Əsas Səhifə > Hadisə, Manşet > “Elmar Vəliyev mənim qanuni mağazamı yerlə yeksan etdirdi, başladı orada özünə obyekt tikdirməyə, sonra isə...”

“Elmar Vəliyev mənim qanuni mağazamı yerlə yeksan etdirdi, başladı orada özünə obyekt tikdirməyə, sonra isə...”


10-04-2019, 11:07
“Elmar Vəliyev mənim qanuni mağazamı yerlə yeksan etdirdi, başladı orada özünə obyekt tikdirməyə, sonra isə...”
“Elmar Vəliyev 2011-ci ildə məni icra hakimiyyətinə çağırtdırdı. Dedi ki, get mağazanı sök, yerində bizim verdiyimiz planla tik. Sənin mağazan köhnədir, yenisi tikilməlidir. Bütün tikinti materiallarını - daşından tutmuş şiferinə, sementinə, taxtasına, mıxına qədər hər nə lazım idisə, mənə başçının yaxın ətrafında Nizami adlı biznesmenin mağazasından aldırdılar. Hər dəfə də gəlib deyirdilər burasını belə tik, orasını elə düzəltdir. Birtəhər xərclə-borcla tikib qurtardım. Sonra da gəldilər ki, obyekti bizə ver. Vermədim, söküb yerlə bir etdilər”.

Bunu Gəncə şəhər, Hacıkənd qəsəbəsi sakini Fərid Səlahəddin oğlu Zeynalov “Yeni Müsavat”a açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin mağazada sovet dövründən atası işləyib, sonradan isə mağazada işləməyə özü başlayıb: “2018-ci il mayın əvvəlində dedilər ki, Elmar Vəliyev Hacıkəndə gəlir. Gəldi, ətrafında mühafizəsi, xeyli adam vardı. Mağazanın qarşısında, yolun o biri tərəfində dayandı. Ətrafında olanlardan biri mənə yaxınlaşdı. Elmar Vəliyevin ətrafında həmişə çoxlu adam olurdu. Bilinmirdi ki, onlar kimlərdir. Hamı özünü səlahiyyətli şəxs kimi aparır, hamı da əmr verirdi. Mənə yaxınlaşan dedi ki, Elmar müəllim deyir ki, gətirib obyektin sənədlərini təhvil versin. Soruşdum ki, niyə təhvil verməliyəm. Həmin adam da dedi ki, gətir ver, Elmar müəllim sənədləri istəyir, sənə başqa yerdən torpaq verəcəklər, bura Elmar müəllimin xoşuna gəlib. Sənədləri vermədim. Həmin xırda ticarət obyektini min bir əziyyətlə tikmişdim. Tikilinin və altında olan torpaq sahəsinin çıxarışı (kupçası) da mənim adımadır. Dövlət mənim mülkiyyət hüququmu tanıyıb. Dedilər ki, verməsən, pis olacaq. Mənə dirəşmişdilər ki, təcili notariusa gedək, sənədləri adımıza rəsmiləşdir, sonra baxarıq, sənə 5 sot torpaq və ya pul verərik. Razılaşmadım, dedim ki, obyektimi istəyirsinizsə, pulunu verin. Gördülər ki, vermirəm, çıxıb getdilər”.

Fərid Zeynalov deyir ki, həmin günlərdə toyu olub və toydan sonra Türkiyəyə gedib: “Türkiyədə telefonu açanda baxdım ki, xeyli mesaj yazıblar, obyektimin sökülmüş fotoları göndərilib. Öyrəndim ki, dövlət tərəfindən mülkiyyət hüququm tanınsa da, Elmar Vəliyev özünü dövlətdən üstün tutaraq əmlakımı yerlə yeksan etdirib. Adını da qoyub ki, guya Hacıkənd qəsəbəsində abadlıq işləri aparılır, həmin işlərlə əlaqədar mənim obyektim yerlə yeksan edilir. Özəl mülkiyyətimin darmadağın edilməsi mənə çox pis təsir etmişdi, sözümü deməyə ünvan da tapmırdım. Şokda idim. Məni yetimliklə böyüdən anam xəbəri eşidib insult keçirdi. Bu gün də anamı müalicə etdirirəm, xəstəxana qapılarındayam. Türkiyədən qayıdıb gəldim, kompensasiya istədim. Özünə də demişdim ki, əgər obyektim abadlıq işləri ilə bağlı sökülürsə, həm torpaq sahəsi, həm də tikili mənim özəl mülkiyyətimdədir. Heç olmasa mənə kompensasiya verin, sonra nə edirsiz edin. Bundan sonra o da yanındakı adamlara kinayəli şəkildə dedi ki, razı salarsız. Obyektimin sənədlərini və etibarnamə istəsələr də, vermədim”.

Şikayətçi deyir ki, obyekti söküləndən az sonra ərazidə tikinti işləri başlayıb. Maraqlananda məlum olub ki, Elmar Vəliyev orada özünə obyekt tikdirir: “Mülkiyyət hüququmu təsdiq edən sənədlərin surətini çıxarıb Elmar Vəliyevin özü də daxil olmaqla, bütün dövlət qurumlarına yolladım. Xeyri olmadı. Mənim obyektim 100 kvadrat metr idi. Orada 200 kvadrat metrlik tikintiyə başladılar. Məni əraziyə yaxın belə buraxmırdılar. Polis çağırıb öz mülkiyyətimə baxmağa belə qoymurdular. Dövlət qurumlarına ardıcıl şikayət etməyə də çəkinirdim, Elmar Vəliyevin məni şərlətdirə biləcəyindən ehtiyat edirdim. Mənim torpağımda, mağazamın yerində Elmar Vəliyevin tikdirdiyi obyektin tikintisi onunla bağlı hadisələr olandan sonra yarımçıq qaldı. Bu gün tikintinin sökülməsi və mənim obyektimin tikilərək istifadəmə verilməsi üçün dövlət qurumlarına müraciətlər edirəm. Müraciətlərim Gəncə Şəhər İcra Hakimiyyətinə göndərilib. Hüquqlarımın bərpası üçün göstəriş verilib. Bu ilin fevralında icra başçısı Niyazi Bayramov məni qəbul edib. Tapşırıq verdi ki, araşdırma aparılsın. Lakin hələ də heç bir cavab yoxdur. Ümidlərim yeni icra başçısınadır”.

Fərid Zeynalov ölkə rəhbərliyindən də kömək istəyir: “Məni böyük borca salıblar. Vəziyyətim ağırdır. Yeganə qazanc yerimdən məhrum edilmişəm. Orada işləyib özümü dolandırırdım, dövlətə vergi ödəyirdim. Bu gün isə işsizəm, maddi durumum bərbaddır. Xahişim odur ki, obyektimi qaytarsınlar, mənə vurulan ziyan ödənilsin. Kiçik sahibkar, vətəndaş kimi Azərbaycan dövləti mənə sahib çıxsın”.

Geri qayıt