Əsas Səhifə > Hadisə, Manşet > Nə yediyimizin fərqindəyikmi?

Nə yediyimizin fərqindəyikmi?


22-08-2017, 10:28
Nə yediyimizin fərqindəyikmi?
Az qala, hər gün hansısa ərzaq məhsulunun saxta və keyfiyyətsiz olması ilə bağlı TV-lərdən xəbərləri izləyirik. Rəsmi qurumların nümayəndələri bu yöndə araşdırmaların aparıldığını, nəzarət prosesinin həyata keçirildiyini iddia etsələr də, real mənzərə bir qədər fərqlidir.
Məlumdur ki, ölkədə istehsal olunan, eləcə də kənardan gətirilən ərzaq məhsulları ilə bağlı ortaya çıxan problemlər cəmiyyəti ciddi şəkildə narahat edir. Son dövrlər bununla bağlı ictimai müzakirələr aparılsa da, hökumətin aidiyyatı qurumları bəyanat verməkdən, yaxud faktların şişirdildiyini iddia etməkdən başqa bir iş görmürlər. Ancaq fakt odur ki, Azərbaycanda leş ətləri satışa çıxarılır, insan orqanizminə zərərli məhsullardan kolbasa, sosika istehsal edilir, heç bir gigiyenik qaydalar gözlənilmədən müxtəlif adlarda sular qablaşdırılır. Yüzlərlə fakt göstərmək olar ki, hər biri ayrı-ayrılıqda ölkə əhalisinin qida məhsulları ilə bağlı təhlükəli vəziyyətlə üz-üzə olduğunu sübuta yetirsin.
“Reytinq” qəzetinin əməkdaşı real vəziyyəti araşdırmaq, hazırkı durumdan çıxış yolları ilə bağlı bir sıra ekspertləri danışdırıb. Onların arqumentli cavablarından ayıdan olur ki, ölkənin qida təhlükəsizliyi ciddi təhdid altındadır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov «Reytinq»ə deyib ki, bu sahədə vəziyyət olduqca pisdir. Onun sözlərinə, qida məhsullarının istehsalı və satışı ilə məşğul olan biznes qurumlarının daha çox pul qazanmaq istəyi ön plana çıxdığı üçün keyfiyyət məsələsi arxaya keçib.
Satışda insan həyatı üçün təhlükəli qidalar var
Ekspert bu sahədə qanunvericilik bazasının da bərbad olduğu qənaətindədir:
«Cəmiyyəti insanlar yox, qanunlar idarə etməlidir. Amma Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı qanun yoxdur. Qanun olmayan yerdə mütləq cinayət baş verir. Azərbaycanda külli miqdarda təhlükəli qidalar var ki, onlar həm daxildə istehsal olunur, həm də xaricdən gətirilir”.
Ölkə başçısının bu ilin fevral ayında Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı sərəncamına da diqqət çəkən Eyyub Hüseynov bildirib ki, Azad İstehlakçılar Birliyi (AİB) həmin prosesi izləyir. Həmin agentliyin dünya standartlarına uyğun formalaşması və fəaliyyəti üçün səylər göstərir:
“İnsanlar bilməlidir ki, onların həyatı sağlam qidadan asılıdır. Böyük Hippokrat deyirdi ki, insan nə yeyirsə, odur. Azərbaycanda qidaların hansı səviyyədə olduğunu bilmək üçün apteklərə nəzər yetirmək lazımdır. Bu gün bütün apteklərdə insanlar növbəyə dayanıb. Bunun özü də sübut edir ki, ölkədə külli miqdarda təhlükəli qidalar satılır”.
Səhiyyə Nazirliyi faktı ört-basdır edir
AİB sədri nəzərə çatdırıb ki, Azərbaycanda təhlükəli qidalarla bağlı problem hər zaman olub. Onun sözlərinə görə, iki il öncə biznes qurumlarının yoxlanılmasına ara verilməsi ilə bağlı qərar bu sahədə vəziyyəti daha da ağırlaşdırıb. Yəni, bəzi işbazlar yoxlamaların olmadığından istifadə edərək təhlükəli qidaları satışa çıxarırlar:
«Biz dəfələrlə demişik ki, insanların sağlamlığının keşiyində dayanan orqanla, sertifikat verən orqan bir-birindən ayrılmalıdır. Əgər hansısa sənaye üsulu ilə istehsal olunan məhsuldan zəhərlənmə olarsa, insanlar nə sizə, nə də mənə müraciət etməyəcəklər. Belə bir hal olan kimi Səhiyyə Nazirliyinə müraciət edirlər. Səhiyyə Nazirliyinin işçiləri tibbi müdaxilə edir, mədəni yuyur, ancaq zəhərlənmənin nədən olduğunu ortaya qoymurlar. Çünki hansısa ad açıqlansa, onda Səhiyyə Nazirliyinə başqa ittihamlar irəli sürülə bilər. O zaman bu nazirlik verdiyi sertifikata görə məsuliyyət daşımalı olar. Belə olan halda, Səhiyyə Nazirliyinin təhlükəli qida istehsal edən, yaxud satan hansısa şirkəti hədəfə gətirməsi inandırıcı deyil, heç eləmir də. Elə bu səbəbdəndir ki, Azərbaycanda zəhərlənmə göstəricisi ümumdünya göstəricilərindən dəfələrlə az göstərilir. Yəni, bu sahədə ciddi gizlətmə var”.
Artıq 20 ildir ki, istehlakçı hüquqlarının müdafiəsi ilə məşğul olduğunu bildirən AİB sədri qeyd edib ki, bu müddət ərzində bir dəfə də olsun, görməyib ki, dövlət orqanları zəhərlənmə baş verəndə kütləvi istehsal olunan malın adını çəksinlər. Buna səbəb isə iki fərqli missiyanı eyni qurumun həyata keçirməsidir.
İqtisadiyyat Nazirliyi qaçaqmalçıları müdafiə edir
E.Hüseynov bu sahədə baş verən qanunsuzluq və əyintilərin ört-basdır edildiyini də nəzərə çatdırıb. Onun iddasına görə, bütün bunlar nəyinsə qarşılığında həyata keçirilir:
«Ölkə prezidenti biznes qurumlarını yoxlamalardan azad etməsini rüşvət hallarının azalması və qiymətlərin aşağı düşməsinə hesablayırdı. Lakin elə olmadı, qiymətlər yenə qalxdı. Təəssüf ki, biznes qurumları bu vəziyyətdən sui-istifadə edirlər. Bizə gələn ard-arda şikayətlər göstərir ki, çox keyfiyyətsiz və saxta qida məhsullarını camaata satırlar. Bilirsiz, bu məsələyə ciddi yanaşılmalıdır.
Birincisi, qida təhlükəsizliyi ilə bağlı qanun qəbul olunmalıdır.
İkincisi, bu qanunu icra edən dövlət orqanlarının fəaliyyəti rüşvətsiz, tərəfsiz, şəffaf və qərərsiz olmalıdır.
İqtisadiyyat Nazirliyi 190 ştatla 9 mərtəbəli binada yerləşir və dəfələrlə təhlükəli qidalarla bağlı verdiyimiz məlumatlarımıza əhəmiyyət vermirlər. Bizə cavabları o olur ki, məhkəməyə müraciət edin.
Bu yaxınlarda təhlükəli kofelərin satılması barədə İqtisadiyyat Nazirliyinə məlumat verdik. Bizdən soruşurlar ki, harda satılır, satan şirkətin VÖEN-nin deyin. Sonra məlum olur ki, nazirlik qaçaqmalçılıq yolu ilə ölkəyə kofe gətirənlərin tərəfini saxlayır”.
Dövlət orqanları insanların aldadılmasına göz yumur
E.Hüseynov «İvanovka» markası altında keyfiyyətsiz məhsulların satılması ilə bağlı dəfələrlə məsələ qaldırsa da, onun bu xəbərdarlığına da əhəmiyyət verməyiblər:
“İnsanları aldadırlar, amma dövlət orqanları heç bir iş görmür. Bu, anormal və yolverilməzdir. Hesab edirəm ki, bu məsələdə dövlət orqanlarının kompleks səyi olmalıdır. Biz qida təhlukəsizliyi agenliyindən çox şey gözləyirik».
Kolbasaların tərkibində insan əti aşkarlanıb
Onu da əlavə edək ki, Rusiyanın "Mortadel” ət kombinatında istehsal olunan kolbasaların tərkibində insan ətinin aşkar edildiyi ilə bağlı məlumatlar verilib. İddia olunur ki, kombinatın "Kral” və "Dənəvər servelat” kolbasaları üzərində aparılan tədqiqatlar zamanı tərkibində insan əti olduğu müəyyən edilib. Bildirilir ki, kimsəsiz meyitlər ət kombinatına təhvil verilir və onların əti kolbasalara vurulur. Bu barədə fikirlərini bölüşən Eyyub Hüseynov bildirib ki, Azərbaycan istehsalçısı buna risk etməz:
"Azərbaycan istehsalçısının belə məhsul istehsal etməsi mümkün deyil. Xarici ölkələrdə ola bilər. Lakin xarici ölkələrdə istehsal edilmiş və tərkibində insan əti olan kolbasaların Azərbaycana idxalı istisna edilmir. Ola bilər ki, gətirilir və satılır. Ölkədə qidanın təhlükəsizliyinə dair qanun yoxdur, qanun olmayan yerdə də cinayət baş verir”.
E.Hüseynov "Mortadel” ət kombinatında istehsal olunmuş kolbasaların Azərbaycana idxal edilib-edilmədiyindən xəbərsiz olduğunu da bildirib. Əlavə edib ki, Azad İstehlakçılar Birliyi kolbasaların tərkibini müəyyən edən unikal cihaz əldə edəcək: "Həmin cihaz kolbasanın tərkibində donuz, at yaxud eşşək əti olduğunu müəyyən edəcək. İstehlakçılar üçün təmənnasız olaraq istifadə edəcəyik. Kim istəsə, aldığı kolbasanı gətirib, tərkibini yoxlatdıra bilər”.

Geri qayıt