Əsas Səhifə > Hadisə, Manşet > Qaz sayğaclarındakı balans silinir

Qaz sayğaclarındakı balans silinir


2-07-2018, 18:29
Qaz sayğaclarındakı balans silinir
Məlum olduğu kimi, Azərbaycanda qaz sayğaclarının dəyişdirilməsi prosesi aparılır. Qaz sayğaclarının yenisilə əvəz edilməsinə səbəb köhnə sayğacların istismar müddətinin bitməsidir. Bəzi məlumatlara görə, sayğaclarla bağlı abonent hesablaşmasında qeyri-şəffaflıq var. Belə ki, qaz sayğacları üçün istifadə olunan köhnə smart kartlardakı məbləğ yeni kartlara köçürülmür. Balans avtomatik olaraq silinir.

Cebhe.info-ya bununla bağlı çoxsaylı şikayətlər daxil olub. Abonentlər bildirir ki, qaz sayğacı yenisi ilə əvəz edildikdən sonra yeni smart kartla təmin olunublar. Sayğac yeni kartı tanıyandan sonra əvvəlki kartda olan balans avtomatik yenisinə köçürülməli olduğu halda, bu baş verməyib. Hətta istifadə zamanı köhnə kartda olan balansdakı məbləğ də silinib. Smart kartın balansındakı məbləğ silindiyindən abonentlər həmin müddətdə qazsız qalıb.

Qeyd etdiyimiz vəziyyət abonentlərdə narahatlıq yaradıb və ciddi etiraza səbəb olub. “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev Cebhe.info-ya açıqlamasında məsələyə aydınlıq gətirib. Deyib ki, qeyd olunan proses ASAN Kommunal Mərkəzində həyata keçirilir: “Abonent bu mərkəzə yaxınlaşır, ərizə, abonentin şəxsiyyət vəsiqəsi, sayğacın quraşdırılma aktı, çıxarlar və yeni quraşdırılan sayğacın smart kartları təqdim edilir, proses həyata keçirilir. Xidmət ödənişsiz, müddət isə dərhaldır. Abonentə yeni kart verildikdə kartın tanınması üçün o, sayğaca daxil edilməlidir. Bundan sonra da balans yeni karta köçürülməlidir. Əgər məbləğ yeni karta köçməyibsə, abonent ASAN Kommunal Mərkəzinə müraciət etməli və bu məsələni dəqiqləşdirməlidir”.

İbrahim Kərbalayev onu da əlavə edib ki, sayğaclar kütləvi şəkildə dəyişdirilmir: “Hər hansı bir qüsur olarsa sayğac dəyişdirilir, sayğac dəyişdiriləndə isə balansda məbləğ varsa, yeni karta köçürülür”.

Geri qayıt