Əsas Səhifə > Hadisə, Manşet > BÖHRAN: “Səba”nın külli miqdarda kredit borcları var...

BÖHRAN: “Səba”nın külli miqdarda kredit borcları var...


28-04-2020, 09:17
BÖHRAN: “Səba”nın külli miqdarda kredit borcları var...
“Səba” Şirkətlər Qrupu ciddi maliyyə çətinlikləri ilə üzləşib. Bu barədə etibarlı mənbələrdən redaksiyamıza verilən məlumata görə, qrupa daxil olan ayrı-ayrı müəssisələrin götürdükləri 10 milyonlarla manat kreditləri qaytara bilmir. Bundan əlavə, qrupun səhmdarlarından biri olan Azərbaycan İnvestisiya Şirkəti Açıq Səhmdar Cəmiyyətinin payının alınmasında da problemlər yaranıb.

Mənbənin bildirdiyinə görə, 2008-ci ildə Azərbaycan İnvestisiya Şirkəti qrupa sərmayə yatıraraq onun 25 faizlik səhmlərini əldə edərkən bağlanmış müqavilədə səhmlərin 2016-cı ildə geri alınması nəzərdə tutulmuşdu. Səhmlərin dəyəri olaraq 42 milyon manat müəyyənləşmişdi. 2016-cı ildə qrup səhmlərin geri alınmasına imkanı olmadığına görə prosesin 2019-cu ilədək uzadılmasını xahiş edib. Ötən il isə müddətin yenidən uzadılmasına nail olunub: “Şirkətin borcları xeyli çoxdur, ciddi maliyyə problemləri var. Təkcə broylerin 7 milyon manata yaxın borcu var. Bundan əlavə, “Xalqbank”a 4 milyon dollar bir, 6 milyon manat bir kredit borcu var. Şirkətlər qrupuna daxil olan “Qarabağ taxıl”ın 10 milyon manat kredit borcu var. Biləsuvar Aqro-nun da irihəcmli borcları var”.
Mənbənin dediyinə görə, “Səba” Şirkətlər Qrupu Sahibkarlığa Kömək Milli Fondunun daimi müştərilərindən biri olub. Hazırda da Fonda irihəcmli kredit borcları yığılıb.
Onu da qeyd edək ki, ötən ilin sonlarında “Səba”nın səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyinə dair mətbuatda elan yerləşdirilib. Elandan aydın olur ki, yığıncaqda müzakirə olunacaq məsələlərdən biri də bankdan kredit götürülməsi üçün müraciət edilməsi olacaqdı. Nə şirkətin İnternet saytında, nə də mətbuatda yığıncağın keçirilib-keçirilmədiyinə dair məlumata rast gəlinmir.
Qrupun 2018-ci ilə dair maliyyə hesabatından aydın olur ki, həmin il borcların qaytarılmasına 6 milyon 822 min manat sərf olunub. Ondan əvvəlki ildə isə bu məbləğ 14,1 milyon manat təşkil edib.
Onu da qeyd edək ki, “Səba”nın əsas səhmdarları Quliyev Hidayət Məhiyyəddin oğlu(37,3 faiz), “Azərbaycan İnvestisiya Şirkəti” ASC (25 faiz), “Bakı İnvestment Company” MMC-dir(37.3 faiz). Bu qrupun real sahiblərindən birinin Mərkəzi Bankın İdarə Heyətinin sədir Elman Rüstəmov olduğuna dair dəfələrlə mətbuatda məlumatlar yayılıb.
“Səba”dan AFN-ə məsələ ilə bağlı bildirildi ki, Şirkətlər Qrupunun ödənilməsi davam edən kredit borclarının olması doğrudur: “Lakin istehsal həcmimiz və məhsullarımıza tələbat, alıcılarımızdan daxil olan və daxil olmasını gözlədiyimiz vəsait bu borcları heç bir problem olmadan geri qaytarmağımıza imkan verir. Götürdüyümüz bütün kreditlər yatırım-investisiya xarakteri daşıyır. Biz kreditləri yeni sahələrə və genişlənməyə yönləndiririk. Misal üçün, ötən il “Qarabağ Taxıl”ın tərkibində dünyanın məşhur hibrid toxumçuluq müəssisəsi olan BC İnstitutla birlikdə ölkədə ilk hibrid toxumçuluq və orijinal soya toxumçuluğu sahəsinin qurulmasına başlamışıq. Bildiyiniz kimi, “Səba” Açıq Səhmdar Cəmiyyətdir və qanuna uyğun olaraq, bu ASC-nin səhmdarlarının hər bir görüşü barədə ən gec 1 həftə əvvəldən məlumat verilir, qəbul edilən qərarlar barədə mediaya informasiya yayılır.
AFN

Geri qayıt