Əsas Səhifə > Hadisə, Manşet > "Deputatların sayı 25-ə endirilsin..."

"Deputatların sayı 25-ə endirilsin..."


18-01-2017, 08:55
"Deputatların sayı 25-ə endirilsin..."
Xəbər verildiyi kimi, deputatların etik davranış kodeksi parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq .Bununla deputatların fəaliyyətlərində ,bəyanat və çıxışlarında etik normalar tənzimlənəcək, hətta lazım gələrsə ,buna hüquqi qiymət də veriləcək.

Belə bir addımın atılması nədən qaynaqlandı?

Məsələ burasındadır ki,son bir ildə bəzi deputatların çıxışları,açıqlamaları böyük qalmaqallarla müşayiət olundu.Bu cəmiyyətdə,sosial şəbəkələrdə,ölkə hüdudlarından kənarda pis qarşılandı.Hamıya nümünə olmalı bəzi deputatlarımızın fikirləri ciddi şəkildə onların özünün əleyhinə işlədi, Azərbaycan hakimiyyətini xoşa gəlməz durumla üz-üzə qoydu.

Vəziyyət o həddə çatıb ki,son vaxtlar bir-birinin ardınca bəzi millət vəkilləri onların danışmasına qadağa qoyulması barədə açıqlama verirlər. Kimisinə parlament rəhbərliyi, kimisinə partiya rəhbərliyi, kimisinə də ailə üzvləri tərəfindən qadağa qoyulduğu deyilir. Bu cür situasiyanın yaranması kifayət qədər absurd, eyni zamanda gülünc deyilmi?

Yeri gəlmişkən, yada salaq ki, “parlament” fransız sözü olub, mənası “danışmaq” deməkdir. Parlamentdə təmsil olunanların da əsas vəzifəsi danışmaq, müzakirə aparmaq, yeni-yeni qanunlar qəbul etmək və sairədir.

Onsuz da bizim millət vəkillərinin böyük əksəriyyəti öz seçicilərini layiqincə təmsil edə bilmir, onların problemlərinin qaldırılması və həll edilməsi, həmçinin əhəmiyyətli qanunların qəbul olunması üçün kifayət qədər səy göstərmirlər.İndi də danışmaqdan, hansısa məsələ barəsində fikir bildirməkdn imtina edirlərsə, onda onlar kimə və nəyə lazımdırlar?

Bəzi millət vəkillərinin danışmasına qadağa qoyulmasını şərtləndirən əsas səbəb elə onların özlərinin verdikləri son dərəcə məntiqsiz, yersiz,gülüş doğuran açıqlamalardır. Hərdən elə fikirlər səsləndirilir ki, adam onları eşidəndə mat-məəttəl qalır. İnana bilmirsən ki, bu sözləri deyən adam ziyalıdır, elm adamıdır, tanınmış qələm sahibidir , nəhayət, millət vəkilidir.

Bu yerdə bəzi millət vəkillərimizin bir sıra əcaib fikirlərini yada salmaq yerinə düşər: “Altıncı dəfə deputat seçildim, hər seçkidən sonra deputat vəsiqəsi gəzdirməkdən ləzzət alıram”, “müəllimlər aldığı maaşla dolana bilmirlərsə, işdən sonra gedib restoranda ofisiant işləsinlər”, “şəhərdə iş tapa bilmirlərsə, getsinlər kənddə soğan əksinlər”, “az yeyin, çox yemək insanı tez qocaldır”, “imkanı olmayan ayağını yorğanına görə uzatsın”, “ölkədən xaricə işləməyə gedənlər bu millətin “otxod”larıdır” və s. Bizcə bu sitatların əlavə şərhə ehtiyacı yoxdur, hər şey aydındır.

Bir maraqlı məqamı da qeyd etmək lazımdır ki, millətin nümayəndələrinə ayda 200-300 manatla, bəzən də daha az məbləğlə yaşamağı rəva görən millət vəkillərimiz 1500-2200 AZN civarındakı maaşlarına qane olmaq istəmir və məbləğin artırılmasının vacibliyini iddia edirlər. Nəzərə alsaq ki, əksər millət vəkillərinin geniş biznesi və çoxsaylı obyektləri var, hələ üstəlik “maklerlik” fəaliyyəti ilə də məşğul olurlar, onda əsl gerçəkliyi göz önündə canlandırmaq elə də çətin olmaz.

Məlum olduğu kimi, bir çox ölkələrlə yanaşı, Azərbaycanda da iqtisadi bohran yaşanır. Əvvəlki illərlə müqayisədə dünya bazarında neftin kəskin ucuzlaşması, milli vayutanın devalvasiyaya uğraması, ərzaq və digər gündəlik tələbat mallarının bir neçə dəfə bahalaşması əhalini çətin duruma salıb. Həm dövlət qurumlarında, həm də özəl sektorda ixtisaslar aparılır, çoxlu sayda idarə və müəssisələr fəaliyyətini dayandırır. Nəticədə də işsizlər ordusu yaranmağa başlayır.

Belə bir vəziyyətdə Azərbaycan parlamentindən – Milli Məclisdən faydalanmaq yerinə düşər. Hər kəsə məlumdur ki, MM-də təmsil olunan 125 millət vəkilindən maksimum 25-30-u aktiv fəaliyyətlə məşğuldur, yəni qanunların müzakirəsində və qəbulunda fəal iştirak edir, təklif verir,mübahisəli vəziyyətlərin yaranmaması üçün əvvəlcədən çağırışlar edir,seçiciləri ilə mütəmadi görüşlər keçirir, mümkün qədər onların problemlərinin həllinə çalışır. Yerdə qalanların isə nə MM-də səsi çıxır, nə də seçiciləri ilə maraqlanır. Belələri cəmiyyətdə lal-kar və faydasız deputat kimi tanınır.

Təklif edirik ki, indiki iqtisadi böhran şəraitində Milli Məclisə də “əl gəzdirilsin”, yəni ən fəal 25 millət vəkili fəaliyyətini davam etdirsin, qalan 100 nəfərin fəaliyyəti isə ya müvəqqəti dondurulsun, ya da fəaliyyətinə birdəfəlik xitam verilsin. Onların maaşlarına, maşınlarına, köməkçilərinə ,xarici səfərlərinə və digər xərclərinə ayrılan vəsait ölkənin iqtisadi inkişafına, yeni-yeni iş yerlərinin açılmasına xərclənsin. Bu barədə qərar qəbul edilərsə, növbəti seçkilərə də boş yerə milyonlar xərclənməz. Nəticədə həm dövlət qazanar, həm də millət,ictimayət bəzi deputatların boş –boş fikirlərinə vaxt ayrırıb ,sosial şəbəkələrdə uzun-uzadı yazışmaz.

Bəlkə də, kimlərsə bizim bu fikrimizə qeyri-ciddi təklif kimi yanaşacaq. Ancaq biz tam ciddiyik!..
Həsrət Gündoğan-Faktinfo.az

Geri qayıt