Əsas Səhifə > Hadisə, Manşet > Lerikdə Prezidentin sərəncamı üzərində "ştat" oyunu...
Lerikdə Prezidentin sərəncamı üzərində "ştat" oyunu...27-05-2019, 09:05 |
2016-cı ildə Azərbaycanda baş verən devalvasiyadan sonra aztəminatlı ailələrin sosial vəziyyətlərinin yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması məqsədi ilə dövlət başçısı müvafiq sərəncamlar imzaladı. Bu sərəncamlara əsasən rayonlarda Kommunal Təsərrüfat, Yaşıllaşdırma, Elektrik və digər İdarələrin bazasında yeni iş yerləri açıldı. Ancaq təəssüflər olsun ki, altında cənab Prezidentin imzası olan, işsiz, kasıb, sosial vəziyyətləri acınacaqlı olan ailələrin maddi vəziyyətlərinin yaxşılaşdırılmasına hesablanmış bu layihə bəzi rayonlarda rəhbər şəxslərin əlavə qazanc mənbələrinə çevrilib. Qlobal.az-ın əldə etdiyi məlumata görə, məlum sərəncamdan "yararlanan"lardan biri də Lerik rayon İcra Hakimiyyətidir. Belə ki, əldə etdiyimiz məlumata görə Lerik rayonunda bu ştatların sayı 300-ə çatmışdır. Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun göstərişi ilə onun birinci müavini Cəlil Baxşiyev əlaqədar təşkilatların səlahiyyətlərinə qarışaraq bu işlə şəxsən özü məşğul olur. İddialara görə, işə götürüləcək insanlardan 1000-1500 manat civarında pul alınır. Bundan əlavə əksər şəxslərin isə sadəcə adlarının rəsmiləşdirildiyi, maaş kartlarının isə rəhbər vəzifədə çalışan şəxslərdə olduğu deyilir. Qeyd edək ki, bir neçə rayonda bu məsələ ilə əlaqədar aidiyyatı qurumlar tərəfindən yoxlamalar aparılmış və belə hallara yol verənlər barəsində ciddi tədbirlər görülmüşdür. Bu yaxınlarda ölkə mediasında gedən xəbərlərdə Şəmkir rayonunda həbs olunanların olduğu yazılırdı. Qlobal.az-a verilən məlumata görə bu cür yoxlamaları hər an gözləyən Lerik rayon İcra Hakimiyyəti öz aralarında saxta yoxlama komissiyası yaradaraq işə qəbul etdikləri adamları çağırıb onlardan izahatlar alıb ki, guya onlar gündəlik işə gedir, maaş kartlar onların özlərindədir və əmək haqqını da özləri alırlar. Məlumatda deyilir ki, bu şəxslərin əksəriyyəti nə qədər maaş aldığını, hansı bankomatdan pul çıxartdıqlarını da bilmirlər. Əgər yuxarı qurumlar Lerik rayonundakı müəssisələrdə qəfil yoxlamalar aparsa, onda hər şey aydın olar. Aydınlaşar ki, gündəlik neçə nəfər işə gəlir. Gəlməyən insanlar niyə gəlmir, onların pullarını kim, nə vaxt, harda bankomat aparatlarından götürüb? İşsizliyin aradan qaldırılması, layihə əsasında işə yeni cəlb olunma prosesində şəffaflığın təmin olunması Lerik rayon Məşğulluq Mərkəzinin səlahiyyətində olsa da, Mərkəzin direktoru Zəfər İsmayılov rayon İcra Hakimiyyətinin birinci müavini C. Baxşıyevin tapşırıqlarını yerinə yetirir. Yazıdakı iddialarla bağlı sözügedən şəxs və qurumların da mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |