Əsas Səhifə > Hadisə, Manşet > "Qalaaltı Hotel & Spa" necə təhlükə yaradır...
"Qalaaltı Hotel & Spa" necə təhlükə yaradır...16-08-2017, 09:50 |
Bakıdan təxminən 120 kilometr məsafədə, Şabran rayonunun Qalaaltı kəndində yerləşən və müasir standartlara cavab verən “Qalaaltı Hotel & Spa” sanatoriyasının fəliyyəti və müalicəvi əhəmiyyəti barədə çox danışılıb. Bu istirahət ocağı hər il yüzlərlə xəstəyə şəfa bəxş edirsə, başqa nə demək olar. Hətta Qalaaltı Tibbi-istirahət kompleksinin ərazisində, unikal avadanlığı ilə təchiz edilmiş, müasir "ÇIRAQ" tibb mərkəzi fəaliyyət göstərir. Təklif edilən bütün sağlamlıq və bərpaedici proqramlar orqanizmin ümumi vəziyyətinin yaxşıladırılması və insan ömrünün uzadılmasına xidmət edir. Nəhayət, Qalaaltı - Azərbaycanın orijinal və son dərəcə cazibədar balneoloji kurortudur. O dəniz səviyyəsindən 1000 m hündürlükdə Böyük Qafqazın mənzərəli dağ ətəklərində yerləşir. Bura kristal şəffaflığında olan havası ilə, xüsusi təbii gözəlliyə malik, Xəzər dənizinin sahilində cazibədar meşəli yamaclarda olan bir yerdir. Burada dağ havası, dəniz hava ilə birləşir. Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” bu sahənin hərtərəfli inkişafı üçün geniş perspektivlər açıb və məhz bu proqram çərçivəsində 2015-ci ildə Qalaalti Hotel & Spa istifadəyə verilmişdir. Kənd sakinləri: “Qalaaltı sanatoriyasının və kəndin kanalizasiya suları Taxtakörpü su anbarına təmizlənmədən tökülür, bunun qarşısı alınmalıdır...” “Təzadlar”a Qalaaltı kəndindən daxil olan şikayət məktubu ciddi siqnal olaraq araşdırma tələb edirdi deyə, araşdırmaq qərarına gəldik. Şikayət məktubunda bildirilirdi ki, “Qalaaltı” sanatoriyasının, burada özünə mülklər tikdirmiş imkanlı və vəzifəli şəxslərin, eləcə də kəndin kanalizasiya suları Taxtakörpü su anbarına təmizlənmədən tökülür, bunun qarşısını alan, bu ciddi ekoloji problemi həll edən isə hələki yoxdur. Dağlar qoynunda olan kəndə baş çəkərək problemi dərindən öyrənməyə çalışdıq. Çoxsaylı kafe, restoran və istirahət mərkəzlərinin fəaliyyət göstərdiyi, eləcə də Bakıda yaşayıb-işləyən imkanlı, vəzifəli şəxslərin imarətlərinin lövbər saldığı dağların sinəsində həm də “Qalaaltı” sanatoriyası var.... Kənddə olarkən icra nümayəndəsini və bələdiyyə sədrini axtardıq. Kənd sakinləri bildirdilər ki, onları iş otağında tapmaq mümkün olmayacaq, hər ikisi nazirlərdən birinin kənddə tikdirdiyi istirahət mərkəzinin problemləri ilə məşğuldur (nazirin adını hörmət əlaməti olaraq çəkmirik). Sonra kənd sakinləri və “Qalaaltı” sanatoriyasında istirahət edənlərlə (Adil Səfərov, Mahmud Həmidov və başqaları) elə Qalaaltı su-çeşməsinin başında söhbətləşdik. Onlar da kəndin qapalı kanalizasiya sisteminin olmaması səbəbindən çirkab sularının hara gəldi axıdılmasına qarşıdırlar: “Məsələ ondadır ki, təbiətin Azərbaycana bəxş etdiyi bu gözəllikdən şəxsi mənfəət üçün bəhrələnirlər, amma heç kim düşünmür ki, sanatoriyanın, bu villaların və iaşə obyektlərinin çirkab suları Taxta Körpü Su Anbarına axıb tökülür. Həmin su anbarı isə Ceyranbatan gölünə axır, Bakının içməli su təchizatına təminatçıdır. Milyonlarla insanın içdiyi suya bu çirkab niyə qarışmalıdır? Hara baxır yerli icra orqanları və Ekologiya Nazirliyinin Təbiəti Mühafizə Departamentinin rəhbərliyi? Dəfələrlə rəsmi adamlara bu problemi demişik, xahiş etmişik ki, tədbir görsünlər...Amma nə faydası! Bu yaxınlarda isə kəndin metal borulardan olan 4 km-lik su xəttini kəsib aparmışdılar, sizin qəzet yazandan sonra indi 120 mm-lik boruların yerinə tələm-tələsik 80 mm-lik plasmas borular gətirib töküblər... Sizdən xahiş edirik məsələni ictimailəşdirin, bu məsələyə əncam çəksinlər. Sabah hansısas xəstəlik baş qaldırarsa, bu açıq kanalizasiya xətlərinin çirkab sularının baiskarlarını axtaracaqlar. Nə qədər gec deyil, tədbir görsünlər...”. Bundan sonra şikayətçilər bizə çirkab sularının mənbəyini və axın istiqamətini göstərdilər. Fotoşəkillər və apardığımız müşahidələr deyilənləri təsdiqləyirdi... *** Qeyd edək ki, yay mövsümündə Samur çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq Taxtakörpü su anbarına yığılan su hesabına Bakı, Sumqayıt şəhərlərinin, Abşeron yarımadasının, ölkənin şimal zonasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olub. Su anbarı istifadəyə verildikdən sonra burada 1 milyard 190 milyon kubmetr su toplanıb ki, bunun da 1 milyard 86 milyon kubmetri istifadə edilib. İstifadə olunan suyun 877 milyon kubmetri Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin içməli su təchizatına sərf olunub. Ölkə başçısının göstərişi əsasında,bir müddət əvvəl Taxtakörpü su anbarının tam həcmdə su ilə doldurulması münasibətilə mərasim də keçirildi. Həmin rəsmi tədbirdə Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və digər rəsmi şəxslər iştirak edirdilər. Bu mərasimdə çıxış edənlər anbara daxil olan su mənbələrindən, anbarın əhəmiyyətindən danışsalar da, o vaxt heç kim fikirləşmədi ki, bəs dağlardan süzülüb gələn bu su axınına ətrafdakı yaşayış və istirahət mərkəzlərinin kanalizasiya suyu da qarışır, ya yox?! Çünki biz də ərazidə olarkən müşahidə etdik ki, “Qalaaltı” sanatoriyasında ilboyu müalicə tədbirləri davam etdirilir, Türkiyəli iş adamı olan sanatoriya rəhbəri mənfəəti üçün səylər göstərir, amma elə sanatoriyanın tərkibində min cürə kimyəvi maddələr olan, insanların qəbul etdiyi vannalardan sonra yaranan su kütləsi birbaşa dərələrə axıdılır. Biz öz gözlərimizlə gördük ki, həmin çirkab sularının yaratdığı və üfunəti baş çatladan gölməçələrində qaz və camış sürüləri çimir, sonar isə həmin çirkab Taxtakörpü Su Anbarı istiqamətinə axıdılır. Anbara gedən yol isə bağlı, çirkab sularının axıdıldığı sıldırımlı çığırlar keçilməz olduğundan suyun mənsəbinədək gedə bilməsək də, birmənalı olaraq bəlli idi ki, həmin su yekunda anbara tökülür… Bəs sanatoriyanın rəhbərliyi niyə sutəmizləyici qurğuların tikintisini nəzərdə tutmayıb? Kənd sakinləri bildirdilər ki, layihədə bunlar nəzərə alınıbmış, lakin tikinti şirkəti işini bu hissədə yarımçıq qoyub və aradan çıxıb. Nəticədə indi Qalaaltı kimi ecazkar təbiət möcüzəsi ekoloji problemlərlə üz-üzə qalıb, ətrafda ətir qoxuyan müalicəvi bitkilərin ətrini üfunət əvəzləməkdədir. Ətrafda yaşan yerli sakinlər də bu üfunətdən ciddi narahatdır… Aidiyyəti qurumların bu ciddi problemə münasibətini öyrənməyə çalışırıq. \\tezadlar.az\\ Geri qayıt |