Əsas Səhifə > Hadisə, Manşet > Eldar Mahmudov iş adamlarını “erməni tələsi”nə necə salırmış?

Eldar Mahmudov iş adamlarını “erməni tələsi”nə necə salırmış?


30-01-2017, 10:05
Eldar Mahmudov iş adamlarını “erməni tələsi”nə necə salırmış?
Keçmiş MTN əməkdaşları haqqında cinayət işinin materiallarından bəlli olur ki, bir sıra hallarda nazirliyə çağrılan iş adamlarına qarşı “erməni” amilindən istifadə olunub. Yəni adamlar ermənilərlə işbirliyində suçlanıb. MTN-çilərin işindəki çoxsaylı zərərçəkmişlərdən biri olan Elçin Əliyevin də başına belə bir hadisə gəlib.
Gununsesi.info bildirir ki, Elçin Əliyev “EGT Express” MMC-nin rəhbəri olub. 2014-cü ilin mayında “Mercedes” markalı maşınını 118 min dollara satandan bir neçə gün sonra şirkətin ofisində MTN-in 6-7 nəfər mülki geyimli əməkdaşı peyda olub. Ofisdə axtarış aparmağa gəldiklərini deyən qrupa da MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Fuad Sədrəddinov rəhbərlik edib.

“Telefonumu dinləyib, biliblər ki, maşını satmışam, pulum var”

E. Əliyev istintaqa ifadəsində danışıb ki, o, gələnlərdən axtarışın səbəbini soruşub. Onda Fuad Sədrəddinov onu ermənilərlə işbirliyində suçlayıb, deyib ki, “gedərik MTN-ə, orada rəis özü sənə başa salar”. Ancaq söhbətin hansı rəisdən getdiyi bilinməyib: “Mənə dedi ki, �?sən Çexiyada yaşayan Lelit Qriqoryan adlı erməni ilə əlaqədəsən, sənin ofisindən onun ofisinə zəng olunub, onunla telefon danışığı aparılıb. Buna görə də səni MTN-ə aparacağıq’. Dedim ki, mənim belə bir adamla nə əlaqəm var, nə də telefon danışığım olub. Əl çəkmədilər. İzah eləməyə çalışdım ki, təsisçisi olduğum şirkət Azərbaycanda qeydiyyatdan keçmiş müstəqil firmadı, heç kimlə işbirliyində deyiləm. Əhəmiyyət vermirdilər. Axırda Fuad Sədrəddinov mənimlə təklikdə söhbət elədi. Əvvəlcə hədələməyə başladı ki, MTN-ə getsəm, mənim üçün pis olacaq, həbs eləyəcəklər. Sözünün axırında da məndən 100 min manat pul istədi. Doğrusu, həbs, MTN hədələrindən qorxdum. Eyni zamanda da o qədər pulumun olmadığını dedim”.
Elçin Əliyev onlara verməyə 100 mini olmadığını deyəndə MTN əməkdaşı bunun əksini sübut edən məlumatı onun yadına salıb. Xatırladıb ki, bir neçə gün öncə maşınını satıb. Hətta avtomobilin neçəyə satıldığını da bilirlərmiş. Onda ona aydın olub ki, telefon danışıqlarını dinləyiblər.
Şirkət rəhbərinin sözlərinə görə, maşının pulu Mingəçevirdə yaxınlarında olub. Xəbər göndərib ki, o vəsaiti qısa müddətdə ona çatdırsınlar. Orada olan 120 min dollar göndərilsə də, manata çevirəndə 100 min manat eləməyib. F. Sədrəddinov da 100 min manatdan aşağı pula yaxın durmaq istəməyib. E. Əliyev deyir ki, məcbur olub, yeznəsindən də 6 min manat borc alıb, özündə olan 1500 manatı da əlavə edib, MTN əməkdaşına verib.

“Başa düşdüm ki, qalan pulu özünə götürəcək”

Elçin Əliyevin dediyinə görə, pulu alanda Fuad Sədrəddinovun ona belə bir göstərişi də olub: “Tapşırdı ki, o biri MTN əməkdaşlarının yanında 100 min manat yox, 100 min dollar verdiyimi deyim. Onda başa düşdüm ki, qalan pulu özünə götürəcək”.
Şirkət rəhbəri bildirir ki, 100 min manatla canını qurtara bilməyib. Bundan sonra da Fuad Sədrəddinov ondan üç dəfəyə 13 min manat, 1500 avro pul alıb.
“Ofisdə axtarış aparanda kompüteri, telefon kitabçasını götürmüşdülər. Məndən birinci dəfə pulu alandan on gün sonra zəng eləyib restorana çağırdı, başladı kitabçada nömrələri olan adamlar haqda soruşmağa. Xahiş elədim ki, tanışlarımı incitməsinlər. Bundan ötrü də məndən pul istədi – 10 min manat. Ondan vaxt aldım, 10-15 gündən sonra 12 min 700 dolları aparıb ona verdim. O vaxt 10 min manat dollarla bu qədər idi. Yeni il ərəfəsində yenə Faiq Sədrəddinovdan zəng gəldi, bu dəfə bir başqa restorana çağırdı. Orada ona 1500 avro verdim. 2015-ci ildə də yenə həmin restoranda ona 3 min manat vermişəm”, – Elçin Əliyev ifadəsində bildirib.

“Toya görə 30 min borc almışdım, qaytara bilmədim”

Bu məsələ ilə əlaqədar prokurorluq Fuad Sədrəddinovu, ancaq şahid qismində dindirib. MTN əməkdaşı Elçin Əliyevin ofisində axtarış aparılmasını da, ondan pul almasını da inkar eləməyib. Deyib ki, “EGT EXPRESS” şirkətindən Praqadakı ofisə erməni Lilit Qriqoryana zəng getmişdi, bununla əlaqədar idarədə araşdırmalar başlanmışdı. O məsələ ilə əlaqədar E. Əliyev dindirilib və onunla münasibəti yaranıb. Maraqlıdır ki, ifadədə erməni ilə işbirliyinə dair araşdırmaların nəticəsi haqda heç nə yoxdur.
Şirkət rəhbəri ilə bir neçə dəfə görüşdüklərini təsdiqləyən F. Sədrəddinov deyir ki, 2015-ci ildə övladının toyuna görə ondan 30 min dollar borc alıb. Amma iş elə gətirib ki, çətinlikləri yaranıb, pulu qaytara bilməyib. Ona görə də hesab edir ki, Elçin Əliyev borcu qaytarmadığına görə onun haqqında qərəzli danışır.

Geri qayıt