Əsas Səhifə > Hadisə, Manşet > "Azərbaycan güclü müdafiə sənayesi yaradıb"
"Azərbaycan güclü müdafiə sənayesi yaradıb"25-09-2018, 10:39 |
Bakıda "ADEX-2018" 3-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi işə başlayıb. Trend-in məlumatına görə, sərginin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin təbdir iştirakçılarına müraciəti səsləndirilib. Müraciəti Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov oxuyub. Müraciətdə qeyd olunur: "Hörmətli sərgi iştirakçıları, qonaqlar. Sizi “ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisinin açılışı münasibətilə salamlayıram. Artıq ənənəvi xarakter almış "ADEX" sərgisi beynəlxalq hərbi-texniki əməkdaşlığın inkişafı, ən müasir silah və texnologiyaların nümayiş etdirilməsi üçün mühüm tədbirə çevrilmişdir. Sərgi dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət və təşkilatları, o cümlədən rəsmi nümayəndə heyətlərini və mütəxəssisləri eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulması, yeni müqavilələrin imzalanması üçün səmərəli platformaya çevrilmişdir. Ərazisinin 20 faizi işğal altında olan Azərbaycan Respublikası müdafiə qabiliyyətinin artırılmasına və Silahlı Qüvvələrin maddi-texniki təchizatının gücləndirilməsinə daim xüsusi önəm verir. Azərbaycan hərbi-texniki sahədə dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, güclü müdafiə sənayesi yaratmışdır və bu sərgi müdafiə sənayemizin əldə etdiyi nailiyyətlərin tanıdılması baxımından ən mühüm əhəmiyyət kəsb edir. Əminəm ki, “ADEX-2018” sərgisi faydalı təcrübə mübadiləsinin aparılmasına, yeni əməkdaşlıq əlaqələrinin yaradılmasına imkanlar açacaq, eləcə də müdafiə sənayemizin elmi-texnoloji potensialının artırılmasına töhfə verəcəkdir". Geri qayıt |