Əsas Səhifə > Hadisə, Manşet > Biləsuvar sakinləri nədən narazıdır?

Biləsuvar sakinləri nədən narazıdır?


27-10-2017, 10:13
Biləsuvar sakinləri nədən narazıdır?
2012-ci ildə su və kanalizasiya xətlərinin bərpası adı altında mərkəzi küçələrin asfalt örtüyü dağılaraq, viran qoyulub. Sonradan həmin ərazilər bərpa edilmədiyindən əsl xarabalığa çevrilib. Bu mənzərə ilə yüz minə yaxın əhalisi olan Biləsuvar rayonuna daxil olanda qarşılaşırsan.

Rayonun mərkəzi ünvanı sayılan Heydər Əliyev küçəsindən başqa bütün ərazilər qazılaraq, keçilməz olub. Kanalizasiya xətləri düzgün quraşdırılmadığından yağış yağanda bu küçələrdən keçməmək məsləhətdir. Başqa sözlə desək, yayda toz-dumandan göz-gözü görməyən bu küçələr qışda “Venesiya”nı xatırladır.

Baxmayaraq ki, Biləsuvar 1990-1999-cu illərdə ölkənin ekoloji cəhətdən ən təmiz rayonu seçilib. Bu gün isə mənzərə tam başqadır.

Yenicag.az saytı xəbər verir ki, rayonda 2012-ci ildən kanalizasiya xətlərinin çəkilməsi adı altında xarabalığa çevrilən rayon mərkəzi və ara küçələr ən yüksək dağlıq kəndlərindəki məhəllələr qədər bərbad vəziyyətdədir. “Azadlıq”, “Mübariz İbrahimov”, “Dalan- 1”, “Dalan -2”, “Bakı”, “Babək”, “Puşkin”, “Vaqif”, “Şıxəli Qurbanov”, “Baba Xəmmədov”, “Seyfəddin Rufullayev” küçələrindəki vəziyyət rayon sakinlərini lap təngə gətirib.

Sakinlərin iddiasına görə, rayonu bu hala salan “Azərsu ASC” gördüyü işi normal şəkildə başa vurmayıb. Nəticədə, kanalizasiya xətlərinin çəkilməsi yanlış layihə əsasında həyata keçirilib. Prezident İlham Əliyevin su və kanalizasiya xətlərinin bərpası ilə bağlı sərəncamından sonra ayrılan 6 milyon manat vəsait rayonun sadəcə, bir hissəsinə xərclənib. Əməkdaşımızın rayon sakinləri ilə apardığı söhbətdən də belə məlum olub ki, kanalizasiya xətlərinin çəkilişi tamamilə formal xarakter daşıyıb və 5 ildir ki, yarımçıq qalan işin ağrı-acısını indi onlar çəkir. Hətta vəziyyət o həddə çatıb ki, valideynlər qış aylarında övladlarını məktəbə apara bilmirlər. Gölməçələr bir yana, antisanitariya baş alıb gedir. “Azadlıq” küçəsində yaşayan Flora Həmdullayeva deyir ki, küçədə aşıb-daşan su sakinlərin həyətyanı sahələrinə dolaraq, nəmişlik və çırkab yaradıb:

“”Azərsu”- nun əməkdaşları heç bir açıqlama vermədən hər şeyi yarımçıq qoydular. İşləri bitirmədən başqa bir rayonun kanalizasiya xətlərini çəkməyə getdilər, orda da eyni biabırçılığı həyata keçiriblər”.

Saytımıza açıqlamasında rayondakı vəziyyətdən xəbərdar olduqlarını deyən “Azərsu ASC”nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, yarımçıq qalan işlər yaxın vaxtlarda davam etdiriləcək.

Xatırladaq ki, prezident İlham Əliyev 30 avqust 2017 –ci ildə Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsi kimi, diametrləri 200-500 mm, uzunluğu 4,36 km olan kanalizasiya şəbəkəsinin, diametri 800 mm, uzunluğu 2,9 km olan magistral kanalizasiya kollektorunun tikintisi və ilkin mərhələdə görülən işlər nəticəsində sökülmüş 178000 kvadratmetr asfalt örtüyündən 30000 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranıb. İşlərin davam etdirilməsi üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılıb.

Geri qayıt