Əsas Səhifə > Hadisə, Manşet > “Həkim Mircəlal Kazımi söz verdi ki, sağalacaq, amma …"
“Həkim Mircəlal Kazımi söz verdi ki, sağalacaq, amma …"26-08-2020, 10:08 |
“2014-cü ildə xeyirxah insanların köməyilə bacıma qarciyər köçürülüb. Elə donor da özüm olmuşam. Əməliyyatdan 5 ay sonra halı pisləşib və daim müalicədə olub. Son bir ildir ki, durumu daha da ağırdır, ancaq orqan köçürən həkim onu boynuna götürmür. Nə də başqa, ixtisaslı xəstəxanalar qəbul edirlər ki, orqanı köçürən həkimə müraciət edin. Qalmışıq pis vəziyyətdə”. DİA.AZ-ın məlumatına görə, Yevlax sakini Telman Sadıqov açıqlamasında belə deyib. Bildirib ki, daim müalicə ilə yaşayan bacısı 2019-cu ildən daha da ağırlaşıb. Bu müddət ərzində öz həkimi onu qəbul etməyib. Başqa həkimlər “orqanı kim köçürüb, onun yanına aparın”, - deyiblər. Telman Sadıqov deyir ki, bacısı Ülviyyənin durumu ötən ay daha ağırlaşıb, özündən gedib, huşunu itirib. Bu zaman Təcili Tibbi Yardım çağırıblar və onu Yevlax Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər: “Təbii orqan köçürülmüş birinə bu xəstəxanada nə edə bilərdilər ki? Heç bir müalicə edə bilmədilər. Yevlax xəstəxanası orqan köçürülmüş, qaraciyər xəstəsi üçün ixtisaslı yer də sayılmırdı. Çoxsaylı müraciətlərdən sonra onu Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına köçürdülər. İndi orada da düzgün müalicə ala bilmir. Vəziyyəti ağırdır, reanimasiyadadır”. Telman Sadıqov deyir ki, bacısının cəmi 35 yaşı var. 2014-cü ildə onda qaraciyər problemi çıxanda Mərkəzi Neftçilər Xəstəxanasına müraciət ediblər. Həmin xəstəxananın həkimi Mircəlal Kazımi ona orqan köçürülməsinin lazım olduğunu deyib. Bildirib ki, köçürülmədən sonra həyatına normal insanlar kimi davam edə biləcək: “Hamımız analiz verdik. Qohumlar, ailə üzvlərimiz. Bircə mənim nəticələrim uyğun gəldi. Əməliyyatla məndən alınan qaraciyər bacıma köçürüldü. Əməliyyatdan sonra 5 ay həkim nəzarətində qaldı. Normal idi. 5 aydan sonra evə gətirdik. Həmin gündən də vəziyyəti pisə doğru getdi”. Qardaşı deyir ki, Ülviyyəni daim borc-xərc edib Bakıya müalicəyə aparıblar. Əməliyyat edən həkim hər dəfəsində bahalı dərmanlar, müalicələrlə onun durumunu qismən yaxşılaşdırıb. Ancaq tam ağırlaşandan sonra onlardan üz döndərib: “Deyir, vəziyyəti pisdir, aparın xəstəxanaya. Mən əlimdən gələni etmişəm, əməliyyat uğurlu keçib və s. Bəs biz nə edək? Yevlax xəstəxanasına apara bilmərik. Ordakıların başı çıxmır. İndi yatdığı xəstəxana da onun müalicəsini düzgün həyata keçirə bilmir. Reanimasiyadadır, pis günə qalıb, arıqlayıb, biz nə edək? Bu qədər pul tökdük, həkim Mircəlal Kazımi söz verdi, dedi, normal insanlar kimi yaşayacaq. Hanı? Heç kim dərdinə dərman tapa bilmir”. Telman Sadıqov deyir ki, üstəlik, Yevlax sakinləri illərdir ki, sığortalıdır. Orada həkimlər, xəstəxanalar icbari tibbi sığorta ilə işləyirlər. Odur ki, bacısının da sığortası var. Ancaq heç bir işə yaramır: “2019-cu ildən sığortanın göndərişi ilə bacıma müxtəlif diaqnozlar qoyulub, müxtəlif müayinə nəticələri çıxarılıb. Hal-hazırda da onunla bağlı məhkəmə araşdırması gedir. Ancaq bacım konkret tibbi yardımdan tam məhrum edilmiş şəkildə ortalıqda qalıb. Mütəmadi rəsmi müraciətlər edirik. 2019-cu ilin sentyabrında icbari tibbi sığortanın göndərişi ilə gəldik RDM xəstəxanasına. Orda 5-6 gün yatdı. Sonra bizə sənəd verdilər ki, xəstənin durumu ağırdır, aparın evə. Həmin vaxtdan xəstə 69 yaşlı anası və mənimlə qalıb. Heç bir tibbi yardım göstərilməyib ona. İndi də yenə xəstəxanadadır və müalicələrin təsiri yoxdur”. Telman Sadıqov deyir ki, illərdir xəstəxanalara pul tökürlər: “Bilirsiniz nə qədər borcumuz var? Mən hələ ömrümün 20-30 ilini işləyəm, yeyib-içməyəm ki, o borcu ödəyib qurtaram. Hərtərəfli pis vəziyyətdəyik”. Telman Sadıqov və 69 yaşlı anası Prezident İlham Əliyevə, Səhiyyə nazirinə, ölkə rəhbərliyinə müraciət edir. Xahiş edirlər ki, 35 yaşlı Ülviyyə Sadıqovanın müalicəsinin ona uyğun, ixtisaslı xəstəxanada davam etməsi üçün göstəriş verilsin: “Xahiş edirik, bizi ixtisaslı xəstəxanaya, bu sahədə bilikli, bacarıqlı həkimlərin olduğu bir yerə köçürsünlər. Bacım çox ağır durumdadır, biz çox üzülürük, sağalmasını istəyirik, ancaq indi aldığı müalicə vəziyyətini günü-gündən ağırlaşdırır. Nolar, bizə kömək edin. Ayın 15-dən vəziyyəti daha da ağırlaşıb. Qanı yarıya düşüb. Qan da vurulmur. Normal müalicə edilmir. Hansı həkimə, xəstəxanaya müraciət edirik, yazılı cavab verirlər ki, bizlik deyil, orqan köçürən həkimə müraciət edin”. Sonda Telman Sadıqov deyir ki, Səhiyyə Nazirliyi, TƏBİB ola-ola bu gün o Prezidentə, xeyirxah insanlara müraciət etmək məcburiyyətində qalıb: “Bu qədər qurum olan bir ölkədə biz niyə insanların mərhəmətinə möhtac qalmalıyıq? Yaxud dilənçi vəziyyətinə salınmalıyıq? Hazırda bacımın qana ehtiyacı var və biz bunun üçün yenə xeyirxah isanlara müraciət edirik. Xahiş edirəm, bizim xəstəmizi ixtisaslı bir xəstəxanaya köçürün, onu lazım olan qanla təmin edin”. Geri qayıt |