Əsas Səhifə > Hadisə, Manşet > Hacı Mazan çətin durumda:
Hacı Mazan çətin durumda:25-08-2018, 11:01 |
Bir müddətdir ki, “Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun adı mətbuatın gündəmindən düşmür. Belə ki, avqustun 16-da xəbər yayıldı ki, ona məxsus avtomobilin 44-AA-444 dövlət nömrə nişanlı avtomobil yol polis tərəfindən saxlanılıb. “Yeni Müsavat” olaraq əldə etdiyimiz məlumata görə, Hacı Mazana məxsus avtomobil yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb və müvafiq qaydada cərimələndikdən sonra buraxılıb. Lakin bakupost saytı məlumat yayıb ki, Hacı Mazan polis bölməsinə aparılıb. Sayt məsələ ilə bağlı görüntüləri də yayıb və qeyd olunub ki, hadisə avqustun 3-də baş versə də, görüntülər indi üzə çıxıb. Xatırladaq ki, avqustun 3-də Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum etmiş, daha sonra isə onun şirkətinin inşa etdiyi binanın sakinini öz evində döymüşdü. Hadisədən sonra DİN-in “102" xidmətinə məlumat verilib və hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları cəlb edilib. Onlar jurnalistlərə və ev sahibinə hücum çəkən iş adamını polis bölməsinə aparıblar. Hacı Mazanla birlikdə hücumda iştirak etmiş adamları da bölməyə aparılıb. Onlar bölmədə müvəqqəti saxlanma kamerasına salınsalar da, sonradan Ramazan Zeynalov polisdə işləyən qohumlarının vasitəsilə həyətə çıxarılıb. Hazırda faktla bağlı Bakı Şəhər Prokurorluğunda araşdırma aparılır, tərəflərin ifadələri alınır. “Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, baş verən hadisə ilə bağlı qanunvericilikdə konkret müddəalar mövcuddur: “Çəkilişi aparanlar rəsmən jurnalistlər olublar. Yəni onlar sıradan bir vətəndaş deyillər və bu şəxslər işləri, peşələri çəkiliş aparmaqdır. Belə olan halda isə jurnalistin çəkiliş aparmasının qarşısını almaq olmaz. Burada yalnız şəxsi həyat məsələsi, müdaxilə varsa o, istisnadır. Konstitusiyamızda qeyd olunub ki, adamın razılı olmadan onu şəkilini çəkmək, səsini yazmaq olmaz. Ancaq bu, birbaşa olaraq jurnalistin peşə fəaliyyətini həyata keçirməsi ilə bağlıdır və orada konkret suallar da verilir. Bizdə jurnalistin peşə fəaliyyətinə maneə olmaqla bağlı məsuliyyət var. Başqa bir tərəfdən isə hadisə həm də ictimaiyyətin gözü qarşısında baş verib. Buna görə də baş verən prosesləri xuliqanlıq kimi də qiymətləndirə bilərlər. Eyni zamanda yayılan videodan görünür ki, Ramazan Zeynalov çəkiliş aparan şəxslərin əllərindən mikrofonu alıb, çəkilişə mane olmaq üçün texnikaya əl atır. Bu da araşdırılmalıdır ki, həmin texnikalara zərər dəyib, yoxsa yox. Eyni zamanda orada söyüşün olub-olmaması da araşdırılmalıdır. Bütün bunlar hallar aydınlaşdırıldıqdan sonra Ramazan Zeynalova verilən cəza da məlum olacaq. Konkret olaraq ancaq peşə fəaliyyətinə maneəçilik faktı ortaya çıxacaqsa, onun cəzası başqa olacaq. Yaxud xuliqanlıq və digər sadaladığım məsləhətlərdən birinə tövsif oluna bilər. Bütün məsələlər araşdırmadan asılıdır”. Hüquqşünas bildirib ki, araşdırmanın nəticəsindən asılı olaraq, Hacı Mazan ən yaxşı halda cərimə ediləcək: “İstintaqın necə getməsi və hansı faktlar olması barəsində konkret məlumata sahib olmadığımız üçün tam qiymətini vermək də bizim üçün çətindir. Hər şey məhkəmədən asılıdır. Baxırsan ki, bir maddə ilə kimsə məsuliyyətə cəlb olunan zaman onu cərimə edirlər, yaxud da şərti cəza verirlər. Eyni maddə ilə başqası məsuliyyətə cəlb edilən zaman isə onu həbs edirlər. Yəni burada artıq eynilik praktikası yoxdur, müxtəlifdir. Bütün bunların fonunda konkret söyləmək də olmaz ki, Zeynalovu cərimələyəcəklər, yoxsa həbs edəcəklər. Oxşar əmələ görə müxtəlif cəzalar tətbiq oluna bilər. Ancaq hesab edirəm ki, ən aşağıs, Ramazan Zeynalov cərimə oluna bilər. Əgər xuliqanlıqla bağlı olarsa, əlbəttə ki, o, cinayət məsuliyyətinə də cəlb edilə bilər. Nəticədə isə ya şərti, ya azadlıqdan məhrum etmə, yaxud da azadlığın məhdudlaşdırılması kimi cəzalara məhkum olunma mümkündür. Əgər jurnalistin aparatına, kamerasına və ya digər texnikasına ziyan vurubsa, bu, artıq əmlakın məhv edilməsidir. Buna görə isə başqa cəza var”. Geri qayıt |