Əsas Səhifə > Hadisə, Manşet > Masallının Məşhuru üçün seçici önəm daşımır...
Masallının Məşhuru üçün seçici önəm daşımır...17-08-2020, 10:02 |
“Ən yeni deputat” rubrikamızın bu sayında anons etdiyimiz kimi, tanış olacağınız deputat Məşhur Məmmədovdur. Milli Məclisin qeyri-məşhur millət vəkili sayılan Məşhur Məmmədov deputat yox, daha çox mebel sənayesindəki fəaliyyəti ilə məşhurdur. Reportyor.info xəbər verir ki, Masallıdan olan deputatı istərsə yerli camaat, istərsə ölkə ictimaiyyəti “Embawood” mebel şirkətinin sahibi kimi tanıyır. Yəni, bu qeyri-rəsmi deyil, M.Məmmədov faktiki şirkətin təsisçisidir. O, eyni zamanda Azərbaycan Mebel İstehsalçıları Assosasiyasının sədridir. 1996-2011-ci illədə “Embawood” mebel şirkətinin təsisçisi və baş direktoru olub. 2011-2013 dövründə “Embawood”un Gürcüstan şirkətinin baş direktoru olub. 2013-2015 illərində “Embawood” şirkətinin təsisçisi və direktor müavini olub. İlk dəfə Milli Məclisə düşən, digər biznesmen – “Ştutqart” mağazalarının sahibi olan keçiş deputat Nəriman Əliyevi əvəzləyən Məşhur Məmmədov fəaliyyətinə görə hələ ki həmyerlisindən ciddi şəkildə fərqlənmir. Millət vəkili ən yeni mandat sahiblərindən olsa da, seçilmək, etimadı doğrultmaq, həm seçicinin, həm siyasi rəhbərliyin qarşısında özünü təsdiqləmək üçün heç bir səy göstərmir. Elə deputatlar ki, dəridən-qabıqdan çıxır, fəallıq göstərir, tez-tez müsahibələr verir, telekanallara çıxır, seçiciyə səslənir, hansısa probleminə yardımçı olur sosial şəbəkədə aktiv olur, ən əsası parlamentdə çıxışları, təklifləri ilə gözə girir, amma bu sadalanan amillərin demək olar heç biri Məşhur Məmmədovda yoxdur. Deputatın kifayət qədər problemləri olan Masallı camaatının arasında seçicilərinin müraciətləri ilə maraqlanmır, parlament iclaslarında səsini eşidən olmayıb, ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrlə bağlı açıqlamasını görməmişik, xüsusən Tovuz döyüşlərindən, türk generalitetin Bakıya gəlməsindən, şəhidlərimizdən, rusların və serblərin ermənilərə silah ötürməsindən deputat olaraq ağzını açıb bir kəlmə söyləməyib. Halbuki, həmkarlarından – Aydın Mirzəzadə, Siyavuş Novruzov, Fazil Mustafa, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Asim Mollazadə və digərləri davamlı olaraq açıqlamalar verir, media ilə sıx əməkdaşlıq edir, gündəmdə olan dövlət üçün vacib əhəmiyyətli məsələlərə reaksiya verirlər. Məşhur Məmmədovun millət vəkili kimi həmkarlarından fərqi nədir ki, belə passiv mövqedədir və ictimai fəallıq nümayiş etdirmir? Axı prezident deputatları aktiv olmağa çağırmışdı. İnternet resurslarında da onun adını axtarış verəndə barəsində milyonçu olması, amerikalı senatla əlaqələri haqda danışılır. Sən demə, “Embawood’ şirkətinin həmtəsisçisi Məşhur Məmmədov 2012-ci ildə Nyu-Yorkun senatorlarından olan David Storobinin seçki kampaniyasına maddi dəstək verib. İş adamı əyalət seçkilərinə qatılmış respublikaçı namizədin seçki fonduna 5000 dollar pul köçürüb. David Storobin 1979-cu il təvəllüdlülüdür, ixtisasca vəkildir. Amma deputat senatorun “ala gözünə, qara qaşına vurulmayıb”. O, Nyu-York yaxınlığında RIVERDALE 335, Lot in Fort Lee ünvanında villa alıb və bunun üçün 1 140 000.00 dollar ödəyib. Beləliklə, parlamentin daha bir ən yeni deputatı ilə tanış oldunuz. Gələn rubrikamızda isə… REPORTYOR.info Geri qayıt |