Əsas Səhifə > Hadisə, Manşet > Təhsil sistemimizdə TƏHLÜKƏLİ TƏBLİĞAT

Təhsil sistemimizdə TƏHLÜKƏLİ TƏBLİĞAT


13-08-2020, 11:55
Təhsil sistemimizdə TƏHLÜKƏLİ TƏBLİĞAT
Rusdilli məktəblərin milli kimliyimizi gələcək nəsillərə unutdurmaq üçün açıldığına dair ciddi ittiham var. Bir çox ziyalılarımız tərəfindən dilə gətirilən bu iddiaları təsdiqləyən faktlar da az deyil. Maraqlıdır ki, həmin məktəblər üçün hazırlanan dərslik kitabları belə, Azərbaycanın milli maraqlarına uyğun gəlmir, bəzən ölkəmizin əleyhinə olan nəzəriyyələrə yer verilir. Əsasən də tarix kitablarında.

Ovqat.com xəbər verir ki, dəfələrlə ortaya çıxan bu təxribat xarakterli nəşrlərə yenisi də əlavə olunub. Bu dəfə 5-6-cı siniflər üçün nəzərdə tutulan “Tarix” dərsliklərində keçmişimiz və coğrafi adlarımız ermənilərin xeyrinə təhrif olunub.

Tarixçi alim Dilavər Əzimlinin bu gün facebook səhifəsində paylaşdığı status da bundan xəbər verir. Statusdan təqdim edilən şəkillərdən aydın olur ki, “Tarix” dərsliyindəki xəritələrdən birində Naxçıvan ərazisi “Ermənistan yaylası” kimi göstərilib. Dilavər Əzimov bunu texniki xəta saysa da, zənnimizcə, məsələnin daha dərin kökləri ola bilər. Ən azı ona görə ki, bu cür “texniki xəta”lar ilk dəfə deyil, ortaya çıxır. Bundan əvvəl də müxtəlif vaxtlarda eyni səhvlər təkrarlanmış və ictimai təpkilər nəticəsində ortadan qaldırılmışdı. Mümkündür ki, övladlarımızın beynini zəhərləmək, onların təhtəlşüurunda erməni arqumentlərinə haqq qazandırmaq üçün qəsdən belə “xəta”lara yol verilir. Ermənilərin Naxçıvan iddialarını daha ciddi şəkildə ortaya qoyduğu bir zamanda bu cür kobud “xəta”lara yol verilməsi hər halda təsadüfə oxşamır.

Əldə etdiyimiz məlumata görə, Naxçıvanı “Armyanskoye naqorye” kimi təqdim edən dərslik 2015-ci ildə dərc olunub. Həmin vaxt isə Təhsil naziri Mikayıl Cabbarov idi. Özü də bu vəzifəyə 2 il əvvəl gətirilmişdi. O isə İçərişəhər qoruğundakı bütün işçiləri özüylə bərabər yeni vəzifəyə aparmışdı. Başqa sözlə desək, “Tarix” dərsliyində yol verilən təxribat xarakterli “xəta” tamamilə Mikayıl Cabbarovun və komandasının əl işidir.

Mikayıl Cabbarovun bu “əl işi” şüurlu şəkildə həyata keçirilən təxribat deyilsə belə, onun yanlış kadr siyasətindən qaynaqlanıb. Çünki onun komandasında məlhəm kimi gözə təpiləcək bir nəfər də olsun pedaqoq yox idi. Tamamilə başqa sahələrin adamlarının hazırladığı dərslik kitabı isə bundan daha fəqli ola bilməzdi.

O da mümkündür ki, həmin komanda məhz bu cür “xətaları” görə bilməməsi üçün qəsdən “5-ci kolon” tərəfindən qeyri-mütəxəssislər tərəfindən formalaşdırılmışdı və ya komandanın təcrübəsizliyindən istifadə olunmuşdu. Ümidvarıq ki, bu ehtimal müvafiq qurumlarımız tərəfindən araşdırılacaq və təxribatçılar (əgər varsa) öz layiqli cəzalarını alacaqlar.

Nə yazıq ki, Mikayıl Cabbarov tərəfindən əsası qoyulan “dəsmal elə, apar məni dalınca” məntiqli kadr siyasəti bu gün digər nazirlər tərəfində də davam etdirilir. Ən son eyni hadisəni yenə Təhsil Nazirliyindən XİN-ə transfer edilən Ceyhun Bayramovun timsalında gördük və görməkdəyik. O Ceyhun Bayramovun ki, işlədiyi iki il müddətində sələfinin bu səhvini görməmiş və problem indi bir tarixçi alimin bəyanıyla ortaya çıxmışdı.

Dilavət Əzimlinin böyük bir “xəta”nın paxırını açan statusunu təqdim edirik:

“Bu ölkənin dövlət başçısı öz çıxışlarında daima vurğulayır ki, ermənilərin bura gəlmə olduqları barədə faktları bütün dünyaya yaymalıyıq. Bu istiqamətdə Tarix İnstitutunun fəaliyyətini xüsusi qeyd edir. Amma baxın, başqa təşkilatların ekspertləri nələr edirlər? Bizə təqdim olunan bu dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun ekspertləri tərəfindən hazırlanıb. Onlara sual edirəm: Bu xəritəni yerləşdirəndə ona diqqət etdinizmi? Təqdim olunan xəritədə Naxçıvan Ermənistan ərazisi kimi verilib. Üstündə də Armyanskoye naqorye yazılıb. Hiss olunur ki, bu xəritəni Vilkipediyadan götürüblər. Xəritəyə diqqət yetirməyiblər. Bu boyda da səhv olarmı? Bu əməlli-başlı təxribatdır. Hələ bu dərs vəsaitini öz səhifələrində də yerləşdirblər. Ermənilərə yaxşı "hədiyyə" hazırlayıblar, əhsən!!! Bunun ən böyük səbəbi nazirliklərdə çalışanların ora uyğun yerində oturmamasıdır. Orada normal düşüncəli kimsə olsaydı, bu hal baş verməzdi. Bəlkə sabah Bakını da erməni ərazisi kimi verəcəklər, baxmayacaqsınız? Belə halların baş verməsində daha çox məsuliyyətsizlik özünü göstərir. Yardınızdadirsa, Azərbaycan Prezidenti Tovuzda muzeydə asılan xəritəyə etiraz etdi. Həmin xəritə də bu gündə idi. İndi biz bundan da sarı cənab Prezidentə müraciət edək? Bu nədir? Gah Azərbaycan tarixi, Türk xalqları tarixi, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı saatlarını azaldır, gah da bu cür dərs vəsaitləri çap edirlər. Bu nə Təhsil siyasətidir? Mən şəxsən yeni təyin olunan Təhsil nazirindən xahiş edirəm ki, bu dərs vəsaitinin məktəblərdən yığışdırılması barədə göstəriş versin. Biz bunu ondan gözləyirik...”

Təhsil sistemimizdə TƏHLÜKƏLİ TƏBLİĞAT
Təhsil sistemimizdə TƏHLÜKƏLİ TƏBLİĞAT
Təhsil sistemimizdə TƏHLÜKƏLİ TƏBLİĞAT
Təhsil sistemimizdə TƏHLÜKƏLİ TƏBLİĞAT

Geri qayıt