Əsas Səhifə > Hadisə, Manşet > Sahil Babayev statistikaya işləsə də, narazılıq yaratdığının fərqinə varmır...

Sahil Babayev statistikaya işləsə də, narazılıq yaratdığının fərqinə varmır...


14-01-2019, 09:48
Sahil Babayev statistikaya işləsə də, narazılıq yaratdığının fərqinə varmır...
Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri (ƏƏSMN) təyin olunduqdan sonra bəzi vətəndaşların əllik dərəcəsi almaları ilə bağlı haqlı müraciətlərinə müxtəlif bəhanələrlə “yox” cavabı verilir.

ƏƏSMN-ə müraciət edən vətəndaşlardan biri Reyting.az-a deyib ki, artıq 9 aydan çoxdur əlillik sənədini almaq istəyən vətəndaşların müraciətinə baxılmır. Bununla bağlı nazirliyə müraciət edən şəxslərə bildirilir ki, əlilliyin təyin edilməsi üçün sistem dayandırılıbdır: “Əgər sistem dayandırılıbsa və heç kimə əlillik sənədi verilməyibsə, necə hesabat vermək olar ki, əlilliyin təyin olunmasında 76 faiz azalma olub? Hansı ki, dekabr ayında nazir Sahil Babayev “Azərbaycanın sosial müdafiə inkişafı: dünən, bu gün və sabah” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib ki, cari ildə əlillik təyinatlarında şəffaflıq və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi baxımından bir sıra işlər görülüb, 2018-ci ilin III rübündə ilkin əlilliyi təyin olunanlardan birinci qrup əlilliyi olanların sayı 76 faiz azalıb, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayı isə ilin birinci rübünə nisbətən 61,3 faiz azalıb. İndi mən soruşuram, nazir bu hesabatı sistemi dayandırmaqla hazırlatdırıb, yoxsa havadan danışır?

Əlbəttə ki, sistemi dayandıranda, vətəndaşların müraciətlərini cavabsız buraxanda, yəni qeydiyyata almayanda statistika avtomatik olaraq azalacaq. Axı bu, qanuni yol deyil. Bu, açıq formada dövləti aldatmaqdır”.

Şikayətçi bildirib ki, nazir belə saxta statistikalarla “şəffaf iş” görüntüsü yaratmaq istəyir: “Amma nəzərə almır ki, onun karyera naminə həyata keçirdiyi bu iş yüzlərlə əlilin həyatı bahasına başa gəlir. İndi siz deyin, bu necə sosial dövlət anlayışıdır? Hansı sosial dövlətdə əlilləri belə rəzil günə qoyurlar? Onların taleyi ilə belə oynamaq kimə fayda verə bilər?”

Xatirladaq ki, Sahil Babayevin bu sahədə yaratdığı özbaşınalıqlara bir müddət əvvəl səhiyyə naziri Oqtay Şirəliyev də etiraz edib. O. Şirəliyev bildirib ki, ötən il əlilliklə bağlı problemlərin, narazılıqların aradan qaldırılması üçün işlər görülüb, Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə komissiyası yaradılıb, araşdırmalar aparılıb:

“Bu, çox vacib məsələdir. Doğrudur, səhiyyə işçilərində də müəyyən problemlər var. Amma təxminən, 50 faiz Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin qeyri-obyektiv yanaşması nəticəsində əlillik verilməli olan insanlara əlillik verilməyib. Biz bunları araşdırmışıq və o nazirliyə müraciət etmişik”.

Göründüyü kimi, ƏƏSMN-in əllilərlə bağlı yaratdığı gərgin vəziyyət digər nazirlik tərəfindən də açıq narazılıqla qarşılanıb.

Reyting.az-ın əldə etdiyi məlumata görə, Oqtay Şirəliyevin Sahil Babayevə qarşı hesablanmış bu açıqlaması ƏSSMN-də etiraza səbəb olub. Mənbəmiz deyib ki, ƏSSMN səhiyyə nazirinə cavab hazırlayır:

“Böyük ehtimalla həmin cavab anonim formada mətbuata ötürüləcək və Səhiyyə Nazirliyini saxta əlillik sənədləri hazırlamaqda ittiham etməyə çalışacaqlar. Söz yox ki, bu hal istisna deyil. Ancaq bu o demək deyil ki, 3-5 nəfərə görə bütün sistemi dayandırıb, yüzlərə insanın haqqından yararlanmasına imkan verməyəsən”.

Geri qayıt