Əsas Səhifə > Hadisə, Manşet > "Siz BMT-siz, ya Ümumdünya Səhiyyə Təşkilatı?"

"Siz BMT-siz, ya Ümumdünya Səhiyyə Təşkilatı?"


17-09-2018, 11:41
"Siz BMT-siz, ya Ümumdünya Səhiyyə Təşkilatı?"
Bu dəfə Sumqayıt şəhər səhiyyə sistemində nə qədər tibbi personalın çalışdığı və son 2 ildə nə qədər həkimin işə qəbul edildiyi, eləcə də işdən azad edildiyi haqqında informasiya hazırlamaq qərarına gəldik. Suallarımızı Səhiyyə Nazirliyinin mətbuat xidmətinə ünvanladıq. Oradan bizə daha dəqiq informasiya əldə etmək üçün Sumqayıt şəhər Səhiyyə Şöbəsi ilə əlaqə saxlamağımızı bildirdilər. Biz də suallarımıza cavab tapmaq üçün Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Nəriman Baxşəliyevlə əlaqə saxladıq. İnformasiya əldə etmək ümidimiz boşa çıxdı. Belə ki, Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev suallarımızı verməyə belə imkan vermədi. Əvəzində isə kobud şəkildə heç bir məlumat verməyəcəyini bildirdi.
O, Xeberle.com-un əməkdaşına "Siz kimsiniz ki, mənə zəng vurursunuz? Mən sizin heç bir sualınıza cavab verməyəcəm. Səhiyyənin sizə nə aidiyyəti var, gedin gündəlik xəbərlərinizi hazırlayın. Siz BMT-siz, yoxsa Ümumdünya Səhiyyə Təşkilatısız bu məlumatları sizə verim?!"

Qeyd edək ki, bu, ilk belə hal deyil. Sumqayıt şəhər Səhiyyə Şöbəsindən məlumat əldə etmək bir müşkülə çevrilib. Artıq neçənci dəfədir ki, N.Baxşəliyev ona ünvanlanan suallara cavab vermək əvəzinə əməkdaşımıza qarşı kobudluq edir. Səhiyyə şöbəsinin müdirinin nəzərinə çatdırmaq istəyirik ki, rəhbərlik etdiyi şöbə və əyləşdiyi kreslo onun şəxsi mülki deyil. Və yaşadığı, işlədiyi ölkənin qanunlarına hörmətlə yanaşmalıdır. Deyəsən şöbə müdirinin Azərbaycan qanunvericiliyindən xəbəri yoxdur. Qanunlardan bixəbər kimi görünən məmurun nəzərinə çatdırırıq ki, ölkədə "Kütləvi informasiya vasitələri haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU" mövcuddur: "Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər. Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir".
Prezident İlham Əliyev çıxışlarında "Jurnalistlər mənim köməkçilərimdir", - deyir. Amma yerlərdə N.Baxşəliyev kimi məmurlar isə özlərini "şah" kimi aparırlar.
Səhiyyə şöbəsinin müdirinin nəzərinə çatdırmaq istəyirik ki, "Şah qanun deyil, qanun şahdır."

Geri qayıt