Əsas Səhifə > Hadisə, Manşet > "Kimə şikayət etmisinizsə, probleminizi də onlar həll etsin..."
"Kimə şikayət etmisinizsə, probleminizi də onlar həll etsin..."22-07-2020, 09:49 |
“Pul ödəyib bələdiyyədən özümüzə torpaq almışıq. Əlimizdə sənəd-sübutumuz da var. Ancaq bələdiyyə deyir, “nə torpaq, nə sənəd?” Ərazini başqasına satıb. İçində də bizim daş, qum, sementimiz”. DİA.AZ-ın məlumatına görə, Qobustanın Xilmilli kəndinin sakini Leyla Osmanova belə deyir. 3 övladı olan xanım 1 il əvvəl Qobustan şəhər Bələdiyyəsindən torpaq aldığını söyləyir. Ancaq bu gün aldığı həmin torpaqda ev tikə bilmir. Səbəb də bələdiyyənin torpağı ikinci bir şəxsə satmasıdır: “Torpağımız Qobustanın Nərimankənd adlanan ərazisindədir. Biz o torpağı 3 il boğazımızdan kəsib, topladığımız pulla almışdıq. 3-4 ay içində də borc-xərclə, daş, qum, tikinti üçün materiallar alıb tökmüşdük həyətə. Bir gün getdik ki, həmin həyətdə başqası tikintiyə başlayıb. Soruşduq, dedilər, “bələdiyyədən sənədimiz var”. Eyni sənəddən bizdə də var. Bələdiyyəyə getdik, sədr Vasif Novruzov dedi ki, sizin sənəd qüvvədən düşüb. Amma pulumuzu da qaytarmadılar”. Leyla Osmanova deyir ki, bundan sonra Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna müraciət ediblər. Şikayətdən sonra Qobustan şəhər Bələdiyyəsinin sədri Vasif Novruzov daha da hiddətlənib və onları polislə hədələyib: “Dedi ki, kimə şikayət etmisiz, probleminizi də onlar həll etsin. Necə ki, gedib Prezidentə, Bakıya, mediaya şikayət etmisiz, köməyi də onlardan gözləyin. Qaynanam getdi yanına. Yalvardı-yaxardı, işə yaramadı. Yaşlı qadını polislə hədələyib geri göndərdilər. Yazıq bir müddət özünə gələ bilmədi”. Bundan sonra ailə Qobustan Rayon İcra Hakimiyyətinə gedib. İcra başçısı bələdiyyə sədrinə tapşırıb ki, onların torpağını geri versinlər. Ancaq bu tapşırığın da bir nəticəsi olmayıb. “Şikayət etməkdən yorulmuşuq. Problem həll edilmir. Keçən ilin avqustundan dövlət idarələrinin qapılarında sürünürük. 3 körpə uşağım var. Kənddə bir nəfərin evinin zirzəmisini kirayələmişik. Orada yaşayırıq. Mən övladlarımı nə qədər belə şəraitsiz yerdə saxlayacağımı bilmirəm. Artıq pulumuz da qalmayıb ki, nəsə yeni bir yer alaq. Düzünü deyim ki, heç inam da qalmayıb. Yenidən alacağımız yeri də 2 nəfərə satmayacaqları haradan bəllidir. Burada bu boyda qanunsuzluqlar olur, baxan yoxdur”. Leyla Osmanova deyir ki, son müraciətlərində bələdiyyədən onlara deyilib ki, əlinizdəki sənəd düzgün deyil. Qadın bildirir ki, bu sənəd onlara pulu ödəyəndən sonra verilib: “Belə çıxır ki, dövlət qurumu saxta sənəd verir? Başqa nə ad vermək mümkündür buna? Mən və ailəm illərdir zirzəmilərdə yaşayırıq. Torpağa verdiyimiz pul uşaqlarımın boğazından, geyimindən kəsib yığdıqlarım idi. İndi uşaqlar da böyüyür, bu gün-sabah məktəbə gedəcəklər. Daha pul toplamaq bizim üçün asan olmayacaq. Xahiş edirik, bizim torpağımızı qaytarsınlar. Evimizi tikək, yığışaq”. Geri qayıt |