Əsas Səhifə > Hadisə, Manşet > Bakıda şok sələmçilik olayları

Bakıda şok sələmçilik olayları


11-02-2017, 10:24
Bakıda şok sələmçilik olayları
Bir qrup Bakı sakini AFN-ə müraciət edərək “qara rieltor”un qurbanı olmaları, icra məmurları tərəfindən haqsızlıqla üzləşmələri haqda bildiriblər. Müraciətlərdə Rəşidov Rövşən Baba oğlu tərəfindən aldadıldıqlarını iddia edən sakinlər adıçəkilən şəxsin faizə pul verərək qazanc götürdüyünü, bunu isə qanunsuz edərək külli miqdarda vəsaiti vergidən yayındırdığını bildirirlər. Eyni zamanda şikayətçilər R.Rəşidovun hansısa gözəgörünməz qüvvə tərəfinfən himayə edildiyini, onunla bağlı hüquq-mühafizə orqanlarına edilən müraciətlərin araşdırılmadığını, hətta məhkəmələrdə belə onun mənafeyinə uyğun qərarlar çıxarıldığını iddia edirlər.

Bir surəti ölkə prezidenti İlham Əliyevə ünvanlanan müraciətdə şikayətçi Sofiyev Elçin bildirir ki, Bakı sakini Rəşidov Rövşən Baba oğlu qanunsuz olaraq vətəndaşları özündən aslı vəziyyətə salır, onların evlərini əllərindən alır. Bunu isə “qara rieltor”luqla məşğul olaraq (faizə pul verməklə) edir: “Onun bu qanunsuz hərəkətlərinin qurbanı biz də olmuşuq. Ondan faizə pul götürmüşük, ikiqat artıqlaması ilə qaytarmışıq, lakin o, faiz üstə faiz yükləyərək bizi özünə borclu çıxarıb. Belə ki, biz R.Rəşidovdan götürdüyümüz puldan iki dəfə artıq faiz ödəmişik, o isə bizim hələ də ona götürdüyümüzdən də çox faiz borcumuzun olduğunu deyir. Vaxtilə pul müqabilində bağladığımız alqı-satqı müqaviləsini əsas tutaraq, bizi məhkəməyə verib ona olan borcumuzdan dəfələrlə baha olan evimizi əlimizdən alıb. Bu ev 50 il Bakı dövlət universitetində tarix fakultəsində kafedra müdiri işləmiş atam Sofiyev Məhəd Mahmud oğlunun evidir. Ümumilli lider təhsildə göstərdiyi nailiyyətlərə görə atamı sağlığında “Tərəqqi” ordeni ilə təltif etmişdi.
Bizə haqlı olduğumuz və əlimizdəki mötəbər sübutlara əsasən kömək etməyinizi xahiş edirik. Prokurorluq heç bir araşdırma aparmadan Rəşidov Rövşən Baba oğlunun saxta müqavilələrlə vətəndaşların evlərini adına keçirməsi, həmin evləri sataraq qanunsuz gəlir əldə etməsi, vergidən yayınması faktlarını nəzərə almaq istəmir. Bu azmış kimi, həyat yoldaşımın Ali Məhkəməyə etdiyi müraciət baxılma mərhələsində olsa da, Yasamal rayon icra şöbəsi əvvəlki instansiyanın qərarını icra etdi Bu gün biz evdə olmadığımız halda icra məmurları gələrək qapımızı sındırıb icranı reallaşdırdılar. İcra zamanı evdə heç kim yox idi, heç qonşulardan şahid də çağırılmadı”.


Digər şikayətçi Kərimov Məmməd Abdulla oğlu da R.Rəşidovun dələduz əməlləri ilə üzləşdiyini yazır: “Rəşidov Rövşən Baba oğlundan sələmə pul qötürmüşdüm və aldığı pulun təminatı olaraq mənə məxsus olan mənzili müvəqqəti olaraq Rövşənin təşəbbüsü və tələbi ilə onun adına rəsmiləşdirmişdim. Dələduz Rövşən Rəşidov mənə söz verərək bildirmişdi ki, öz adına çıxarış almayacaq. Lakin o, mənə məxsus olan evi mənimsəyərək öz adına çıxarış alıb.
Qeyd etmək istəyirəm ki, Rövşən Rəşidovdan götürdüyüm pulun uzun illərdir ki, külli miqdarda faizini vermişəm. Bu səbəbdən də, Rövşən tərəfindən 2016-cı ilə qədər mənim və ailə üzvlərimin həmin mənzildən çıxarılmamız barədə tələbləri olmayıb. Mən ona ödəməli olduğum əsas və faiz borcumu qaytarmağı və mənzilin tərkrar mənə alqı-satqı yolu ilə qaytarılmasını təklif etdikdə o, buna razılaşmadı. Mənzili tam olaraq əldə etmək üçün mənə qarşı istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma barədə məhkəmədə iddia qaldırdı və mənim ona qarşı iddia tələbimdən sonra onun tərəfindən qaldırılmış mülki işin icraatı dayandırıldı.
Mübahisəli mənzilin alqı-satqı müqaviləsinin formal xarakter daşımasını həm alqı-satqı zamanı həmin mənzilin həmin dövr üçün real bazar qiymətindən dəfələrlə aşağı göstərilməsi, həm də mənim həmin mənzildən istifadəmdə heç bir məhdudiyyət qoyulmaması və s. kimi hallar təstiq edir. Mənə sonradan məlum olub ki, Rəşidov Rövşən Baba oğlu eyni üsullarla digər şəxsləri da aldadaraq mənzillərini dələduzluq yolu ilə ələ keçirib. Bununla bağlı biz kollektiv surətdə hüquq-mühafizə orqanlarına, millət vəkillərinə müraciət etmək məcburiyyətində qalmışıq”.

Başqa bir şikayətçi Səlimova Nüşabə Adil qızı ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 108, 58 №-li mənzilinin qanunsuz və dələduzluq yolu ilə R.Rəşidov tərəfindən
ələ keçirildiyini deyir: “Belə ki, tənha qadın olduğumdan və qanunları bilmədiyimdən, mənim etibarımdan sui-istifadə edən Rəşidov Rövşən Baba oğlu “ƏmrahBank”ın VİP filialında işləyən Sənan adlı şəxslə əlbir olaraq evimi girova salmış və pulumu mənimsəmişlər. Onlar əlbir olaraq istənilən qanunsuz hərəkətlər edirlər. Mən tək olduğumdan və həyəcan içində yaşadığımdan tez bir zamanda banka olan borcumu bağlayacaq və yerdə qalan məbləği isə mənə verəcəkdilər ki, mən həmən pula özümə mənzil alım. Bu prosesslərin bir gün içində necə baş verdiyini mən hələ də anlaya bilmirəm. “ƏmrahBankın” əməkdaşı Ceyhun və sonradan tanıdığım Rəşidov Rövşən Baba oğlunun anası bizim evə gələrək evi boşaltağımı tələb etdilər: “Notariusda alqı-satqı müqaviləsini imza edərkən mənə onu oxumağıma imkan verməmişdilər. Ceyhun və Rəşidov Rövşən Baba oğlu bildirdilər ki, bu, formal bir müqavilədir. Həmçinin qeyd etmək istəyirəm ki, mən 4 ildir, kirayələrdə yaşayıram və dələduz Rəşidov Rövşən Baba oğlunun qurbanlarından birinə çevrilmişəm. Lakin o, dövlət idarələrini rüşvətlə şirnikləşdirərək insanların ailələrinin dağılmasına, onların evsiz qalmasına nail olur. Bu məsələ ictimailəşməli və haqqın bərqərar olması üçün çalışmalıyıq. Ümid edirik ki, şikayətimiz araşdırılmamış qalmayacaq. Cünki Sizə üz tutan biz ailələr respublikada qanunların işlənməsində və dələduzların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində vətəndaşların hüquq və azadlıqlarının qorunmasında Sizin təşəbbüsünüzü hər zaman görmüşük”.

Şikayətçilər həmçinin iddia edilir ki, R.Rəşidov özünün yüksək səviyyədə himayə edilməsi haqda xəbər yayıb.

Yazıda adları çəkilən şəxslərin mövqeyini verməyə hazırıq.

P.S. AFN-ə R.Rəşidovun Bakı şəhərindəki notariuslarda bağladığı onlarla alqı-satqı müqaviləsinin surəti təqdim edilib. Həmin müqavilələrin reallığa və qanunauyğunluğu istiqamətində araşdırmalar aparırıq. Həmçinin müvafiq dövlət qurumlarına sorğu göndərərək R.Rəşidovun rieltor fəaliyyətinin qanuni olub-olmamasını aydınlaşdırmağa çalışacağıq.

Geri qayıt