Əsas Səhifə > Hadisə, Manşet > Gənc nazir kimlərdən asılı vəziyyətə düşüb

Gənc nazir kimlərdən asılı vəziyyətə düşüb


26-10-2018, 08:43
Gənc nazir kimlərdən asılı vəziyyətə düşüb
DİA.AZ: - "Artıq 6 aydan çoxdur əmək və əhalinin sosial müdafiəsi naziri postunu daşıyan Sahil Babayevin son dövrlər fəaliyyətində yol verdiyi qüsurlar yuxarı dairələrin ciddi narazılığına səbəb olub". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Daha sonra məqalədə bildirilir: "Nazirin xüsusilə Azərbaycan Prezidentinin şəhid ailələrinə 11 min manat birdəfəlik ödəməni nəzərdə tutan Sərəncamının icrasında yol verdiyi qüsurlar hakimiyyət eşalonlarında müzakirələrə yol açıb. Belə ki, şəhid ailələrinin nazir S.Babayevin mətbuat xidməti tərəfindən yalançılıqda ittiham edilməsi, onların bu məbləği almasının kortəbii formada iddia olunması bu təbəqədən olan şəxslərin dövlətə qarşı çıxmasına qədər inkişaf etməsinə şərait yaratdı. Şəhid ailələri iki həftədir ki, Mill Məclis və digər instansiyalara üz tutur və bu hakimiyyəti istəməyən qüvvələr tərəfindən aksiya kimim qələmə verilir və Sərəncam məqsədli şəklidə gözdən salınır. Vəziyyətin bu şəkil almasında isə bilavasitə nazirliyin mətbuat xidmətinin qeyd etdiyimiz və heç bir etik çərçivəyə sığmayan bəyanatı xüsusi rol oynadı.
Bütün bunlar isə onsuz da tamamilə yad bir sahədən sosial müdafiəyə adlamış S.Babayevin yarıtmaz imicini formalaşdırmaqdadır.

Digər tərəfdən, S.Babayevin özünün təbliğatında eks nazir Səlim Müslümovun bəyanatlarını təkrarlaması da belə bir rəyin yaranmasını daha da gücləndirir. Elə nazir Sahil Babayevin ötən gün VI Beynəlxalq Humanitar Forumu çərçivəsində çıxışı zamanı səsləndirdiyi son tezislər bu qənaətə gəlməyə bir daha əsas yaradır. Məsələn, S.Babayevin "əmək bazarımıza hər il 100 minə yaxın yeni işçi qüvvəsi gəlir", "Azərbaycan əhalisi gəncdir. Əhalimizin 25 faizdən artığı 14-29 yaş aralığındadır. Azərbaycanda pensiya yaşına çatmış şəxslər əhalinin ümumi payının cəmi 13 faizini təşkil edir. Bu da kifayət qədər aşağı göstəricidir” kimi bəyanatları S.Müslümovun ən sevimli tezisləri idi. Eks nazir bu fikirləri müxtəlif tədbirlərdə gündəmə gətirmişdi. Bir növ S.Babayev özü də bilmədən Müslümovun təbliğatı ilə məşğul olur.

Bundan başqa, S.Babayevin keçirdiyi görüşlərlə bağlı yayılan məlumatlarda Müslümovun bəyanatları dəyişdirilərək yer alır. Bütün bunlar İqtisadiyyat Nazirliyində "Təmiz şəhər" kimi layihələrin işlənməsində rolu olan S.Babayevin sosial müdafiə sahəsində piyada olması rəyini yaratmağa xidmət edir. Bəs nazirin qeyri-peşəkar imicini yaradanlar kimlərdir?"

dia-az.life-a göndərilən məqalənin mətnində fikir ardıcıllığı belə davam edir: "Nazirlikdəki mənbənin məlumatına əsasən, S.Müslümovun əlindən tutub nazir müavini postuna kimi yüksəltdiyi İdris İsayevin, Müslümovun vaxtında müavin postuna gətirilən Mətin Kərimlinin və nazirliyin əməkdaşı Pərviz adlı şəxsin bu sahədə xüsusi "xidmətləri" var. Belə ki,nazirin tədbirlərdə edəcəyi çıxışları adətən bu müavinlər, mətbuat üçün press-relizləri isə Pərviz adlı şəxs hazırlayır. S.Babayevin başqa sahələrdən gətirdiyi qeyri-peşəkar şəxslər bu çıxışları hazırlamaq gücündə deyil. Buna görə də gənc nazir bu şəxslərdən asılı vəziyyətə düşüb. Nazir müavini İ.İsayev və Əli Nağıyevin dövründən qalan Pərviz adlı şəxs əvvəlki məlumatlarda kosmetik dəyişikliklər edərək, təkrar məlumatların yenidən cəmiyyətə ayaq açmasına və nazirin qeyri-peşəkar imicinin yaranmasına nail olurlar. Maraqlısı odur ki, gənc nazirə yaxın olduğu iddia olunan M.Kərimli də bu məsələdə maraqlı görünür.
Mənbənin digər məlumatına əsasən, İ.İsayev özünü yeni nazirə göstərmək üçün hərdən Müslümovun müəyyən məsələlərdə yanlışlığa yol verməsini belə dilə gətirir. Hansı ki bu şəxsin indiki posta qalxmasında məhz Müslümov xüsusi rol oynayıb.

S.Babayevin yerli şöbələrdəki özbaşınalıqların qarşısını almaqda aciz qaldığı da bildirilir. "Kimi tutsam həbs etdirəcəm" deyən nazir bir növ "çalışın ilişməyin" altmesajını verdiyinin fərqində deyil. Bu barədə o cümlədən nazirlikdəki peşəkar şəxslərin hansı bəhanələrlə işdən kanarlaşdırılması, işdə saxlanılanların isə necə oyundankənar vəziyyətə salınması barədə növbəti yazılarımızda ətraflı məlumat verəcəyik..."

dia-az.life olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt