Əsas Səhifə > Hadisə, Manşet > Misir Mərdanovun adamı vətəndaşı incidir
Misir Mərdanovun adamı vətəndaşı incidir15-11-2017, 10:23 |
“Hürriyyət”in 27-30 oktyabr tarixli sayında "Dəmirovun milyonluq torpaq sahəsini ələ keçirmək cəhdi" sərlövhəli yazıda Ramanada baş verən qanunsuzluqlardan bəhs etmişdik. Anons xarakterli yazımızda qeyd etmişdik ki, “İstehsalat Təmir Tikinti” ASC-nin onlarla səhmdarının xəbəri olmadan, 5 hektara yaxın torpaq sahəsinin yüksək səlahiyyətli məmurlardan birinin yaxın adamları tərəfindən qanunsuz olaraq özəlləşdirilməsinə cəhd olunur: “Şəkildə gördüyünüz torpaq sahəsi vaxtilə Sabunçu rayonu Raman qəsəbəsi 2-ci sahə deyilən ərazidə yerləşən Qaz-aparat zavoduna məxsus olub. Rayon sakini Xəlilov Mehman Əli oğlu 1996-cı ildən zavodun gözətçisi, rəsmi işçisi olaraq öz ailə üzvləri ilə birgə bu torpaq sahəsində tikilmiş “finski” evdə yaşayıb. 1996-cı ildə Allahverdi Dəmirov adlı şəxs “Azəriqaz” QSC İstehsalat Kombinatına məxsus 5 hektar ərazini qanunsuz yollarla ələ keçirib. Belə ki, saxta sənədlər əsasında bu ərazi “İstehsalat Təmir Tikinti” ASC-nin balansına verilib. Sonradan isə bu səhmdar cəmiyyətin AKKORD-la birləşdiyi haqda informasiyalar var”. Yazıda onu da vurğulamışdıq ki, hazırda A.Dəmirov həmin ərazini özəlləşdirərək satmaq niyyətindədir: “Hətta artıq bu ərazinin özəlləşdirilməsi üçün rəsmi şəxslərlə anlaşma əldə edildiyi də bildirilir. O cümlədən torpağa müştəri də tapılıb. Lakin “İstehsalat Təmir Tikinti” ASC-nin üzvü olan Mehman Xəlilov və ailəsinin sözügedən ərazidə yaşaması Allahverdi Dəmirovun öz çirkin niyyətini gerçəkləşdirməsinə imkan vermir. Bunun üçün də o, bütün yollarla M.Xəlilovun ailə üzvlərinə təzyiq göstərərək, onları həmin ərazidən çıxarmağa çalışır”. Bəs, Allahverdi Dəmirov kimdir və onun bu qanunsuz əməllərinin arxasında hansı məmur dayanır? Digər tərəfdən, o da maraqlıdır ki, hazırda “Azəriqaz”ın balansında olan ərazini necə və hansı yollarla özəlləşdirmək istəyirlər? Bu və digər çoxsaylı suallara aydınlıq gətirməzdən öncə qeyd edək ki, məlum dəstə 1996-cı ildən Qaz-aparat zavodunda gözətçi işləyən Mehman Xəlilovu və ailə üzvlərini yaşadıqları evdən uzaqlaşdırmaqla, həmin ərazini tam olaraq satmağı düşünürlər. Bu məqsədlə də ailə üzvlərinə ardıcıl olaraq təzyiqlər edilməkdədir. “Allahverdi Dəmirov 5 hektarlıq ərazini özünün şəxsi mülki kimi hasara aldı” Bununla bağlı Xəlilzadə Asiman Mehman oğlu tərəfindən redaksiyamıza daxil olan şikayət məktubunda vurğulanır: “Allahverdi Dəmirov Təhsil Nazirliyinin Təmir-Tikinti İdarəsinin müdiri işlədiyi müddətdə dövlət tərəfindən məktəb tikintiləri üçün ayrılmış kubik-daşları, sementi, qumu mənimsəyərək, həmin əraziyə gətirib, yardımçı təsərrüfatın təxminən 5 hektarlıq ərazisini özünün şəxsi mülki kimi hasara aldı. Onu da qeyd edək ki, A.Dəmirov saxtakarlıq yolu ilə guya həmin yardımçı təsərrüfatı səhmdar cəmiyyətə çevirərək, külli miqdarda dövlət vəsaitini mənimsəyib. Uzun müddətdir ki, həmin yardımçı təsərrüfatda atam gözətçi kimi işləsə də, eyni zamanda həmin Təmir-Tikinti Səhmdar Cəmiyyətinin üzvü olsa da, hal-hazırkı müddətə qədər nə gözətçi kimi əmək haqqını, nə də səhm payını tam ala bilməmişdir. Sonradan səhmdar cəmiyyət AKKORD təşkilatı ilə birləşdi. Lakin bundan məharətlə istifadə edən A.Dəmirov torpaq sahəsində özü üçün şəxsi fermer təsərrüfatı yaratdı. Hazırda həmin 5 hektar torpaq sahəsini milyonlarla manata naməlum şəxslərə sataraq, dövlətə külli miqdarda ziyan vurmaq, məni isə ailəmlə birlikdə həmin yardımçı təsərrüfatdan qovmaq niyyətindədir. Bu səbəbdən də, hər gün A.Dəmirovun qoçuları gəlib mənə və ailəmə hədə-qorxu gələrək, bizi qovmaq istəyir. Üstəlik, həyətyanı sahəmizdən çıxmayacağımız təqdirdə bizi polis orqanları vasitəsilə həmin təsərrüfatdan qovduracağı ilə hədələyir”. “Bizi 20-22 illik yaşayış yerimizdən çıxararaq, küçəyə atmaq niyyətindədirlər” Şikayətçi deyir ki, yardımçı təsərrüfatın bir tərəfində yerləşən evlərini və həyətyanı sahələrini tərk etmək üçün A.Dəmirovun ələltıları tərəfindən onlara mütəmadi təzyiqlər edilir: “Müxtəlif məmurlardan istifadə edərək, hədə-qorxu üsulu ilə bizi 20-22 illik yaşayış yerimizdən çıxararaq, küçəyə atmaq niyyətindədirlər. Niyyətlərinə çatmaq üçün bir müddət əvvəl özünü sahə müvəkkili kimi təqdim edən Elçin adlı şəxsin əməliyyatçı kimi tanıtdığı, lakin adını və soyadını gizləyən, eləcə də onlarla birlikdə gələn, özünü yer sahibinin rəsmi nümayəndəsi kimi təqdim edən, lakin heç bir etibarnamə göstərməyən Faiq adlı şəxsi həyətimizə göndərərək atama hədə-qorxu gəlmiş, tezliklə buranı tərk etməyimiz barədə xəbərdarlıq etmişlər”. Müəllif yazır ki, bütün bu təzyiqlər nəticə vermədikdən sonra yardımçı təsərrüfatın işıqlarını söndürməklə, ailə üzvlərini qaranlığa qərq ediblər: “Elektrik enerjisini bərpa etmək üçün “Azərişıq” ASC-nin Bakıxanov qəsəbəsində yerləşən, Sabunçu rayonuna baxan şöbəsinə müraciət etsəm də, bildirdilər ki, A.Dəmirovun qoçuları bizə elektrik enerjisi verilməməsi barədə tapşırıq veriblər. Bu hadisədən sonra qonşuların mərhəmətinə sığınmağa məcbur olduq. Belə ki, qapıbir qonşumuzdan müvəqqəti elektrik enerjisi alsaq da, bazar günü olmasına baxmayaraq “Azərişıq” ASC-nin nümayəndəsi gələrək, qonşudan aldığımız elektrik enerjisini dayandırmayacağımız təqdirdə, qonşunun da işığını kəsəcəyini bildirərək, enerji qaynağından istifadəmizə son qoydular. Mən etiraz edərək, qonşunun qanunla sayğacdan istifadə etdiyini və mənim onunla müvəqqəti razılaşdığımı bildirsəm də, tapşırığın “yuxarı”dan verildiyini bildirdi”. “Ya Dəmirovdan rüşvət alıblar, ya da təzyiqə məruz qalıblar...” A.Xəlilzadə qey edir ki, bu məsələ ilə bağlı təkrar “Azərişıq” ASC-yə müraciət edib: “Məsələnin müsbət həllinə razılıq alsam da, “Azərişıq” ASC-nin Bakıxanov qəsəbəsində yerləşən Sabunçu rayon şöbəsi bizim ailəyə elektrik enerjisi verilməsindən imtina etdi. Sözlərindən belə aydın oldu ki, ya Dəmirovdan rüşvət alıblar, ya da təzyiqə məruz qalıblar. Daha öncələr də hədə-qorxu gəlmək üçün dəfələrlə gəlmiş, özünü Faiq kimi təqdim edən şəxs bundan sonra qaz və su verilməsinin də dayandırılacağına nail olacaqlarını bildirmişdir. Hətta bu şəxs evimizin üstündən ekskavatorla keçəcəyini bildirir. Allahverdi Dəmirov korrupsiya yolu ilə mənimsədiyi dövlət torpaqlarını satmaq və özünü sığortalayaraq, maskalamaq üçün 9 saylı Notariat Kontorunun Rəşadət adlı rəisi ilə sövdələşmişdir. Belə ki, A.Dəmirov bir neçə il əvvəl yardımçı təsərrüfatda tikdirdiyi evə Xan adlı yaxın qohumunu yerləşdirmişdir. Həmin şəxsin bildirdiyinə görə, ərazi artıq Rəşadət adlı şəxsindir. Lakin Notariat Kontorunun rəisinin dəyəri milyonlarla manatla ölçülən bu ərazini hansı əmək haqqı ilə alması qaranlıq olaraq qalır. Bəzi qeyri-rəsmi məlumatlara görə, Rəşadəti polis orqanlarında xidmət edən yüksək rütbəli məmur himayə edir. Bu torpaq sahəsində yerləşən bəzi tikililəri də həmin Mehman adlı məmurun İlkin adlı oğlunun adına sənədləşdirməklə, 5 hektarlıq ərazini mənimsəyərək, satmağa çalışrılar”. Bəs, 9 saylı Notariat Kontorunun Rəşadət adlı rəisi dəyəri milyonlarla ölçülən ərazini necə almaq istəyir? O cümlədən, söhbət hansı Mehman və İlkindən gedir? Ümumiyyətlə, bu isimlərin arxasında hansı məmur dayanır. Bu və digər suallara növbəti saylarımızda cavab tapa biləcəksiniz. Geri qayıt |