Əsas Səhifə > Hadisə, Manşet > Ceyhun Bayramova daha bir təhsil müəssisəsindən FAKTLAR

Ceyhun Bayramova daha bir təhsil müəssisəsindən FAKTLAR


7-09-2018, 11:26
Ceyhun Bayramova daha bir təhsil müəssisəsindən FAKTLAR
Son illərdə təhsil sahəsində aparılan mütərəqqi islahatlar öz ilkin nəticələrini göstərməkdədir. Əminliklə demək olar ki, bu sahədə uzun illər hökm sürən durğunluq dövrünü artıq islahatlar mərhələsi əvəz edib. Ceyhun Bayramovun nazir təyinatından sonra təhsil sistemi mahiyyətcə yeni mərhələyə qədəm qoyub. Amma təəssüf ki, zamanın tələbindən geri qalan, öz işini müasir tələblər səviyyəsində qura bilməyənlər də var və onlar görülən işlərə kölgə salmaqdan savayı bir işə yaramırlar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın nazir müavini təyinatından sonra idarədə axar sular durulmaq bilmir. Məhəbbət xanımı yeni təyinatı münasibətilə təbrik edirik və inanırıq ki, yeni vəzifəsində təhsilin inkişafına daha çox töhfələr verəcəkdir. Amma, bir məsələ var ki, onun nazirliyə gedişindən sonra BŞTİ bir qrupun sanki mülkiyyətinə keçib. Süründürməçilik, “ötür-ötür” oyunu indi burda əsas iş prinsipidir.

Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Təbii ki, valideynlərin qayğıları da artıb. Bu səbəbdən BŞTİ-nə müraciətlərin sayı da çoxalıb. Birinci siniflərə, həmçinin məktəbəhazırlıq qruplarına qəbulla bağlı valideynlər İdarəyə müraciətlər edirlər. Düşünməyin ki, məhşur filmdə deyildiyi kimi “işin razqar vaxtında” BŞTİ-nin məsul şəxsləri vətəndaşların problemlərinin həlli yolunda can qoyurlar. Əsla belə deyil, elə burda da “Paşa vurub maşını xarab edib”.

BŞTİ-nin bu sahə üzrə məsul şəxsi olan İlhamə xanım (xatırladaq ki, mənbənin məlumatına görə, Məhəbbət xanımın gedişindən sonra bu sahədə, yəni uşaqların birinci sinifə və hazırlığa götürülməsi, idarədə külli-ixtiyar onun əlindədir) vətəndaşların qəbulu, onların problemlərinin həlli istiqamətində əsl anarxiya yaradıb.

Rubrika.Az saytına müraciət edən vətəndaşlar bildirir ki, İlhamə xanımın süründürməçiliyi, saymazlığı sərhəd tanımır. İlhamə xanım sanki qəbuluna gələnlərdən gizlənir, onlara görünmək istəmir. Şikayətçilər bildirir ki, onlara sentyabrın 6-da saat 17:00-a qəbulla bağlı mesaj gəlsə də BŞTİ-yə gəldikdə məlum olub ki, qəbullar ləğv olunub və sentyabrın 25-nə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərova həmin qəbulu aparmaq qərarı verilib. Təsəvvür edin ki, vətəndaş övladını birinci sinfə yazdırmaq üçün qəbula gəlir, amma ona deyirlər ki, sentyabrın 25-də gələrsən. Bəlkə ölkədə dərs ilinin başlanma vaxtı dəyişilib, biz bilmirik. Ya da İlhamə xanım “toydan sonra nağara” adlı yeni iş prinsipi kəşf edib və BŞTİ-də bunu “uğurla” tətbiq edir. Hər halda onun yaratdığı xaos, süründürməçilik heç bir kodeksə sığmır. Özünü BŞTİ-nin hakimi-mütləq sanan İlhamə xanım yeni dərs ili başlamamış artıq problemlərin əsasını qoyub.

Ceyhun müəllim hər zaman vətəndaşların qəbuluna, onların problemlərinin həllinə yardımçı olmağa xüsusi diqqət yetirib. Bu sahədə o hər kəsə örnək olacaq bir məmurdur. Görünür, BŞTİ-də baş verənlərə cənab nazir diqqət yetirməsə hələ çox narazılıqlar yaranacaq. Məhəbbət xanım özü də bu vəziyyətə biganə qalmamalı, tezliklə müdaxilə etməlidir. Yoxsa ki, özü oturub nazirlikdə, külli ixtiyarı da verib Qəmloya. Qəmlo da ki...

Araşdırmalarımız davam edəcək.

Geri qayıt