Əsas Səhifə > Hadisə, Manşet > "Şikəst qalan balamın haqqını öz balana necə yedizdirəcəksən?"
"Şikəst qalan balamın haqqını öz balana necə yedizdirəcəksən?"9-02-2017, 08:49 |
Dekabr ayının 31-də Moderator.az-da “Lənkərandakı "qəssab" həkimdən nazirə şikayət” sərlövhəli yazı yayımlanmışdı. (Bu linkdən oxuya bilərsiniz: moderator.az/news/163675.html) Yazıda Lənkəran rayonu, Şürük kənd bələdiyyəsinin sədri Valeh Hüseynlinin ədliyyə naziri Fikrət Məmmədova müraciəti yer almışdı. Dəfələrlə probleminə işıq tutmağa çalışdığımız bələdiyyə sədri bu dəfə çarəsiz qalıb nazirdən yardım istəmişdi. Valeh Hüseynli Moderator.az-a yenidən bir məktub göndərib. Məktubdan aydın olur ki, övladı şikəst edilmiş ata çarəsizdir, səsinə heç bir yerdən səs verilmədiyi üçün artıq məhkəməyə də inamı qalmayıb. Bələdiyyə sədrinin məktubunu olduğu kimi təqdim edirik: “Moderator.az-da axırıncı məktubum yayımlanandan sonra hakim üstümə düşdü ki, mən nahaq yazmışam. Dedim ki, əgər nahaq yazmışamsa hanı verdiyim vəsadətlərin qararı? Nəyə görə təqsirləndirilən şəxs məhkəmə gedən zaman müttəhim kürsüsündə oturmur? Mənə cavabı belə oldu ki, o, harda istəyirsə orada da otura bilər. Hakimə məhkəmə zalında dedim ki, bu işi aparma, aparacaqsansa pul alıb körpə balamın haqqını yemiş olacaqsan. Şikəst qalan balamın haqqını necə balalarıva yedizdirərsən? Sən heç Sevilin müttəhimlər kürsüsündə oturmağına imkan vermirsən, ona görə də haqlı hökm çıxaracağına inanmıram. Belə çıxır ki, hakim müttəhimi öz yanında otuzdura bilər. İndi də məhkəməni uzatmaq üçün qarşı tərəf yalandan vəsatət qaldırdı ki, ekspert rəydə səhvlərə yol verib. Mənim vəsatətimi qəbul etməyən hakim onların bu vəsatətini təmin etdi. İndi məhkəmə dayandırılıb, bir ay müddətində yenidən ekspertə getməliyik. Öyrəndiyimə görə, əgər hadisənin üzərindən iki il vaxt keçibsə, işə avtomatik olaraq xitam verilir. Bu neçə vaxtda da məhkəməni buna görə uzadırmışlar, mən də bilməmişəm. İndi iki ilin tamam olmasına 4 dörd ay qalıb. İndi əlim hər yerdən üzülüb, dəqiq bilirəm ki, hakim nə istə, onu da edəcək, zərərçəkənin yox, zərəçəkənin xeyrinə hökm çıxaracaq. İndiyədək döymədiyim qapı qalmayıb, amma heç kim heç bir kömək etməyib. Sağ olsun Moderator.az bir neçə aidiyyati şəxsə məsələ barəsində məlumat verdi, onları bu işə cəlb elədi. Ancaq təəssüflər olsun ki, həmin şəxslərin də bizə heç bir köməyi dəymədi. Bunların vicdanları yoxdur, çox qanları batırıblar, çünki hamı onları müdafiə edir”. Geri qayıt |