Əsas Səhifə > Hadisə, Manşet > Söyüş müxalifətinin gerçək üzü...
Söyüş müxalifətinin gerçək üzü...31-08-2019, 11:44 |
DİA.AZ: - Əslində bu gün Azərbaycanın üzləşdiyi problemlərin məhz hələ də həllini tapmayan, daha dəqiqi, azad edə bilmədiyimiz işğal olunmuş torpaqlarımızla bağlı məsələnin çözülməməsindən qaynaqlandığını söyləsək, yanılmarıq. Bu faktdır. Fakt olanı odur ki, Qarabağ savaşında yenik durumumuz uzandıqca, özünütəsdiq savaşımız yubandıqca daxildəki ən xırda problemlər istənilən an böyük sarsıntı yarada biləcək həddə qədər şişə, şişirdilə bilər. Təbii ki, burada Azərbaycanı sevməyən və yaxud da Azərbaycanda hansısa marağını yürütməyə çalışan kənar güclərin iştirakı daha çox nəzərə çarpandır. Düşmənlərimiz bəllidir. Onlar üçün "Azərbaycan" adının özü belə artıqlıq olduğundan istənilən daxili əyər-əysiyimiz fonunda həmin qüvvələrin nələrə əl atacaqlarını təxmin etmək çətin deyil. Bu gün bizə düşmən kimi görünməyən, amma Azərbaycanda maraqları naminə istənilən an hətta dövlət maraqlarımıza belə təhdid törədə biləcək kənar güclərin də eyni qaydada eyni üsulla problem yaratma ehtimalları mövcuddur. Bütün bunların isə məhz Qarabağ savaşındakı yenilməyimizin yaratdığı aqressiv atmosferə xarakterik olduğu faktdır və bizlər artıq illərdir ki, iç siyasi münasibətlərimizdə həmin gərginliyi yaşamaqda, yaşatmaqdayıq. *** Bu gün hakimiyyətə münasibətdə müxalifət adına olan qüvvələrin sərgilədiyi aqressiyanın kökü məhz qeyd etdiyimiz şərtlə birbaşa əlaqəlidir. Yəni ONLAR YÖNLƏNDİRİLİRLƏR və onların memarı olduqları bu mənzərə Azərbaycana hansısa formada faydalı deyil, ola da bilməz. Bunu bü gün xaricdə oturub "mühacir müxalifəti" qiyafəsində fəaliyyət sürdürürmüş kimi davranan, əslində isə dövlətinə qarşı getdiyi heç şübhə doğurmayan TOPLANMIŞLAR bəlkə də tam mahiyyəti ilə dərk etmirlər. Yəni kimsə iddia edə bilməz ki, onların tamamən hər biri cəlb olunduqları, iştirakçısına çevrildikləri prosesin mahiyyətini anlayır. Elə buna görədir ki, onlar inadkar kimi görünməklə yanaşı elə bizim bu yazdıqlarımızı da qəti şəkildə rədd etməkdədirlər və edəcəklər də. Çünki onlar bu prosesdə idarəolunanlardır. Onlar hansısa səbəbdən aludəçisi olduqları müxalifliklərinin gərgin nöqtəsində artan aqressiyalarını məhz həmin qüvvələrin yönəticiliyi ilə DÖVLƏTƏ XƏYANƏT məqamına qədər inkişaf etdirdiklərinin fərqini anlamasalar da, bunu bu gün etiraf etmələri üçün gec sayılmamalıdır. Yəni bu gün xaricdə oturub AZƏRBAYCAN adını hədəfə alanlar anlamalıdır ki, bu gün onların fəaliyyətinin birbaşa hədəfi məhz ANA YURDUN ÜRƏYİDİR! *** Nə baş verir? İlk başdan bunu izah etməliyik. Kimsə, hətta bu gün özünü "söyüş müxalifətinin" ruporu kimi görən ən başda gedənləri belə iddia edə bilməz ki, hazırki ritorikaları ilə nəyəsə nail ola bilərlər. Bunun sonunda yalnız Azərbaycan dövləti adına öz baltalarımız tərəfindən vurulmuş zədələr ola bilər. Doğrudur, bu zədələr heç bir halda dövlətimizi sarsıldacaq əhəmiyyət daşımayacaq. Amma nədən olmalıdır ki? Bu gün kiminsə hansısa məmurdan, onun siyasətindən, fəaliyyətindən xoşu gəlmirsə, bunun qarşılığında hətta düşmənçiliyi bəlli olan Ermənistana və hansısa digər separatçı-terrorçu çetelərə ortaqlıq edərək Azərbaycanın üzərinə gəlmək heç bir halda Azərbaycanda YAXŞI QARŞILANMAYACAQ, QARŞILANMIR DA! Bunu qəti bilin, buna tam əmin olun! Əmin olun ki, sizlərin - özünü "mühacir müxalifəti" elan edib, əslində cılız maraqlara söykənərək düşmən əlindəki ən ucuz alətlər kimi istifadə olunmaları ilə artıq onlar şəxsiyyətsizliklərini ortaya qoymuş olurlar və milli kimliklərindən birdəfəlik olaraq imtina edirlər. *** Azərbaycan bir türk yurdudur və belə də qalacaq. Bunun belə qalmasını arzulamayanlar DÜŞMƏNLƏRİMİZDİR!. Və bu gün həmin düşmənlərimizin qucağından boylanaraq Azərbaycan dövlətini hədəfləmişlərin özlərini MİLLİ MÜCAHİDLƏR kimi təqdim etmələri maskirovkadır. Bu maskalanmanın erməni səngərində kamuflyaj olaraq əsgərlərimizi hədəfə alan düşmən snayperlərindən heç bir fərqləri yoxdur. Bu gün xaricdə oturub Azərbaycanı söyənlər anlamalıdırlar ki, əməllərini ehtiva edən bu təhlükəli "DÜŞMƏN" adının qorxulu vahimsəni gerçəkliyi ilə yaşaya bilməsələr, fərqinə varmasalar, sonradan çox gec ola bilər. Onlar bir burulğandadırlar və bu burulğana özləri ilə bərabər canımız Azərbaycanı da daşımaq istəyirlər... Təbii ki, alınmayacaq. Səbəbi?.. Anlamayan varsa, səbəbi barədə növbəti yazımda... P.S. İnqilab məsələsinə gəlincə isə... Bəli, Azərbaycanda inqilaba ehtiyac var. Amma bu inqilab ilk növbədə şüurlarda baş verməlidir ki, bu vaxta qədər itirdiklərimizin fərqinə varıb daha böyük amallarımıza doğru yürüyə bilək. Məhəmməd ƏRSOY DİA.AZ-ın baş redaktoru Geri qayıt |