Əsas Səhifə > Hadisə, Manşet > Gəncə şəhər Səhiyyə İdarəsində ərzaq maxinasiyası
Gəncə şəhər Səhiyyə İdarəsində ərzaq maxinasiyası24-07-2017, 11:40 |
Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2014-2016-cı illərdə Gəncə şəhər Səhiyyə İdarəsinə (İdarə) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib. “Report” xəbər verir ki, bu barədə Palatanın açıqlamasında bildirilir. Məlumatda deyilir ki, hesabatın müzakirəsi zamanı qurum mövcud normativ-hüquqi aktların tələblərinə əsasən riayət etsə də, bir sıra nöqsanlara yol verildiyi diqqətə çatdırılıb. Gəncə şəhər Səhiyyə İdarəsinin və tabeliyindəki 31 səhiyyə müəssisəsinin strukturunda müxtəlif təyinatlı 1 435 ədəd çarpayı və ümumilikdə 4 286 vahid tibbi və qeyri-tibbi ştat vahidi təsdiq edilib. İdarənin tabeliyində olan 14 xəstəxana, 13 ambulator poliklinika müəssisəsi, 1 körpələr evi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası, mərkəzləşdirilmiş mühasibatlıq və mərkəzi avtomaşın qarajı ilə birlikdə stasionar və ambulator tibbi xidmət göstərib. İdarənin tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrinin strukturunda təsdiq olunmuş xəstəxana çarpayılarının və ştatların sayının respublika üzrə orta göstəricilərdən çox olduğu müəyyən edilib. Belə ki, Səhiyyə Nazirliyinin rəsmi hesabatına əsasən 2015-ci ildə respublika üzrə hər on min nəfər əhalinin çarpayılar ilə təminatı 39,6 ədəd, həkimlərlə təminatı 27 vahid təşkil etdiyi halda, bu göstəricilər Gəncə şəhəri üzrə müvafiq olaraq 43,7 və 28,2 vahid təşkil edir. Gəncə şəhər Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində 2015-ci ilin əvvəlinə təsdiq olunmuş ştatlardan 371,25 vahid və yaxud 8,7%-i 2016-cı ilin əvvəlinə isə 389,25 vahid və yaxud 9,1%-i vakant olub, onlardan müvafiq olaraq 2015-ci ildə 224,75 vahidi, 2016-cı ildə 217,75 vahidi xəstəxanalarda tam okladla işləyən işçilərə əvəzçilik üzrə verilib. Gəncə Şəhər Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən xəstəxanalarda çarpayıların illik işləməsi əvvəlki illərin göstəriciləri əsasında proqnozlaşdırılmaqla bir çarpayının işləmə günü 2015-ci ildə 225 gün, 2016-cı ildə isə 200 gün götürülüb və icra müvafiq olaraq 87,3% və 104,2% təşkil edib. Lakin çarpayıların faktiki işlədiyi günlərin sayı Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən digər xəstəxanalarda bir çarpayı üçün proqnozlaşdırılan göstərici ilə və yaxud 340 gün proqnozla müqayisə edilib və ümumilikdə Səhiyyə İdarəsi üzrə proqnoza 2015-ci ildə 57,1%, 2016-cı ildə 61,4% əməl edildiyi müəyyən olunub. Bir çarpayı gününə sərf olunmuş dərman və ərzaq xərcləri İdarənin tabeliyindəki səhiyyə müəssisələri üzrə fərqli olmuş, müxtəlif illərdə büdcə vəsaiti hesabına, eyni zamanda əvəzsiz qaydada alınmış bəzi inventarlar uzun müddət Səhiyyə İdarəsinin və xəstəxanaların anbarlarında istifadəsiz saxlanılmaqla səmərəsiz xərclərə yol verilib, imtiyazlı xəstələrə dərman, sarğı ləvazimatları və materiallarının paylanması zamanı mövcud normativ aktların tələblərinə tam əməl edilməyib, bəzi hallarda alınmış malların (iş və xidmətlərin) miqdarı tələbatdan artıq olub, bəzi hallarda isə alınmış malların qiyməti bazar qiymətindən baha olub. Auditlə əhatə olunan dövrdə əmək haqqı, ezamiyyə xərcləri üzrə artıq ödənişə yol verilib, təsdiqedici sənədlər olmadan təsərrüfat malları və dəftərxana ləvazimatları xərcə silinib, bəzi hallarda qaimə-fakturada iş və xidmətlərin miqdarının və çəkisinin artıq göstərilməsi nəticəsində, bəzi hallarda isə yerinə yetirilməmiş təmir-tikinti işlərinə görə podratçılara artıq vəsait ödənilib, ərzaq anbarlarında istifadə müddəti keçmiş və saxlanılma rejiminə düzgün riayət olunmaması səbəbindən keyfiyyətsiz hala düşmüş ərzaq məhsulları aşkar edilib, təsdiq olunmuş ərzaq məhsullarının siyahısında nəzərdə tutulmayan ərzaq məhsulunun alınması hallarına yol verilib. Kollegiya yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Səhiyyə Nazirliyinə, Gəncə şəhər İcra Hakimiyyətinə və Gəncə şəhər Səhiyyə İdarəsinə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisinə məlumat verilib. Geri qayıt |