Əsas Səhifə > Hadisə, Manşet > Oqtay Şirəliyevin bazara çevirdiyi səhiyyə sistemimiz...

Oqtay Şirəliyevin bazara çevirdiyi səhiyyə sistemimiz...


27-07-2018, 10:54
Oqtay Şirəliyevin bazara çevirdiyi səhiyyə sistemimiz...
Müasir görünüşlü, ən son tibbi aparatlarla təchiz olunmuş xəstəxanalarda və poliklinikalarda can verən Azərbaycan səhiyyəsi sanki bir nəfərin girovuna çevrilib. Bu sahəyə rəhbərlik etdiyi müddət ərzində səhiyyənin evini yıxan, onu rüşvətin, korrupsiyanın tüğyan etdiyi bazara çevirən O.Şirəliyevin rəhbərlikdə qaldığı hər gün böhranı daha da dərinləşdirir, səhiyyə sistemini uçuruma sürükləyir. Haqqinda həyacan siqnalı çalınan, artıq gülüş hədəfinə çevrilən səhiyyə sistemində isə dəyişikliklərə gedilmir.
Hər gün qəzetləri, elektron informasiya vasitələrini düzgün müəyyən olunmayan diaqnozlar, yanlış cərrahi müdaxilələr, səhv təyin olunan müalicə kursları nəticəsində həyatından məhrum olanlar, öz doğmalarını itirənlər, ömürlük şikəst qalanlar barədə tükürpədici, ürək ağrıdan məlumatlar verir. Hətta elə gün olmur ki, gündəlik həyatda bu tip faktlarla qarşılaşmayasan. Hər birimiz mətbuatdan olmasa belə, öz yaxınlarımızın, doğmalarımızın, ya da tanışlarımızın başına gələn lazımsız və səviyyəsiz müayinə, yeni xəstəliklərə rəvac verən müalicə hadisələrini eşidirik. Yüzlərlə özəl və dövət tibb müəssisəsinin olduğu bir məmləkətdə ölkə vətəndaşlarının mütləq əksəriyyəsi xarici ölkələrə üz tutur.
Etimadsızlıq o həddə çatıb ki, hətta dərman preparatları da xəstə yaxınları tərəfindən xaricdən alınır. Öz maddi durumlarının səviyyəsinə görə imkanlı təbəqə Avropa ölkələrinə, orta təbəqədən olanlar Rusiya və Türkiyəyə, yoxsulluq içində çabalayan əksəriyyət isə İrana pənah aparır. Müvafiq strukturlar, xüsusilə də Səhiyyə nazirliyi özünü görməməzliyə, eşitməməzliyə vurmaqda davam edir. Səhlənkarlıq kimi qələmə verilən, əslində mahiyyətcə cinayət xarakteri daşıyan möhtəkirlik xüsusiyyətlərini özündə inkişaf etdirən səhiyyə sisteminə rəhbərlik edənlərin günahsız insanların qətliamına reaksiya verməməsi, hüquq-mühafizə orqanlarınınsa formal cinayət işləri açaraq, bir müddətdən sonra həmin işləri cüzi cəzalarla bağlaması günümüzün acı reallığıdır. Azərbaycan səhiyyəsi heç vaxt olmadığı kimi bərbad durumdadır.
Azərbaycanda xüsusən özəl tibb müəssisələrində qanunsuzluq baş alıb gedir. Xarici ölkədə diş həkimidir, gəlib Bakıda ginekoloq işləyir və çox geniş miqyasda reklam olunur.
Azərbaycanda səhiyyənin səviyyəsi yüksək olsaydı, bütün məmurlar ölkə səhiyyəsinə etibar edərdi. Tez-tez eşidirik ki, prezidentin himayəsi ilə hansısa aktyor, müğənni, jurnalist və digər sahələrin nümayəndəsi müalicəyə göndərilib. Bir qayda olaraq bu adamların müalicəsi xaricdə həyata keçirilir. Digər tərəfdən xaricdən gələn həkimlər öz profillərinə uyğun işləmirlərsə, diş həkimi ginekoloqluq edirsə, bu da səhiyyə nəzarətinin olmaması ilə bağlıdır. Deməli, əhalinin sağlamlığına, təhlükəsizliyinə heç bir zəmanət yoxdur.
Rubrika.Az bildirir ki, O. Şirəliyev Azərbaycan səhiyyəsini çıxılmaz bir labirintə salıb. Burada yalnız pulun və yenə də pulun iradəsi hökmranlıq edir. Səhiyyəyə ayrılmış vəsaitlərin talanması adi hal alıb.
Tez-tez şahidi oluruq ki, təcili tibbi yardım maşınlarında insan əvəzinə tikinti materialları, mal-heyvan daşınır. Çox gülməli və faciəvi durumdur: pambıqçıları daşımaq üçün təcili yardım maşınından istifadə olunur, o da qəzaya düşüb insanları şikəst edir. Biz bilirik ki, minimal pul vəsaitinə görə insanlar vaxtlı-vaxtında müalicə ala bilmir. Ona görə də, bu vəziyyətdə vətəndaşların vəziyyətini asanlaşdırmaq üçün icbari sığorta işə düşməli idi. Bütün sivil dünyada illərdi tətbiq olunmuş sistem – icbari tibbi sığorta Azərbaycanda işləmir. Baxmayaraq ki, tibbi sığorta haqqında qanun 1999-cu ildə təsdiq olunub, icbari tibbi sığortanın tədbiqi Konsepsiyasının təsdiq edilməsi barədə sərəncam 2008-ci ildə verilib, Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə yalnız 9 il sonra – 2017-ci ildə başlanıb.
Xəstə ayağın əvəzinə sağ ayağın kəsilməsi olayı səhiyyəmizin köklü müalicə üsullarının yeni formasıdır.
Nazirlərin anoloqsuz inkişaf ölkəsinin xəstəxanalarını qoyub xaricdə müalicəyə üz tutması səhiyyə sisteminin tənəzzülünə tam aydınlıq gətirən nümunədir.
Görəsən, vətəndaşların hər gün qarşılaşdığı, haqqında yazdığımız bu nöqsanları Səhiyyə Naziliyi və şəxsən Oqtay Şirəliyev görmür? Azərbaycan səhiyyəsini nüfuzdan salan, vətəndaşlarımızı məyus edən bu acınacaqlı vəziyyət çoxmu davam edəcək? O. Şirəliyev ölkə səhiyyəsini nə vaxta qədər şəxsi qazanc mənbəyi hesab edərək istədiyini edəcək? Səhiyyə sisteminin “nazir xəstəliyi” sağalmayınca bu suallara cavab çətin ki, tapıla.

Geri qayıt