Əsas Səhifə > Hadisə, Manşet > Eldar Mahmudov 2018-ci ili həbsdə qarşılaya bilər
Eldar Mahmudov 2018-ci ili həbsdə qarşılaya bilər1-12-2017, 11:07 |
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevə noyabrın 30-da hökm oxunub. “Mən generalam” deyən Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Hər 2 şəxs sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qanunsuz əmrlərini yerinə yetirən, “vurub-yıxan” komandasına daxil olan “MTN-çi”lər kimi tanınırdılar. 2015-ci ildə Eldar Mahmudov vəzifəsindən çıxarılandan və MTN-də qəfil yoxlamalar başlanandan sonra 20-yə yaxın “mahmudovçu” həbs edilmişdi. Həmin vaxt Elçin Quliyev kənarda qala bilsə də, onun müavini İlqar Əliyev həbsə alınmışdı. Sonradan İ.Əliyev saxlandığı Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə dünyasını dəyişdi. Lakin onu kamerası boş qalmadı. Rəisi olmuş Elçin Quliyevi həbsə alıb Bakı İstintaq Təcridxanasına göndərdilər. E.Quliyev ibtidai istintaq zamanı, sonradan məhkəməsində üzvü olduğu komandanın uzun illər başçısı olmuş Eldar Mahmudovun əleyhinə danışmır, ifadələr vermirdi. Məhkəməsinin sonlarına yaxın isə Elçin Quliyevin söylədikləri bir anın içində bütün mətbuatı əhatə etdi. “Mən generalam” deyib sinəsinə döyən E.Quliyev sabiq şefinin qanunsuz əmrlər verməsindən danışdı. Dedi ki, Eldar Mahmudov deyib, onlar da keçmiş iş yoldaşları Mətləb Mustafayevin qardaşı Malik Mustafayevin evinə odlu silah qoyublar, onu həbs ediblər. Bu çox ciddi ittihamı Elçin Quliyev məhkəmədə dilə gətirdiyi günlərdə Eldar Mahmudovu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirir, sorğu sual edirdilər. Bu sorğu sualdan əvvəl isə Eldar Mahmudovun əmisi oğlu, köməkçisi Vüqar Mahmudovu da həmin idarəyə çağırıb həbsə almışdılar. Belə təəssürat yaranmışdı ki, Eldar Mahmudovu da 1-2 dəfə istintaqa çağırıb dindirəcək və çağırışların birində həbs edəcəklər. Elçin Quliyev də belə günlərin birində sabiq şefinə qarşı ifadələr verməyə başlamışdı. Eldar Mahmudov vəzifədən çıxarılandan sonra ətrafında yaranan müəmmalı vəziyyət isə davam etməkdədir. İstintaq İdarəsinə sonuncu çağırışı da bir neçə saatlıq dindirmə ilə başa çatmış, sonra Eldar Mahmudov binadan çıxıb bahalı maşınına tərəf addımlamışdı. Həmin vaxt MTN-çilərin əməllərindən zərərçəkən bir qrup onu əhatəyə almış, ürək sözlərini demişdi. Bu haqda mətbuatda çeşidli yazılar yazılandan sonra məlum oldu ki, E.Mahmudovu istintaqa daha açıq-aşkar dəvət etməyəcəklər. Gizli çağıracaqlar, dindirəcəklər. Belə görünür ki, zərərçəkənlərin E.Mahmudovu əhatəyə almaları, ona o qədər də xoş olmayan söz demələri dolayısı ilə də olsa, sabiq nazirin ziyanına olmayıb. Onu daha dindirməyə də çağırmırlar. Belə görünür ki, sabiq nazir qurtulub və ya onunla bağlı proses son dərəcə məxfi aparılır. Bir mənbənin məlumatına görə isə sabiq MTN şefinin barəsində ittihamnamə hazırlanır və o, 2018-ci ili həbsdə qarşılaya bilər. \\musavat.com\\ Geri qayıt |