Əsas Səhifə > Hadisə, Manşet > Bakının bir addımlığında məchul ünvan:

Bakının bir addımlığında məchul ünvan:


20-09-2017, 10:12
Bakının bir addımlığında məchul ünvan:
Vətəndaşlar yenə tikinti şirkətindən narazılıq edirlər. Bu dəfə Xırdalan şəhəri, Həsən Əliyev küçəsində yerləşən "ünvansız" binanın sakinləri, binanı inşa edən "Real Ko" MMC-dən şikayətçidirlər.
Məsələ ondadır ki, Həsən Əliyev küçəsində, Bakı Mühəndislik Universitetinin yaxınlığında tikilən 3 binada mənzillərin əksəriyyəti satılıb. Hətta mənzil sahibləri mənzillərini təmir edib köçüblər də. Bina "Azərişıq" ASC-nin balansında olsa da, binalara elektrik enerjisi Ceyranbatan ərazisindən verilir. Binaya su nazik borularla ötürülür.

Bundan başqa, binada qaz da yoxdur. Sputnik Azərbaycan-ın əməkdaşına danışan sakinlər bildirirlər ki, 154 mənzildən 90-ı artıq satılıb. 45 mənzildə isə artıq yaşayış da var.
Bina sakini Xeyrulla Nəcəfovun sözlərinə görə, bina 2008-ci ildə tikilməyə başlayıb, 2014-cü ildə isə sakinlər binaya köçüblər: "Mən mənzilimi 42 min manata almışam. Mənə "Maliyyə arayışı" da veriblər. Deyiblər ki, "yaşaya bilərsiniz". Ancaq 3 ildir buraya köçməyimizə baxmayaraq, binamızın nə ünvanı var, nə suyumuz, nə də qazımız".
Bir neçə gün öncə binanın elektrik enerjisi 3 günlük söndürülüb. Xeyrulla Nəcəfov deyir ki, 90 yaşlı anası qaranlıqda yıxılıb, ayağı sınıb: "Həkimə apardım. Dedilər, "yaşlıdır, əməliyyat etmək olmaz". Vaxt qoydular onun üçün. Dedilər, "belə yaşlı insanlar gəzməkdən qalanda, dünyasını tez dəyişirlər". Mən anamı niyə kiminsə günahı üzündən itirməliyəm? Mən dərdimi kimə deyim?".

Bina sakinləri dəfələrlə tikinti şirkətinin rəhbərinə şikayət etsələr də, "bu gün olacaq, sabah olacaq" deyə sakinləri süründürməçiliyə salıblar. Sakinlər deyirlər ki, mənzillər satılarkən onlara ərazidə uşaq bağçası, mağazalar, apteklər, gözəllik salonları olacağı bildirilib. Bildiriblər ki, mənzillər "Çıxarış"lı, qazla, su və elektrik enerjisi ilə təmin edilmiş olacaq.

Şirkətdən, həmçinin bildiriblər ki, binanın səliqəli həyəti və uşaq meydançaları olacaq. Aradan 3-4 il keçib. Amma köçdükləri zaman bina hansı vəziyyətdə olubsa, indi də həmin vəziyyətdədir. Binanın arxasında olan avtomobil yoluna piyada keçidi də qoyulmayıb. Qısacası, sakinlər bildirirlər ki, onların burada yaşaması heç bir yerdə qeydiyyata alınmayıb. Hər hansı qəza baş versə, təcili yardım, xilasedici çağırmalı olsalar, deməyə ünvanları da yoxdur.
Bina sakini Emin Baloğlanovun bildirdiyinə görə, binada mənzillərin əksəriyyətinə qapı da qoyulmayıb. Binaya elektrik enerjisi fasilə ilə verildiyi üçün sakinlər mənzillərini təmir edib köçə bilmirlər: "İki-üç gün öncə binamızda elektrik enerjisini 3 günlük kəsdilər. Hara şikayət etsək də, faydası olmadı".
Digər bina sakini Vidadi Qasımov isə deyir ki, tikinti şirkətindən prokurorluğa şikayət ünvanlanıb: "Biz şikayət edəndən sonra şirkətin rəhbərliyi prokurorluqda bildirib ki, guya biz icazəsiz köçüb yaşamağa başlamışıq. Sizcə, bu, mümkün olan haldırmı? Bizə "Maliyyə arayışı" verilib. Deyilib ki, "yaşaya bilərsiniz". Təkcə binanın nə zaman təhvil verildiyi qeyd olunmayıb. Bina dövlətə təhvil verilmədiyi üçün şəraitimiz çox bərbad vəziyyətdədir".

Vətəndaşlar bildirirlər ki, binaya qaz çəkilməsi üçün şirkət hər mənzildən 1000 manat pul istəyib. Onların isə bu məbləği verməyə gücləri çatmır.

Binada elektrik enerjisi fasilələrlə verilir, tez-tez dayandırılır. Qış aylarında isə mənzillər elektrik enerjisi ilə qızdırıldığı üçün onlara enerjiyə görə böyük məbləğdə borc gəlir.
Sakinlər, başqa yerə köçməyə də imkanlarının olmadığını qeyd edirlər. Onlar Sputnik Azərbaycan vasitəsilə aidiyyatı qurumlara müraciət edib, problemlərinin həll edilməsinə yardım etmələrini xahiş edirlər.


Geri qayıt