Əsas Səhifə > Hadisə, Manşet > Maştağa sakinləri Adil Vəliyevdən niyə narazıdır?

Maştağa sakinləri Adil Vəliyevdən niyə narazıdır?


26-12-2016, 08:37
Maştağa sakinləri Adil Vəliyevdən niyə narazıdır?
Çox zaman əksəriyyət bildirir ki, Bakı şəhəri nə qışın şaxtasına, nə də ki, payızın yağışına hazır deyil. Bəli, əslində bu belədir və baş verən xoşagəlməz durumdan sonra söylənilənlərin həqiqət olduğu, bir daha özünü göstərdi. Belə ki, xeyli müddət bundan əvvəl hava şəraitinin yağmurlu keçməsi, Bakının əksər kənd və qəsəbələrində həyatı iflic etdi. Bu sırada adı daha çox hallanan qəsəbələrdən biri də, Sabunçu rayonunun Maştağa qəsəbəsi oldu. Qəsəbə sakinləri düşdükləri bəladan xilas olmaq üçün dəfələrlə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevə və qurumun digər səlahiyətlilərinə, qəsəbə icra nümayəndəsinə, qəsəbə bələdiyyəsinin sədri İlqar Qurbanova və digər vəzifə sahiblərinə müraciətlərini ünvanlasalar da, bir kimsə onların problemləri ilə maraqlanmadığndan, son anda onlar çıxılmaz duruma düşürlər. Bu haqda məlumatları “Gündəm Xəbər”in əməkdaşına bildirən sakinlər vurğulayırlar ki, “biz məcburiyyət qarşısında qaldığımızdan sizə də müraciət edirik. Məqsədimiz üz-üzə qaldığımız problemin varlığını ictimailəşdirməkdir. Düşünürük ki, bəlkə o halda hansısa vəzifə sahibi problemin həlli ilə məşğul olmağa qərar verdi”. Onu da qeyd edək ki, Maştağa qəsəbəsinin Mirəli Mirəliyev və Neftçilər küçələrinin kəsişməsində yaşanan acınacaqlı mənzərəni görən əməkdaşımız, sanki dəhşətə də gəlir. Çünki, adı çəkilən küçələrin yağış suları nəticəsində bərbad halda olması, qəsəbə sakinlərini əməlli-başlıca dərdə salır. Küçəboyu ərazilərin su gölməçələrinin altında qalması, yaşayış evlərindən çoxunun zirzəmilərinin su ilə dolması, sözün həqiqi mənasında böyük bir faciənin varlığından xəbər verir. Təəssüf doğuran hal odur ki, ərazi üzrə cavabdehlik daşıyan vəzifə sahibləri isti kreslolarında otururlar, var-dövlət qazanırlar, amma qəsəbə sakinlərinin belə bir problemləri ilə bir kimsə məşğul olmur. Ünvanlanan müraciətlər isə, sanki düşünülmüş şəkildə qulaqardına vurulur. Xoşagəlməz hal odur ki, adı çəkilən qəsəbənin Mirəli Mirəliyev küçəsində yaşamış və canını, qanını bu Vətən uğrunda fəda etmiş şəhid Mirəli Mirəliyevin yaşadığı ata evinin qarşısı da bərbad haldadır. Vəzifə sahibi olan şəxslər digər sakinlərə ögey münasibət bəsləsələr də, heç olmazsa 1993-cü ildə canını, qanını Vətən uğrunda fəda etmiş şəhid Mirəliyevin ruhuna hörmət edib, onun doğulub boya-başa çatdığı küçənin problemlərini həll etmirlər. Təəssüf hissi doğuran hal odur ki, bu gün də vəzifə sahibi olan şəxslər şəhid ruhuna hörmət qoymurlar. Belə olan halda sual oluna bilər ki, ərazi üzrə problemlərin varlığına cavabdehlik daşıyan şəxslərin vəzifə borcları sakinlərin problemlərini həll etməkdən, yoxsa ünvanlanan müraciətləri qulaqardına vurmaqdan ibarətdir? Bugünkü reallıq isə ondan ibarətdir ki, Maştağa qəsəbəsinin Mirəli Mirəliyev və Neftçilər küçələrində yaşayan sakinlərin müraciətləri bilərəkdən qulaqardına vurulur, problemlərinin həllinə heç bir halda cəhd göstərilmir. Əksinə, problemlərin üstünə yeni-yeni problemlər gəlməkdədir. Əslində baş alıb gedən problemlərin kökündə, rayon icra hakimiyyəti aparatı tərəfindən həyata keçirilən yarıtmaz idarəçilik durur. Bu cür idarəçilik həyata keçirildiyindən qəsəbə üzrə icra nümayəndəliyi ilə bərabər, bələdiyyə rəhbərliyi də yarıtmaz fəaliyyətlərini ortaya qoymaqda davam edirlər. Rayon rəhbərliyinin problemlərin varlığına diqqətsizlik nümayiş etdirməsi, əslində digər qurumların da fəaliyyətlərini iflic edir ki, bunun da ağrı-acısını qəsəbə sakinləri çəkirlər. Faciə odur ki, Maştağa qəsəbə sakinlərinin üz-üzə qaldıqları problemlərlə bağlı nə qəsəbə icra nümayəndəliyi, nə də ki, qəsəbə bələdiyyəsinin səlahiyyətliləri konkret münasibət bildirməsələr də, yalnız verdikləri vəd o oldu ki, “problem yaxın vaxtlarda həllini tapacaq” deməklə, bir növ məsuliyyətdən yayınmağa çalışdılar. Onların belə bir yanaşmaları bir daha onu söyləməyə əsas verir ki, vəzifə sahiblərini sakinlərin problemləri deyil, yalnız şəxsi məsələlərinin həlli daha çox düşündürür. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Yaşanan problemin varlığını diqqətdə saxlayacağıq.

Geri qayıt