Əsas Səhifə > Hadisə, Manşet > Əli Abbasov yenidən həbs təhlükəsi ilə üz-üzə...
Əli Abbasov yenidən həbs təhlükəsi ilə üz-üzə...10-10-2018, 09:44 |
Son günlər “Rabitə işi” ilə bağlı məhkəmə prosesləri keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovu yenidən gündəmə gətirib. Məhkəmədə səslənən və mediada işıqlandırılan faktlar sabiq nazirin ətrafında hadisələrin heç də yaxşı nəticə ilə bitməyəcəyindən xəbər verir. Artıq sabiq nazirin həbs olunmaq təhlükəsi ilə üz-üzə olduğu bildirilir. Bu barədə “AzToday.Az”a məlumat daxil olub. Məlumata görə, nazir postundan uzaqlaşdırıldıqdan uzun müddət sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarı ilə akademiyanın müşaviri təyin olununan Abbasovla bağlı məhkəmədə səslənən çoxsaylı faktlar və milyonluq mənimsəmələr onun daha pis vəziyyətdə qoyub. Onun keçmiş MTN naziri Eldar Mahmudovla işbirliyi və yaxın əlaqələri də bu məsələdə ciddi rol oynayır. Məlumatlarda deyilir ki, Abbasovla Mahmudovun dostluğu bu gün də davam edir. Məlumata o da vurğulanır ki, Əli Abbasovun komandasının üzvlərinin bir çoxu həbsdədir, bəzilərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir, bəziləri isə uzun illər çalışdıqları rabitə sahəsindən uzaqlaşdırılıblar. Bəzilərinin də yenidən həbs olunma ehtimalı var. Ona görə də “Rabitə işi” yekunlaşana qədər hər kəs Əli Abbasovun barəsində veriləcək qərarı maraqla gözləyir. Məsələn, məhkəmədə açıq səslənən ittihamlardan biri sabiq nazirin “kassir”i Vidadi Zeynalovun idi. O deyirdi ki, dövlət büdcəsindən ayrılmış milyonların oğurlanması birbaşa məhz Əli Abbasovun rəhbərliyi altında həyata keçirilib. “Yeni Müsavat”qəzeti isə məhkəmədəki prosesə istinadən yazır ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviri olan Əli Abbasovun adını son günlər mətbuatın gündəminə daha bir məhkəmə işi gətirdi. Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisi Şahin Tağıyev də digər rabitəçilər kimi eyni ittihamlarla hakim qarşısına çıxarılır. Şahin Tağıyev dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir. İttihamda göstərilir ki, o, rəhbəri olduğu qovşaqda görülən işlərin şişirdilməsi ilə əldə edilən məbləği Əli Abbasovun rəhbəri olduğu nazirliyə göndərib. İstintaq belə qənaətə gəlib ki, Şahin Tağıyev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 1 milyondan artıq məbləği mənimsəyib. Həmin məbləğin 10 faizini – 168 min manatını şəxsən mənimsəməkdə günahlandırılan Ş.Tağıyev həmin məbləği ələ keçirmədiyini deyir. Amma həbs edilməmək üçün pulu ödəyib. Hazırda ev dustaqlığında olan Ş.Tağıyevin 300 minlik villasına da həbs qoyulub. Ş.Tağıyevdən başqa daha bir neçə rabitəçi ayrı-ayrı rayon məhkəmələrində hakim qarşısına çıxarılır. Onlar barəsində də eyni ittihamlar irəli sürülüb. Xatırladaq ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov da saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevlərin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Bakı Apelyasiya Məhkəməsi Vidadi Zeynalovun cəzasını 4 ilə, Beytulla Hüseynovun cəzasını isə 7 il 6 aya endirib. Geri qayıt |