Əsas Səhifə > Hadisə, Manşet > AAAF Park-da sakinlər hələ də susuz, işıqsız, istiliksiz qalıblar
AAAF Park-da sakinlər hələ də susuz, işıqsız, istiliksiz qalıblar24-12-2018, 09:38 |
Bir nüddət öncə AAAF Park Yaşayış Kompleksinin sakinləri yaşadıqları problemləri sosial şəbəkədə səs-küyə səbəb olacaq səviyyədə müzakirəyə çıxardılar. Sakinlərin şikayətləri xəbər portallarında da işıqlandırıldı. Bundan sonra sözügedən Kompleksin rəhbərliyi sakinləri əmin edib ki, yaranmış problem 10 gün ərzində həll ediləcək. Versus.Az-ın məlumatına görə, deyilən vaxtdan 1 ay keçsə də AAAF Park Yaşayış Kompleksinin rəhbərliyi sakinlərə verdiyi sözə əməl etməyib. Artıq dekabrın sonuna, 2018-ci ilin bitməsinə sayılı günlər qalıb. Aidiyyəti şəxslər isə hələ də susurlar... Sakinlər qışın soyuğunda mənzillərində susuz, işıqsız, istiliksiz yaşayırlar. Təbii ki, buna yaşamaq demək olarsa. Məsələylə bağlı Versus.Az-a danışan sakinlərdən biri Tamilla Qulami deyir ki, AAAF Park Yaşayış Kompleksinin rəhbərliyinin problemləri həll etməsi bir kənara qalsın, şikayətçi olduğu və sakinlərin problemlərini mətbuata çıxardığı üçün onun hərəkətlərində siyasi motiv axtarmağa başlayıblar: “Mənim müxalifətçi mövqeyimi əldə əsas tutaraq, guya sakinləri təxribata çəkirəmmiş kimi özlərinə bəraət qazandırmağa çalışırlar. Sakinləri də mənə qarşı çıxarmaq üçün bütün yollara əl atırlar. Sakinlər olaraq bir yerə toplanaraq etiraz səsimizi qaldırıb haqqımızı tələb edəndə isə bizi yol kəsməkdə, təxribatçılıq, "müxalifətçilik" etməkdə, dövlətə qarşı çıxmaqda suçlayırlar. Düzü, AAAF-ın dövlət demək olduğunu bilmirdik. Amma vicdanları olsaydı, bu qədər insanı narazı salıb ayağa qaldırmazdılar. O insanlar onlardan aldıqları mənzillərdə, hər ay pul ödədikləri bu evlərdə rahat, sakin yaşamaq istəyirlər”. Tamilla xanım bildirib ki, Kompleksin rəhbərliyi öz sakinləri ilə səmimi davranıb, normal münasibət qursaydı, problemlərini dinlədikdən sonra qismən də olsa həll etsəydi, zamanla kökündən həll olunacağına söz verib bu yöndə tədbirlərə başlasaydı, nə rəhbərlik, nə sakinlər indi bu vəziyyəti yaşamazdılar: “Biz, Kompleksin sakinləri olaraq, rəhbərliklə yumşaq olmağa, onlarla uzlaşmağa çalışdıq. Dedik bəlkə daxildə həll edək, daxildə razılığa gələk. Amma onlar yanlış addımlara başlayıblar. Saytınızın vasitəsilə Kompleksin mətbuat xidmətinə bildirirəm ki, barələrində mənim və problemlə üzləşən digər sakinlərin sosial mediada yazdıqlarımızı yaxşı oxusunlar. Düzdür, bundan şübhəm yoxdur, o qədər bekardırlar ki, sakinlərin harda nə yazdıqlarını araşdırmaqla məşğuldurlar. Araşdırsınlar, amma mənfi nəticə yox, müsbət nəticə çıxarsalar, hər iki tərəf üçün yaxşı olardı. Özbaşınalıq, saymazlıq yaxşı hal deyil. Bu ölkədə kimlər-kimlər diz çökdürülüb. Çox da göylə getmək lazım deyil. Bu nə sizin "imanınıza", nə də "inamınıza" yaraşar. Dinin, Allahın adından yalandan istifadə etməyin. İş görün, daha gedib kimlərinsə arxasınca iş çevirməyin”. Geri qayıt |