Əsas Səhifə > Hadisə, Manşet > "İcra nümayəndəsi həbs olunursa, icra başçısı niyə azadlıqda qalır?"
"İcra nümayəndəsi həbs olunursa, icra başçısı niyə azadlıqda qalır?"28-07-2020, 09:57 |
DİA.AZ: - Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə zərər vuran vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks və ardıcıl tədbirlər davam etdirilir. Təbii ki, dövlətimizin müvafiq qurumları tərəfindən görülən tədbirlər alqışlanmalıdır. Elə dünən Masallıdan gələn xəbərlər də bu qəbildən idi. Baş Prokurorluqdan DİA.AZ-a verilən məlumatda deyilirdi ki, belə tədbirlərdən biri kimi, Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyevin və Masallı rayon, Qarğalıq kənd bələdiyyəsinin sədr müavini Əziz Ağayevin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Həmin məlumatlar əsasında Baş İdarə tərəfindən müvafiq məhkəmə qərarı ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib, tikintiyə icazə verilməsi müqabilində vətəndaşdan pul tələb etmiş Subhan Zalıyevin tapşırığı əsasında Əziz Ağayev tələb edilən pulun bir hissəsini 01.07.2020-ci il tarixdə, qalan hissəsini isə 23.07.2020-ci il tarixdə nümayəndəliyin inzibati binasındakı xidməti otağında vətəndaşdan alarkən cinayət başında yaxalanıb. Bundan əlavə, 23.07.2020-ci il tarixdə Subhan Zalıyev digər vətəndaşdan Masallı rayonu, Qarğalıq kəndində müvəqqəti qeydiyyata alınması müqabilində tələb etdiyi rüşvəti nümayəndəliyin baş mühasibi Bəhruz Musayevin vasitəsilə Masallı şəhəri ərazisində alarkən Subhan Zalıyev və Bəhruz Musayev cinayət başında yaxalanıb. 25 iyul 2020-ci il tarixdə Subhan Zalıyev Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və 29, 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) maddələri, Əziz Ağayev isə həmin Məcəllənin 32.4, 312.2 və 29,178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib. DİA.AZ-a bununla bağlı Masallıdan daxil olan müraciət müəllifləri isə bütün bu baş verənlərlə bağlı icra başçısı Şahin Məmmədovun da cəzalandırılmasını tələb edirlər. Redaksiyamıza daxil olan müraciətdə bildirilir: "Şahin Məmmədovun elə bir fiqurdur ki, onun icazəsi olmadan quş quşluğu ilə uça bilməz. Yəqin ki bizim sözlərimizi Ağcabədi sakinləri də təsdiqləyər. Əvvəllər Ağcabədidə icra başçısı olan bu adam indi də Masallıda istədiyini edir və kimsə əksini sübut edə bilməz ki, Subhan Zalıyev Şahin Məmmədovun icazəsi və yaxud da xəbəri olmadan kimdənsə rüşvət tələb etsin, pulu mənimsəsin. Biz Masallı sakinləri olaraq rayonumuzda da digər bölgələrdə olduğu kimi xüsusi əməliyyatın keçirilməsini hüquq-mühafizə orqanlarından xahiş edirik. Zalıyevin həbsi təsdiq elədi ki, Masallının rəhbərliyi digər icra başçılarının başına gələnlərdən dərs çıxarmayıb. Həm də icra nümayəndəsi həbs olunursa, icra başçısı niyə azadlıqda gəzməlidir? Bu adam da cəzalandırılmalıdır. Çünki faktlar təsdiqləyir ki, ona nə "gözü çıxmış qardaşları"nın aqibəti dərs olmayıb, nə də Prezidentin hədələri kar eləmir..." İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |