Əsas Səhifə > Hadisə, Manşet > “Azəriqaz” əlavə borc yazır...

“Azəriqaz” əlavə borc yazır...


4-03-2019, 10:11
“Azəriqaz” əlavə borc yazır...
“Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətindən narazılar artır. Ayrı-ayrı vətəndaşlar, idarə və müəssisələrlə yanaşı ölkə dindarları da “Azəriqaz”ın mavi yanacağa görə əsassız borc yazdığını iddia edirlər.

Bir qrup dindarın Reyting.az-a verdiyi məlumatda bildirilir ki, “Azəriqaz” Bakıdakı müxtəlif məscidlərdən işlətdikləri mavi yanacağın dəyərindən artıq pul tələb edir. Bu isə ölkə dindarları tərəfindən etirazla qarşılanır. Hətta bir neçə məscidin axundu “Azəriqaz”a qarşı mülki qaydada iddia qaldıraraq, dəyərindən artıq borc tələbinin ləğvinə də nail olublar. “Azəriqaz”ın məscidlərdən birindən mavi yanacağa görə tələb etdiyi 51 min manat borcun isə bu yaxınlarda keçirilən məhkəmə araşdırması zamanı əsassız olduğu üzə çıxıb. İstehsalat Birliyinə qarşı daha bir neçə iddia ərizəsinin yazıldığı və yaxın günlərdə aidiyyəti üzrə məhkəmələrə müraciət ediləcəyi bildirilir.

Qeyd edək ki, “Azəriqaz”ın yaratdığı problem Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Səbail rayonunda yerləşən Bibiheybət məscid-ziyarətgah kompleksində təşkil etdiyi din xadimlərinin yığıncağında da qaldırılıb. QMİ-nin səlahiyyətli nümayəndəsi Faiq Əhmədov deyib ki, Qaradağ rayonundakı məscidlərdən 7-si artıq dövlət qeydiyyatına alınıb, onların fəaliyyəti üçün həm dini mərkəz, həm də yerli icra hakimiyyəti tərəfindən lazımi şərait yaradılıb.

Problemlərə də toxunan səlahiyyətli nümayəndə bildirib ki, istifadə olunan mavi yanacaq üçün “Azəriqaz” əlavə borc yazır, bu da məscidlərin işinə xeyli problem yaradır və haqlı narazılığa səbəb olur. F. Əhmədovun sözlərinə görə, bu barədə artıq məhkəmə orqanlarına və “Azəriqaz” İstehsal Birliyinə müraciət olunub.

Onu da qeyd edək ki, artıq bir qrup dindar “Azəriqaz”ın əsassız tələbinə son qoyulması üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət hazırlayıb və onu ölkə baçısına göndərmək üçün QMİ rəhbəri Hacı Allahşükür Paşazadədən icazə almaq istəyirlər.

Məsələ ilə bağlı “Azəriqaz”dan mövqe öyrənmək mümkün olmayıb. dia-az.life İstehsalat Birliyinin də məsələyə münasibətinə yer ayırmağa hazırdır.

Geri qayıt