Əsas Səhifə > Hadisə, Manşet > Hansı nazirlər yol üstündədir?
Hansı nazirlər yol üstündədir?25-06-2019, 10:32 |
Prezident İlham Əliyevin son kadr təyinatlarında personalar peşəkarlıq, təcrübə və sədaqətlilik baxımından uğurlu seçim idi. Keçmiş nazir Namiq Abbasov, sabiq MTN-çi İlham İsmayılov kimi professionallar Əli Nağıyevin DTX rəhbərliyinə gətirilməsini doğru qərar kimi qiymətləndirdilər. Vilayət Eyvazovun DİN-nin 1-ci şəxsi təyin olunması da yerindəydi. Onun təcrübəsi, sistemin içində I müavin postunda qazandığı səriştə nazir olmasını şərtləndirirdi. Eks baş nazir Artur Rasi-zadə də təyinatları yüksək dəyərləndirib. Lakin güc strukturlarında aparılan kadr dəyişiklikləri, rotasiya qaydasında həyata keçirilən təyinatlarla paralel humanitar blokda da yeniləmələrə zərurət var. Ölkədə gedən sosialyönümlü islahatların tempi ilə ayaqlaşan, sosial sferadakı ədalətsizliklərə son qoya bilən kadrlar təyin olunmalıdır. Reportyor.info-nun xəbərinə görə, 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərindən sonra dəyişən Nazirlər Kabinetinin yeni üzvləri hökuməti doğrultmadı. Ceyhun Bayramovun təhsil, Sahil Babayevin sosial təminat, Mikayıl Cabbarovun vergi, Səfər Mehdiyevin gömrük sektorunda inqilabi irəliləyişlər əldə etdiyi görünmür. İnam Kərimov da ümidləri tam doğrulda bilməyib, aqrar sektorda problemlər mürəkkəbdir, mövsümi meyvələr fantastik bahadır. Rövşən Rzayevin məcburi köçkünlərin problemləri, komitədə keçmiş sədr dövründə olan əyər-əskikliklərin aradan qaldırılması bağlı hansısa ciddi fəaliyyəti müşahidə olunmur. Habelə, Qoşqar Təhməzlinin qida sektorunda nələrə nail olduğunu görmək mümkün deyil. Turizm sektorunda fərqlənə bilməyən Fuad Nağıyev, diaspor komitəsində Fuad Muradov ötən dövrdə özlərini təsdiqləyə bilməyiblər. Xüsusilə təhsil, səhiyyə, sosial təminat sahələrində nazir dəyişikliləri labüddür. Eynilə Mikayıl Cabbarov da vergi sistemi üçün peşəkar sayılmır. Azərbaycan hakimiyyəti yanvardan sonra dəyişən üzünü çoxlarının bəyəndiyini gördü. Müxalifətdən, müstəqil mediadan, Qərb təşkilatlarından pozitiv mesajlar gəlməkdəydi. Amma yetərli olmayan islahatların ruhuna adekvat fəaliyyət göstərməyən yuxarıda adı çəkilən məmurlardır. Onlar aprel seçkisindən sonra etimad göstərilmişdi. İslahatçı nazirlər kimi təqdim olunurdular. Amma bir il kifayət elədi ki, özlərini doğrultmayan yeni təyinatlarla vidalaşmaq labüddür. C.Bayramovla təhsilin uçuruma, S.Babayevlə sosial sahələrin dibə yuvarlanması qaçılmazdır. Əslində, prezident də M.Cabbarova, R.Rzayevə, Q.Təhməzliyə və digərlərinə möhlət verib, sınaq müddətindədirlər. İndi kapital toplamış, oliqarxlaşmış, kök atmış nazirlər olmayacaq, prezident kadr islahatlarını öz iradəsi ilə həyata keçirir. Analitiklərin fikrincə, yumşalma taktikası neytral seçicinin rəğbətini qazandı. Sosial – iqtisadi kursda yeni yanaşma gələcəyə bir ümid doğurdu. Məhkəmə, gömrük, səhiyyədə ciddi dəyişikliklər ola bilər. Kataklizmlərin əleyhinə olan, islahatlar yolu ilə dəyişiklik istəyən mötədillər üçün belə yanaşma təqdirəlayiqdir. 2003-cü ildən aparılan siyasi kurs 2019-cu ildə dalana dirəndi. Anlaşıldı ki, artıq belə idarəetmə ilə post-neft dövründə duruş gətirmək mümkün olmayacaq. Əslində, ölkə rəhbərinin narazılığına səbəb olan amil onun ətrafının yaradıcılıq qabiliyyətindən məhrum olması idi. Dünyada cərəyan edən proseslər balans diplomatiyasının zərərini üzə çıxardı. Neft-qaz siyasəti sona çatırdı. Qərblə əməkdaşlıq, demokratik açılım zəruri idi. Köhnə təfəkkür və kadrlarla bu müstəvidə uğur əldə etmək də mümkün deyildi. Ölkənin birinci şəxsi oyuna təkbaşına başladı, komandasını kənara itələyərək, xalqla birbaşa təmasa getdi. Son addımları ilə siyasət üçün mühüm olan “xalqdan biri” imicini formalaşdırmağa cəhd elədi. Prezident gərginliyi azaltmaq, xarici təhdidləri dəf etmək üçün siyasi məhbusları azad etmək qərarına gəldi. Bu xronoloji ardıcıllığa baxmayaraq, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bank sədri Elman Rüstəmov kimi iqtisadi blokda olan məmurların da oturduğu kreslo özlərinə xidmət edir, kabinet adamlarına çevrilib. Ölkənin iqtisadi həyatına təkan verməli olan hər üç nazirin əməlləri son bir ildə heç nə ilə yadda qalmayıb. Bu durğunluqdan, seytnotdan çıxmaq vaxtıdır. Əgər əhalinin böyük bir qismi hakimiyyətdə olan liderləri sevmirsə, bu, dəyişiklik qaçılmazdır mənasına gəlmir. Sadəcə, dəyişiklik üçün potensial var deməkdir. Hakimiyyətin mühafizəkar qanadı tarana sürüklədiyi siyasətlə birinci növbədə prezident İlham Əliyevi mürəkkəb prosesin məngənəsinə gətirib çıxarmışdı: lazımsız adamların həbs olunması, heç bir siyasi çəkisi və dəyişikliyə təsir gücü olmayan fəalların tutulmasına görə beynəlxalq tənqidlər, Azərbaycanın adının ildə iki dəfə siyasi məhbus hesabatlarında Çad, Nigeriya, Çin və s. respublikalarla yanaşə çəkilməsi heç də içəridəki qrupların adına söz gətirmirdi, birbaşa prezidenti hədəfə çıxarırdı. Eynilə sosial-iqtisadi sferada kəsici-deşici, əzici-boğucu siyasəti özünü mənfi tərəfdən göstərirdi. Ona görə yanvardan başlamış sosialyönümlü dəyişiklikləri, siyasi islahatları, xalqla təmasları tormozlamaq mümkün olmayacaq. Bundan başqa, Azərbaycanda “fevral inqilabı” adlanan son sosialyönümlü islahatları nəzərə alaraq diqqət çəkir ki, sıravi deputatın aldığı məvacib belə artımla birlikdə dövlət qulluqçularının maaşından qat-qat yüksəkdir. Hazırda hansı həkim, müəllim, hansı sıravi bank əməkdaşı, polis işçisi, hansı hərbçi, hansı və hansı neftçi, mühəndis ayda sıravi deputatın 2 min 598 manatını alır? Hakimiyyət bu parlamentlə tezliklə vidalaşmaq istəyində görünür. Növbədənkənar parlament seçkilərinin gündəmə gəlməsi də məhz bu niyyətdən doğur. Payızda yeni seçkilər olacağı istisna deyil. İqtidar daha ciddi, xalqla hökumət arasında qarşıdurma yaradacaq açıqlamalar verməyən Milli Məclis formalaşdırmaq istəyir. Bunun üçün 2019-cu ildə erkən seçkilər olacağı haqda proqnozlar səslənməkdədir. Geri qayıt |