Əsas Səhifə > Hadisə, Manşet > Sabunçuda təbii qaz BÖHRANI

Sabunçuda təbii qaz BÖHRANI


24-02-2017, 08:51
Sabunçuda təbii qaz BÖHRANI
Son günlər paytaxt sakinlərinin mavi qazla təminatında əmələ gələn problemlər, hal-hazırda da müəyyən söz-söhbətlərə səbəb olmaqdadır. Bu sırada adı daha çox hallanan bir neçə rayonun adı vurğulansa da, deyəsən Sabunçu rayon Qaz İstismarı İdarəsi daha öncüllər sırasında yer almaqdadır. Belə ki, üz-üzə qaldıqları problemlərlə bağlı redaksiyamızla əlaqə saxlayan və adı çəkilən rayonun Bəşir Bünyatov küçəsində yaşayan sakinlər bildirirlər ki, “biz dərdimizi çatdırmağa bir ünvan tapmırıq. Buna səbəb, Sabunçu rayon Qaz İstismarı İdarəsi əməkdaşlarının abonentlərinə qarşı sayğısızlıq göstərmələridir. Çünki, üz-üzə qaldığımız problemlə bağlı idarənin 012-425-36-17 nömrəli telefonuna zəng edərkən, qarşı tərəf “bir az gözləyin” deyə cavab verir. Elə ki, bir qədər vaxt keçir və təkrar zəng etməli oluruq, o halda yenə də oxşar cavablar verilir. Bir qədər vaxt keçdikdən sonra təkrar zəng etdikdə isə, ya telefona cavab verən olmur, yada ki, “səhv düşmüsünüz” deyə cavab verilir. Belə bir cavabların verilməsi də, birbaşa Sabunçu rayon Qaz İstismarı İdarəsi abonentlərinə qarşı edilmiş hörmətsizlik olur”. Sakinlərin redaksiyamıza çatdırdıqları məlumatlardan o da bəlli olur ki, adı çəkilən idarənin əməkdaşları üzərinə düşən vəzifə borclarını yerinə yetirməkdənsə, abonentlərini “barmaqlarına dolamaqla” məşğul olurlar. Bu da onu söyləməyə əsas verir ki, Sabunçu rayon Qİİ-nə rəhbərlik edən vəzifə sahiblərinin başlıca amalı sakinlərə xidmət etməyə deyil, məhz onlara “qənim kəsilməyə” yönəlib.
Daha ətraflı növbəti saylarımızda. \\gundemxeber.az\\

Geri qayıt