Əsas Səhifə > Hadisə, Manşet > Üç oliqarxla bağlı bankın bağlanmasındakı böyük müəmma...
Üç oliqarxla bağlı bankın bağlanmasındakı böyük müəmma...29-12-2017, 10:19 |
Xəbər verildiyi kimi, bir neçə gün öncə Maliyyə Bazarlarına Nəzarət Palatası "Dəmirbank” ASC-nin lizensiyasını ləğv edib. Xatırladaq ki, bu bankın əsas səhmdarları 25 faizlə Avropa Yenidənqurma və İnkişaf Bankı və 10 faizlə Hollandiya Maliyyə Şirkəti hesab edilir. Bununla belə, bir neçə iri məmur-oliqarxın "Dəmirbank”la sıcaq ilişkisinin olduğu da bəllidir. Bu barədə bir qədər sonra. Hələliksə onu deyək ki, "Dəmirbank” 2017-ci il 3-cü rübün yekunlarına əsasən, aktivlərinin həcminə görə 31 bank arasında 15-ci, kredit portfelinə görə 12-ci, depozit portfelinə görə 20-ci yerdə qərarlaşıb. 9 ayın yekunlarına görə, bankın fəalliyyətində 20 milyon manatdan artıq zərər yaranıb, balans kapitalı minimum normativdən təxminən 2 dəfə az olub. Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün 53 milyon manata yaxın ehtiyat yaradılıb ki, bu bankın hazırkı öhdəliklərinin 10%-dən bir az çoxdur. Onu da yada salmaq yerinə düşər ki, "Dəmirbank” ölkənin ən uzunömürlü banklarından biri idi. Onun yaranma tarixi 6 oktyabr 1989-cu il, lisenziya alma tarixi 23 noyabr 1992-ci il göstərilir. Rəqəmlərdən görünür ki, devalvasiyaya qədər bank xeyli güclənibmiş. 2010-2015-ci illərdə bankın aktivlərinin həcmi 73% artaraq 589 milyona çatsa da, son 2 ildə 30%-ə yaxın azalmaqla 429 milyon manata enib. Böyük neft pulları dövründə – bankın aktivlərinin qısa müddətdə az qala 2 dəfə genişləndiyi dövrdə bank, əsasən, istehlak kreditləşməsinə üstünlük verib. 2015-ci ilin yekunlarına görə bankın 428 milyon manatlıq kredit portfelinin 63.3%-ni (270 milyon manat) istehlak kreditləri təşkil edib. Ancaq son iki ildə bankın işləri qaydasında getməyib və o qəfildən ləğv olunub. "Unikal” qəzetinin əldə etdiyi məlumatlarda bankın bağlanma ehtimalının hətta onun yüksək vəzifəli işçiləri üçün də gözlənilməz olduğu bildirilir. Bu iddianı təsdiqləyən məqamlardan biri isə "Dəmirbank”ın bağlandığı gün gündüz saatlarında vakansiya elan etdiyi barədə iqtisadiyyat saytlarına düşən elandır. Elə həmin axşam bankın lisenziyası ləğv edildi... Bundan başqa, o da maraqlıdır ki, iqtisadçı ekspertlərin bağlanmasını proqnozlaşdırdığı banklar arasında "Dəmirbank”ın adına demək olar, rastlanmırdı. Deyilənləri nəzərə aldıqda bankın bir andaca ləğvi həqiqətən maraq doğurur. Yuxarıda qeyd etdik ki, bu bankın üç məmur-oliqarxla müəyyən yaxınlığı var idi. Bunlar Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov, baş nazirin müavini Abid Şərifov və Sumqayıtın keçmiş icra başçısı Şakir Abuşovdur. Belə ki, bankın İdarə Heyətinin sədri postunu sonuncunun oğlu Fərid Abuşov tutur. Bankın mərkəzi filiallarından birinə - Nəsimi rayon filialına isə ölkənin baş bankirinin qardaşı rəhbərlik edir. O ki, qaldı Müşahidə Şurasının sədri Rəhman Hacıyevə, onun baş nazir müavini Abid Şərifovun yerlisi (hər ikisi Şəki rayonundadır) olmaqla bərabər, həm də yaxın adamı olduğu deyilir. Beləliklə, bu üç kifayət qədər nüfuzlu və imkanlı məmurla bağlılığa malik bir bankın çoxlarının gözləmədiyi, hətta proqnozlaşdırmadığı şəkildə ləğvi diqqət çəkəndir. Daha bir maraqlı məqam isə bankın bağlanmasından sonra 28 milyon manat dəyərində əmanətin sahiblərinə qaytarılmayacağı barədə məlumatdır. Bunun səbəbi odur ki, həmin əmanətlər sığortalanmayıb. Əlbəttə, burada əmanət sahibləri ilə bərabər, bankın da davranışı maraq doğurur. "Dəmirbank” rəhbərliyi bu qədər böyük vəsaitin sığortalanmamasına niyə laqeyd yanaşıb? Ən əsası isə, həmin 28 milyon manatın sonrakı aqibəti necə olacaq? Bu pullar kimlərinsə işinə yarayacaq, ya yox?! Başqa bir maraqlı detal isə bankın İdarə Heyəti sədrinin bağlanma ilə bağlı xəbərə çox qısa münasibət bildirməsidir. Üstəlik, bu "qısa münasibət”də də yaranmış suallara hər hansı konkret cavab yoxdur. Sitat: "Bununla (bankın lisenziyasının ləğvi – red.) bağlı yanaşma müxtəlif ola bilər. Bu qərarın tələsik və yaxud gecikmiş olduğu deyilə bilər, yəni hər şey nisbidir. Amma hər halda mövcud vəziyyət belə bir qərarın qəbul edilməsinə səbəb oldu. Başqa heç bir şərh vermək istəmirəm”. Və sitatın sonu! Göründüyü kimi, Fərid Abuşovun açıqlaması nəinki ictimaiyyətdəki suallara hər hansı aydınlıq gətirir, hətta əlavə suallar doğurur. Məsələn, İdarə Heyəti sədrinin "başqa heç bir şərh vermək istəməməsi” əslində "şərh verilməli olan məsələlərin” varlığınımı göstərir?! Beləliklə, "Dəmirbank”ın bağlanması neçə gündür gündəmdən düşmür, ancaq görünən odur hələ bir müddət də mətbuatın əsas müzakirə mövzusu olaraq qalacaq. Çünki bu bank ətrafında yaşananlarda həqiqətən aydınlıq gətirilməsi vacib olan xeyli sual, bir çox qaranlıq mətləb var. Ən azı bu yazıda toxunduğumuz məqamlar belə düşünməyə əsas verir... Geri qayıt |