Əsas Səhifə > Hadisə, Manşet > Sumqayıt məhkəməsi çalxalanır...
Sumqayıt məhkəməsi çalxalanır...18-04-2019, 11:25 |
Dünən Prezident İlham Əliyevin sərəncamı ilə qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Qeyd edək ki, 60 yaşlı İlyas Mahmudov 1993-2008-ci illərdə Ali Məhkəmədə müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ildən Sumqayıt Şəhər Məhkəməsinin hakimi idi. Son vaxtlar Sumqayıt Şəhər Məhkəməsindən narazılıqlar artmaqdadır. Belə ki, məhkəmənin sədri Zeyqəm Hüseynov və hakim İlyas Mahmudov ədalətsiz qərarları ilə diqqət mərkəzinə düşüblər. Xatırladaq ki, Zeyqəm Hüseynovun 70-dən artıq yaşı olsa da, onu məhkəmə sədri kimi fəaliyyətinə şərait yaradılır. Ən çox şikayətçisi olan bu hakimin proseslərdə iştirak etmədiyi və onun adından qərarları İlyas Mahmudovun verdiyi hamıya bəllidir. Lakin bu kimi təkzibedilməz faktların olmasına baxmayaraq Zeyqəm Hüseynova qarşı qanuni tədbirlər görülmür. Sumqayıt Şəhər Məhkəməsində gedən proseslərdə vətəndaşlar haqsızlığa dözə bilməyib dəfələrlə özlərinə xəsarət yetiriblər. Lakin Zeyqəm Hüseynovun özbaşınalığına və qanunlara saymazyana münasibətinə qarşı addım atılmayıb. Sumqayıt Şəhər Məhkəməsinin sədri rüşvətxorluğu ilə də diqqət mərkəzinə düşüb. Bütün qanunsuz tələblərini hakim İlyas Mahmudov vasitəsilə tələb edən bu adamın işə gedib-gəlməsi qəribə mənzərə yaradıb. Məhkəmə binasının ikinci mərtəbəsində olan otağına iki nəfərin yardımı ilə qalxan sədri, iş saatı bitəndən sonra iki nəfər maşına otuzdurub yola salır. Məhkəmə sədrinin Xızıda və digər rayonlarda fermaları və böyük biznesi var. Bununla yanaşı qoca sədrin villaları da hamıya məlumdur. İlyas Mahmudovun məhkəmə binasında açıq bazar açdığı və insanlarla qeyri etik rəftarı narahatçılıq yaratmaya bilməzdi. Bunun da nəticəsini cənab prezidentin sərəncamıyla gördük. Ümidvarıq ki, Zeyqəm Hüseynovun da aqibəti İlyas Mahmudovdan fərqlənməyəcək. Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq. \\bizimdovr.az\\ Geri qayıt |