Əsas Səhifə > Hadisə, Manşet > “Azəristiliktəchizat”DAN BÖYÜK TƏXRİBAT
“Azəristiliktəchizat”DAN BÖYÜK TƏXRİBAT3-12-2019, 10:56 |
İlin əvvəlindən prezident İlham Əliyevin təşəbbüsü ilə start götürən islahatlar prosesinin əslində yekun hədəfi insanların həyat şəraitinin yaxşılaşdırılması və sosial rifahının yüksəldilməsidir. Bu mənada, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin apardığı siyasətin mərkəzi xəttini təşkil edir və məhz bu məqsədlə mütəmadi olaraq Dövlət Proqramları qəbul olunaraq icra edilir. Prezident demək olar bütün görüşlərdə, qəbullarda vətəndaşların sosial rifahının yüksəldilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində lazımi tədbirləri görmələrini tələb və tövsiyyə edib. Ölkə rəhbəri bu presesdə ictimai nəzarətin vacibliyini dəfələrlə vurğulayıb və bir sıra xoşagəlməz halların aradan qaldırılmasında medianın rolundan bəhs edib. Regionlarda vəziyyət necədir, bölgələrdə insanların həyat şəraitinin yaxşılaşdırılması üçün təyin olunan məmurlar lazımi tədbirləri görürlərmi? 7NEWS.az redaksiyası olaraq bu məsələlərin araşdırılması üçün regionlara yollandıq və ilkin olaraq ölkənin 4-cü sənaye şəhəri olan Mingəçevirdən başlamaq qərarına gəldik. Mingəçevir şəhərində apardığımız araşdırmalar, keçirdiyimiz sorğular və ayrı-ayrı sakinlərin müraciətindən belə qənaətə gəldik ki, şəhərdə əhalini narahat edən əsas problem yaşayış binalarının istiliklə təchiz olunmamasıdır. Havaların soyuması bu problemin xüsusilə qabarıq özünü biruzə verməsi sakinlərin haqlı narazılığına səbəb olmuşdur. İcra Hakimiyyətinin başçısı əhaliylə keçirdiyi görüşlərdə sakinlərin hər dəfə istilik təchizatının təmin olunması ilə bağlı şikayətlərinə cavab olaraq bildirir ki, "Azəristiliktəchizat”ASC ilə danışıqlar aparılır və yaxın vaxtlarda bu istiqamətdə tədbirlət görüləcək. Lakin icra başçısının vədlərinə baxmayaraq problem həllini tapmır ki, tapmır. Amma və lakin... Şəhər İcra Hakimiyyətindən bizə bildirdilər ki, Mingəçevir şəhərində 453 yaşayış binası mövcuddur və bu binalardan cəmi 22-i istiliklə təmin olunub. Təxminən 60 min əhalinin yaşadığı 431 yaşayış binasına isə ümumiyyətlə istilik verilmir. Bu sadəcə nonsensdir, biabırçılıqdır, ölkə rəhbərinə qarşı təxribat və əhaliyə qarşı, yumşaq desək "soyqırımdır”. Cəmi 105 min əhalisi olan şəhərin 60 faiz əhalisi istilik üzünə həsrətdir. Maraqlıdır ki, Mingəçevir şəhərində məcburi kökçünlərin müvəqqəti məskunlaşması üçün inşa edilmiş 4517 nəfərin yaşadığı 21 çoxmərtəbəli yaşayış binaları tam olaraq istiliklə təchiz olunub. Elə bu səbəbdən, Mingəçevirin yerli sakinlərinin köçkün soydaşlarımızın həyat şəraitinə həsəd aparmalarına haqq qazandırmaya bilmirsən. Bu inanılmaz faktlar qarşısında istər-istəməz belə bir fikir ortaya çıxır: Görəsən, hər 5 ildən bir qəbul olunan Dövlət Proqramında bu məsələ niyə öz əksini tapmayıb? Sualımıza cavab tapmaq ümidiylə keçmiş beşilliklərin Dövlət Proqramlarını vərəqləyirik və məlum olur ki, 2009-2013-cü illər Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının 4.3.2.19-cu bəndində Mingəçevir şəhərinin istilik təchizatının təmin olunması bəndi yer alıb və işlərin icrası "Azəristiliktəchizat”ASC-yə həvalə olunub. 2013-2018-ci illərə aid olan anoloji proqramın 4.2.2.12-ci bəndində də Mingəçevirdə istilik təchizatı sahəsində müvafiq işlərin davam etdirilməsi yenə də "Azəristiliktəchizat”ASC qarşısında vəzifə kimi qoyulub. Hətta İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış hər iki dövlət Proqramının yekunlarına həsr olunmuş hesabatlarda digər rayon və şəhərlərlə yanaşı Mingəçevir şəhərində də "istilik təchizatının təmin olunması ilə bağlı xətlərin çəkilişi və bərpası, yeni qazanxanaların tikilməsi və modernləşdirilməsi, yaşayış binalarının məhəllədaxili və aşağı paylama istilik sistemlərinin əsaslı təmiri istiqamətində bir sıra işlər həyata keçirilmişdir” – deyə məlumat yer almaqdadır. Bundan belə bir nəticəyə gəlirik ki, "bir sıra işlər” dedikdə Mingəçevir şəhərində 5 il ərzində bir qazanxananın tikilərək istifadəyə verilməsi nəzərdə tutulur. Yəni keçən on il ərzində "Azəristiliktəchizat”ASC tərəfindən Mingəçevirdə cəmi 2 qazanxana tikilib ki, bu da ümumilikdə 22 binanın 5200 nəfər əhalisini istiliklə təmin edir. Belə çıxır ki, "Azəristiliktəchizat”ASC Dövlət Proqramın icrasına özünəməxsus şəkildə yanaşaraq hər Proqramın icrası dövründə bir qazanxana istifadəyə verib. Mingəçevirdə isidilməyən 431 binanın tam olaraq istiliklə təchizatı üçün 17 qazanxananın tikintisinin tələb olunduğunu nəzərə alsaq, "Azəristiliktəchizat” rəhbərliyinin bu minvalla 85 ilə Mingəçevirin istilik təchizatı problemini həll etməyi planlaşdırırdığını güman etmək olar. Yəqin, "Azəristiliktəchizat” rəhbərliyi ümid edirmiş ki, hər proqramda müvafiq bənd yer alacaq və onlar problemi bu beşillikdən o biri beşilliyə daşıya-daşıya güzəranlarına davam edəcəklər. ASC rəhbərliyinə bir xəbərimiz var: növbəti Dövlət Proqramında Mingəçevirdə istilik təhizatının təmin olunması nəzərdə tutulmayıb. Yəni, hesabla işlər çoxdan yekunlaşmalı, və dövlət vəsaitləri artıq yeni layihələrə sərf olunmalıdır. Hətta bir dəfə Baş nazirin birinci müavini Yaqub Eyyubov Mingəçevir ictimaiyyəti ilə görüşdə maraqlı hadisə yaşanmışdı. Belə ki, Y.Eyyubov ""Zal çox soyuqdur. Mən içəri girəndə çox üşüdüm. Siz qəhrəmansınız ki. bu gün belə bir soyuq yerdə soyuqdan qorxmayaraq mənimlə görüşə gəlmisiniz. Söz verirəm ki, zalın istilik sistemiylə bağlı tədbirlər görüləcək” deyə 3 il qabaq bildirmişdi. Görünən odur ki, Mingəçevir şəhərinə yeni təyin olunan icra başçısı bu problem, suallar qarşısında, sadəcə olaraq aciz qalıb. İnsanların tələbi haqlıdır. Ölkənin az qala bütün tərəflərini enerji ilə təmin edən Mingəçevirdə insanlar illərdir qışı əzab-əziyyətlə başa vururlar, az qala bina evlərini odunla isidirlər. Məsələ ilə bağlı 7NEWS.az redaksiyası olaraq Nazirlər Kabinetinə və aidiyyatı quruma artıq sorğu göndərmişik. Məsələyə həssas yanaşdığına görə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədliyə təşəkkür edir, veriləcək açıqlamanı tezlikdə oxucularımıza təqdim edəcəyik. 7NEWS.az Geri qayıt |