “Elnur Rzayev icra başçısı təyin olunandan sonra Bostançı kəndinə gəlib, vətəndaşlarla görüşdü. Kəndin yolu ilə tanış oldu. Dedi ki, mən Daşkəsəndə işləmişəm, orada yollar daha bərbad idi. Ora baxanda, burada vəziyyət bir az yaxşıdır. Bildirdi ki, kəndə asfalt yolun çəkilməsi icra hakimiyyətinin səlahiyyəti xaricindədir. Söylədi ki, bunun üçün “yuxarı”lardan maliyyə vəsaiti ayrılmalıdır. Sonra dedi ki, yol problemi belə qalmayacaq, həll olunacaq. Onu da deyim ki, burada heç vaxt asfalt yol örtüyü olmayıb. Bostançı kəndinin bələdiyyə sədri Nasib Abuzərov ancaq vəd verir. Deyir ki, düzələcək. Amma nə vaxt, bilinmir?! Belə görürəm, bu yolu düzəltməyəcəklər. Biz bundan sonra da uzun illər qrunt yollarla gedib-gələsi olacağıq”.

Şikayətçinin dediyinə görə, kənddə başqa bir problem də rayonlararası çempionatların təşkili zamanı yaranır. Belə ki, burada stadion yaxşı vəziyyətdə olmadığı üçün Quba, Qusar, Siyəzən və digər rayonların heç birindən bura ev oyunlarına gəlmək istəmirlər: “Bununla bağlı icra hakimiyyətinə elektron məktub yazdım. Cavab gəldi ki, stadionun bərpası işinə baxılacaq. Doğrudan da, icra hakimiyyətinin göstərişi ilə stadionda işlər başlandı. Qreyder maşını gətirildi, torpaq hamarlandı. Lakin beş gündən sonra getdilər, işləri sonadək yekunlaşdırmadılar. Halbuki, bildirilmişdi ki, futbol meydançasının qapı torları alınacaq, bəzi başqa işlər görüləcək. Həmçinin stadionun qarşısında voleybol meydançası var. Onun da dəmirləri basdırılıb, amma torları yoxdur”.

“Bələdiyyə sədri Nasib Abuzərov Ağalar oğlu 1999-cu ildən bu vəzifədədir. Lakin bu iyirmi bir ildə bir dənə də olsun yaxşı iş görməyib”, - Osman İmamov belə deyir:

“Kəndin mal-qara otarmaq üçün örüş sahəsi yoxdur. Bununla bağlı icra hakimiyyətinə elektron məktub yazdım. İcra hakimiyyətindən cavab gəldi ki, 65 hektar örüş sahəsi var və kənd camaatı gündəlik həmin ərazidən istifadə edir. Maraqlıdır ki, həmin örüş sahəsinin yerini bilən yoxdur. Mən icra hakimiyyətindən xahiş edirəm ki, gəlib, bizə həmin 65 hektar sahəni göstərsinlər. Mən də kəndin sakini olaraq, bilim ki, örüş sahəsi haradadır, aparım, mal-qaramı orada otarım. Bələdiyyə sədri Nasib Abuzərov həmin əkin sahələrini satıb”.


Geri qayıt