Əsas Səhifə > Hadisə, Manşet > Oqtay Şirəliyevin nazirliyində maxinasiyalar...
Oqtay Şirəliyevin nazirliyində maxinasiyalar...8-06-2018, 10:00 |
Nazirlik prosedur qaydalarını qanuni şəkildə həyata keçirsə də son mərhələdə məhz “damara baxıb qan almaqla” işə qəbul həyata keçirdir. İmtahan verən şəxs lap təbib-loğman olsa belə mərkəzi xəstəxanalara qəbul üçün tələb olunan “kriteryalara” cavab verməlidir. Azərbaycan səhiyyəsi zaman-zaman öz gözlənilməz sürprizləri ilə hamını heyrətləndirməyi bacarıb. Xəstənin şikəst ayağının yerinə sağlam ayağını kəsmək, ürəyin yerinə böyrəyi müalicə etmək, doğuş zamanı ana ölümlərinin az qala yol qəzalarına bərabər həddə çatması və sair kimi “möcüzələr” səhiyyəmizin “uğurlarındandır”. Hələ xəstəxanalarda əl yandıran qiymətləri, pulsuz heç xəstənin üzünə belə baxılmaması barədə danışsaq gərək ya biz dəsmal götürüb ağlayaq, ya da Səhiyyə nazirliyinin yetkililəri. Təbii ki, bütün bu alternativsiz səhiyyə sisteminin vurduğu zərbələrin acısını çəkən bizlər olduğumuz üçün ağlamaq işi də bizə düşür. Siz heç xəstəsi ölən həkimin ağladığını görmüsünüzmü? Son illərdə səhiyyə sistemində hökm sürən neqativ halların aradan qaldırılması üçün bir sıra layihələr həyata keçirilməyə başlayıb. Bunlardan biri də həkimlərin işə qəbulu prosesinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi ilə bağlıdır. Səhiyyə nazirliyinin rəsmi məlumatına inansaq Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır. Müsabiqədə iştirak üçün namizəd Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində müvafiq elektron xidmət bölməsinə daxil olaraq, elektron ərizənin doldurulmalıdır. Qanunla nəzərdə tutulmuş hallarda sertifikasiyadan keçirilməyən şəxslər ali təhsil haqqında sənədin və olduğu halda, ixtisaslaşma haqqında sənədin surətlərini ərizələrinə əlavə etməlidirlər. Həmçinin namizəd işə qəbul olunmaq üçün ixtisasına və ya baza təhsilinə uyğun 5 vakant yer seçə bilər. Namizədin topladığı bal onun seçdiyi 5 vakant yerə uyğun olaraq ardıcıllıqla yoxlanılır. Vakant elan edilmiş vəzifəyə təyin olunmaq üçün həmin vəzifəyə namizədlər arasında daha yüksək bal toplamış şəxs seçilir. Göründüyü kimi prosesin şəffaflığı üçün mükəmməl hüquqi baza formalaşdırılıb. Lakin apardığımız araşdırma əslində Səhiyyə Nazirliyinin “stəkanda fırtına” effekti yaratdığını, həkimlərin işə qəbul prosesinin Nuh Nəbidən qalma üsullarla aparıldığını ortaya çıxartdı. Düzdür, ucqarlarda bu proses müəyyən qədər müəyyənləşdirilmiş qaydalara uyğun aparılır. Amma, söhbət Bakının nüfuzlu, gəlirli xəstəxanalarından gedərsə mənzərə tamamilə başqa cürə olur. Rubrika.az xəbər verir ki, paytaxtın mərkəzində yerləşən tanınmış, gəlirli xəstəxanalara vakant yerlərə həkim qəbulu prosesi daha çox “göndəriş” üsulu ilə həyata keçirilir. Yəni nazirlik prosedur qaydalarını qanuni şəkildə həyata keçirsə də son mərhələdə məhz “damara baxıb qan almaqla” işə qəbul həyata keçirdir. İmtahan verən şəxs lap təbib-loğman olsa belə mərkəzi xəstəxanalara qəbul üçün tələb olunan “kriteryalara” cavab verməlidir. Bu kriteryaların isə neçəyə olduğu barədə aidiyyatlı orqanlar araşdırma aparsalar daha məqsədəuyğun olardı. İnanmırıq ki, bizə və çoxlarına məlum olan faktları onlar bilməsinlər. O zaman sual yaranır ki, nədən dövlətin qanunları bir qrupun mənafeləri naminə tapdalanır və buna göz yumulur? Niyə savadlı həkimlərin işə qəbulu prosesi bir qrupun tamahı ucbatından korrupsiya, rüşvət bataqlığına çevrilir. Araşdırmalarımız davam edir. Mövzunu davam etdirəcəyik. Geri qayıt |