Əsas Səhifə > Hadisə, Manşet > Protez-Ortopedik Bərpa Mərkəzin şünhəli “Lotus Co” seçimi...

Protez-Ortopedik Bərpa Mərkəzin şünhəli “Lotus Co” seçimi...


1-03-2019, 10:12
Protez-Ortopedik Bərpa Mərkəzin şünhəli “Lotus Co” seçimi...
Ötən həftə “Neuron Technologies” şirkətinin təsisçisi və rəhbəri İsmayıl Ələkbərov Azərbaycanın dövlət qurumlarını tenderləri qeyri-obyektiv keçirməkdə, bu sahədə ciddi qanunsuzluqlara yol verməkdə ittiham edib.

Bu barədə “Facebook”da məlumat yayan İ.Ələkbərov dövlət qurumlarındakı tender komissiyaları vasitəsilə dövlət büdcəsinin talandığını bildirib.
“Nə qədər çətin olsa da, cəsarətimi toplayıb, Azərbaycan sahibkarları adından həyəcan təbili vururam!. SOS! SOS! SOS!

Son dövrdə onlarla dövlət qurumunun keçirdiyi çoxsaylı tenderlərdə ciddi qanun pozuntuları ilə qarşılaşırıq. Dövlətimizin büdcəsi müxtəlif qurumların tender komissiyaları tərəfindən açıq-aydın talanır. Biz bu prosesə göz yuma bilmirik. Ölkəmizin hüquq-mühafizə orqanlarına, aidiyyatı qurumlara şikayət müraciərlərimizin ardı-arası kəsilmir. Ölkə başçımız cənab İlham Əliyevin sahibkarlarla ötən görüşlərində tenderlərlə və ictimai qınaqla bağlı səsləndirdiyi fikirləri və konkret olaraq, biz sahibkarlara verdiyi tapşırıqları rəhbər tutaraq, üzümü Azərbaycan Respublikasının dövlət qurumlarının korrupsiya bataqlığına bulaşmış tender komissiyalarına tutub deyirəm: Ya cənab Prezidentin siyasətinə və qanunlarımıza uyğun işləyəcəksiniz, ya da mən və mənim kimi sahibkarlar sizlərlə qanun çərçivəsində mübarizə aparaqcağıq və imkan verməyəcəyik ki, ölkədə azad rəqabəti boğasınız və dövlət büdcəmizlə bu cür davranasınız”- deyə, sahibkar bildirib.

Daha sonra isə iş adamı əlavə edir ki, rəhbərlik etdiyi şirkət son vaxtlar dövlət qurumlarının keçirdiyi 10 tenderin qalibi olub, amma yetərsayın olmaması və başqa bəhanələrlə mənimlə müqavilə bağlamaqdan imtina edilib… Tenderlənin 90%-də qaliblər əvvəlcədən məlumdur”.

Bir yaşlı, 10 manat nizamnamə kapitalı olan şirkətə böyük etimad(?) Əslində hörmətli İsmayıl Ələkbərovun dedikləri hər kəsə məlum olan çılpaq həqiqətdir. Amma, hər kəsdən fərqli olaraq cənab Ələkbərov bu problemi ictimailəşdirdi.

Müəmmalı tender əməliyyatları ilə bağlı mediada silsilə yazılar yer alsa da, təəssüf ki, hələ də bu problem aktuallığını saxlamaqdadır. Bu istiqamətdə yenixeber.org-a da yeni məlumatlar daxil olub. Redaksiyamıza daxil olan məlumatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin ““Lotus Co” MMC ilə əməkdaşlığından bəhs olunur.

13.12.2018-cil tarixdə “Lotus Co” MMC Protez-Ortopedik Bərpa Mərkəzin üç lot üzrə elan etdiyi tenderin qalibi olur. Üç lot isə bunlardır: 1) Dəftərxana və təsərrüfat malları üzrə 3419 manat. 2) Mətbəə xərcləri üzrə 10246 manat. 3) İdarənin xərcləri üzrə 19353 manat.

Olsun, ilk baxışdan qeyri-adi bir nəsnə görünmür. Amma,… Araşdırmalarımızla “Lotus Co” MMC ilə bağlı əldə etdiyimiz məlumatlar bir sıra suallar doğurur.

Məlumat üçün bildirək ki, 01.08.2017-ci ildə qeydiyyata alınan “Lotus Co” MMC-nin nizamnamə kapitalı 10.00 AZN-dir. Hüquqi ünvanı Az1102, Bakı ş. Nəsimi r. Mir Cəlal küç. Ev 60, m. 89 olan şirkətin direktoru Allahverdiyev Rahib Tofiq oğludur.

Məlum beynəlxalq standartlara görə 10 manat dəyərində nizamnamə kapitalı olan şirkət Avropanın və dünyanın digər ölkələrində ümumiyyətlə tenderə buraxılmır. Doğrudur Azərbaycanda rəsmən belə bir məhdudiyyət yoxdur, amma istənilən halda bir təşkilatın üç tenderini eyni gündə bu nizamnamə kapitalı ilə şirkətin udması araşdırmanı zəruri edən faktordur.

Digər diqqət çəkən məqam isə bir o qədər də böyük təcrübəyə malik olmayan şirkətin udduğu lotların müxtəlifliyi ilə bağlıdır. Təsəvvür edin ki, bir yaşı olan şirkət həm Dəftərxana və təsərrüfat malları üzrə, həm Mətbəə xərcləri üzrə, həm də İdarənin xərcləri üzrə lotları udur(?)...

Daha çox maraq doğuran digər fakt isə sifarişçi, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin “Lotus Co” MMC-ni seçməsi, görüləcək işlərlə bağlı müqavilə bağlamasıdır. Əcəba, bir yaşlı, 10 manat nizamnamə kapitalı olan bir şirkətə üç müxtəli lot üzrə görüləcək işləri etibar etməklə yumşaq desək tələskənliyə yol verilməyibmi?

Bu arada unudulmaması vacib olan başqa bir məqam şirkətin müflisləşmə ehtimalı ilə bağlıdır. Yuxarıda qeyd etdiyim kimi, beynəlxalq standartlarda bu arzuolunmaz fakta kifayət qədər əhəmiyyət verilir. Məsələn, günlərin bir günü “Lotus Co” MMC müflisləşə bilər. (Bz bunu arzu etmirik. Red.) O zaman Protez-Ortopedik Bərpa Mərkəzin bir yaşlı, 10 manat nizamnamə kapitalı olan bu şirkətə etibar edib, verdiyi vəsaitin taleyi necə olacaq? Nədən bu qədər sadaladığımız faktorları sifarişçi təşkilat “unudub? (Sığorta ilə bağlı reallıqlar da məlumdur. O da məlum deyil ki, sözügedən əməliyyatda ümumiyyətlə sığorta var, yoxsa yox?).

Biz yazdığımız və hələlik toxunmadığımız məlumatlarla bağlı tərəfləri də dinləməyə çalışdıq. Nə google üzərindən axtarışla, nə də digər yollarla “Lotus Co” MMC-nin heç bir əlaqə vasitəsini öyrənə bilmədik(?)

Bu ayın 13-də isə Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru cənab Asif Məcidova online məktub ünvanladıq. Məlum qanun və prinsiplərə uyğun olaraq iki həftədir ki, göndərdiyimiz məktuba almalı olduğumuz cavab “düyünə düşüb”. Bu susunluq özü də əldə etdiyimiz məlumatları stimullaşdıracaq fakt sayıla bilər...

Ümüd edək ki, hörmətli Asif Məcidov bundan sonra da olmuş olsa belə, məktubumuzu cavabsız qoymayacaq. Və biz də lazımı dəqiqləşdirmələrlə mövzunu davam etdirə biləcəyik./Yenixeber.org//

Geri qayıt