Əsas Səhifə > Hadisə, Manşet > Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək?

Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək?


18-06-2020, 11:24
Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək?
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən yol verilən qanunsuzluqlar barədə Cinayət Məcəlləsinin (CM) 4 maddəsi əsasında başlanmış cinayət işi üzrə araşdırmaların mümkün nəticələri cəmiyyətdə indidən böyük maraq doğurur. İctimaiyyət, xüsusilə də media cameəsi KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və onunla əlbir olan fiqurlar üçün qanunun hansı aqibəti seçəcəyini indidən maraqla gözləyir.

Bu barədə Yenicag.az-a danışan vəkil Ceyhun Cəfərlinin sözlərinə görə, indiki mərhələdə KİVDF-nin keçmiş rəhbərliyinə yönəlik hər hansı qərarın qəbulu haqda danışmaq tezdir:

“Əgər cinayət işi açılıbsa, bundan sonra istintaq müəyyən araşdırmalara başlayır və işə aidiyyatı olan şəxslərin ifadələri alınır. Həmin ifadələr əsasında isə növbəti addımlar müəyyən edilir.

O baxımdan, indiki mərhələdə Fondun rəhbər şəxslərindən kiminsə barəsində həbs qətimkan tədbirinin seçilməsi, o cümlədən, əlavə kimlərin istintaqa cəlb olunacağı haqda danışmaq tezdir. Bütün bu məsələlərə istintaqın gedişində aydınlıq gələcək və zəruri qərarlar veriləcək”.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən hüquqşünas Ellada Bayramova isə bildirib ki, əgər başlanımş cinayət işi üzrə irəli sürülən ittihamlar yetərincə əsaslıdırsa, o zaman ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilə bilər:

“Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 4 maddə üzrə açılan cinayət işi hələlik istintaq səviyyəsindədir. KİVDF tərəfindən yol verilən qanunsuzluqların isbat olunması fonunda keçmiş icraçı direktoru, onun müavinləri, Müşahidə Şurasının üzvləri və digər şəxslər həbs oluna bilər.

Eyni zamanda, bu qanunsuz əməllərdə iştirakı olmuş hər bir şəxsə qarşı cinayət işi açılacaq. Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işinin açılması əlbəttə ki, əsassız deyil. Ona görə də, Fondun sabiq rəhbərliyindən tutmuş digər əməkdaşlarına qədər istənilən şəxsin həbs olunması ehtimalı yüksəkdir”.

Geri qayıt