Əsas Səhifə > Hadisə, Manşet > Gədəbəyə ayrılan pulların aqibəti araşdırılsa...

Gədəbəyə ayrılan pulların aqibəti araşdırılsa...


11-08-2017, 09:50
Gədəbəyə ayrılan pulların aqibəti araşdırılsa...
Dövlət başçısı öz ölkəsinin yüz min əhalisi yaşayan bir bölgəsinə gəlir və onun həmin bölgəyə rəhbər təyin etdiyi şəxs həmin yüz min əhalinin gözü qarşısında öz rəhbərini bu cür açıq aşkar, primitiv formada aldatmağa cəhd edir…

Əslində Yediyarovla bağlı hər şey aydındır. O, taladığı vəsaitlərin məsuliyyətindən qorxub belə edir. Bəs cənab prezidentin səfərinə məsul olan yüksək vəzifəli şəxslər bu maxinasiyaya niyə göz yumur, onların marağı nədir?

Gədəbəyin icra başçısı Ramiz Yediyarov rayonun əsas küçəsinə arka-dekorasiya qoyub və rayonun heyvandarlıqla məşğul olan sakinlərini böyük problemmlərlə üz-üzə buraxıb.

Gədəbəy sakinlərindən PİA.AZ-a daxil olan xəbərdə deyilir ki, Ramiz Yediyarov başçı təyin olunduğu 5 ildən artıq bir müddətdə Gədəbəyə abadlıq üçün ayrılmış külli miqdarda vəsaiti rayon maliyyə idarəsinin rəisi ilə əlbir olaraq mənimsəyiblər. Bu illər ərzində dövlətin Gədəbəyin abalaşdırılması üççün ayırdığı pullardan ortaya şeç nə çıxmayıb. Daha doğrusu 5 ildən artıq Gədəbəydə at oynadan Ramiz Yediyarov ortaya yalnız büdcə idarələrində çalışan işçilərin əmək haqqları və sahibkarlardan yığılan haqq hesabına tikilən H.Əliyev mərkəzi və Bayraq meydanı, bir də alayarımçıq üzlənmış 2 bina çıxarıb.

Bununla belə Ramiz Yediyarov Gədəbəydə daha bir ilkə imza atıb. O, öz aləmində prezidenti aldatmağın yeni bir üsulunu kəşf edib. Belə ki, yaxın vaxtlarda rayona səfəri gözlənilən dövlət başçısının rayonun mərkəzində, "kruq” adlanan ərazidə yeni qurulmuş su-kanalizasizasiya sisteminin açılışını etməsi nəzərdə tutulur. Yediyarov işlədiyi müddətdə cəmi bir mərkəzi küçəsi olan, (küçənin uzunluğu 1500 metrdi), rayonun elə həmin küçəsini yarısına qədər alayarımçıq abadlaşdırıb. Lakin rayonun əsas hissəsi bərbad haldadır və açılış vaxtı prezident real vəziyyəti görə bilər. Ona görə də icra başçısı rayonun tən ortasında, rayonu və ölkəni sərhədyanı ərazilərlə birləşdirən yolun ən darısqal yerində yöndəmsiz bir giriş tağı (arka) tikdirir. Həm də arkanın özünü yox, dekorasiyasını.

Gədəbəyə ayrılan pulların aqibəti araşdırılsa...

Təqdim etdiyimiz bu iki fotoşəkilə diqqət etsəniz hər şey sizə gün kimi aydın olar. Birinci şəkil taxta fanera ilə üzlənmiş yalançı tağın rayonun nisbətən abadlaşmış ərazisi olan tərəfidir. Hansı ki, cənab prezident ora gələcək.

Gədəbəyə ayrılan pulların aqibəti araşdırılsa...

İkinci fotoşəkil isə tağın diğər tərəfidir ki, rayonun mərkəzi olmasına baxmayaraq çox bərbad vəziyyətdədir. Bu gün rayonda hamıya məlumdur ki, tikilinin məqsədi ancaq prezidentin gəlişi ilə bağlıdır, rayonun acınacaqlı vəziyyətini gizlətmək üçündür.

Prezident gedəndən bir qədər sonra həmin tağ təbii ki, söküləcək. Çünki həm rayonun mərkəzinin ortasında giriş tağı qoyulmur, həm də yolda intensiv hərəkətə ciddi maneə törədir. Bu dekorasiya-tikili qeyd etdiyimiz hiyləğərlik qəsdi ilə çox alçaq ölcüdə tikilib.

Hazırda qış mövsümünə ot tədarükünün qızğın vaxtı ilə əlaqədar bu tağ dekorasiyası ot daşıyan maşınlara ciddi maneə törədir.

Amma gəlin Yediyarovun taladığı milyonlarla vəsaiti də, rayon əhalisinə verilən bu narahatlığı da bir kənara qoyaq və işin əsas tərəfinə baxaq: Dövlət başçısı öz ölkəsinin yüz min əhalisi yaşayan bir bölgəsinə gəlir və onun həmin bölgəyə rəhbər təyin etdiyi şəxs həmin yüz min əhalinin gözü qarşısında öz rəhbərini bu cür açıq aşkar, primitiv formada aldatmağa cəhd edir, səfərdən sonra isə dekorasiya sökülür və başçı prezidentin rayona səfərinin yaxşı təşkil olunduğu barədə əhaliyə nağıl söyləyir. Amma bir sual açıq qalır: Yediyarovla bağlı hər şey aydındır. O, taladığı vəsaitlərin məsuliyyətindən qorxub belə edir. Bəs cənab prezidentin səfərinə məsul olan yüksək vəzifəli şəxslər bu maxinasiyaya niyə göz yumur, onların marağı nədir?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt