Əsas Səhifə > Hadisə, Manşet > Ağdam RİH-dən narazı olanların yeri “dəlixana”dır?
Ağdam RİH-dən narazı olanların yeri “dəlixana”dır?24-12-2016, 10:34 |
Sovet vaxtı da məmurlar qanunsuzluğa yol verirdilər. O zaman məmur özbaşınlığından narazı qalanlara “ruhi xəstə” damğası vurulur və psixi klinikalara salınırdılar. Bu “xəstə”lərin saxlanması isə dustaqların saxlanma şəraitindən az fərqlənirdi. Dekabrın 20-də LEGİON-da “Ağdam RİH başçısının müavini 5 min manat pulumu aldı, özümü də kanala atdırdı” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda Ağdam rayon Baharlı kənd sakini Fəridə Vəliyevanın şikayəti dərc olunmuşdu. “1988-ci ildən Baharlı Kənd Uşaq Bağçasında tərbiyəçi işləyirdim. Heç vaxt nə kollektivlə, nə uşaqlar və ya onların valideynləriylə, nə də başqa bir problemim olmayıb. Son illərdə Ağdam RİH-də bağçalara nəzarət edən Ağa Zeynalov biz tərbiyəçilərdən davamlı pul yığımına başlayıb və müxtəlif aylarda cürbəcür bəhanələrlə bizdən pul alıb. Üç-dörd aydan bir kurs adı ilə bizdən 500 manat alırdı. Bizim maaşımız isə 144 manat idi və bu pul elə Ağa Zeynalovun “yığım”larına gedirdi. 2015-ci ilin avqustunda Ağa Zeynalov mənə bildirdi ki, ixtisar olacaq, əgər işdə qalmaq istəyirsənsə 5 min manat gətirməlisən. Mən borc-xərclə bu pulu hazırladım və rayon mərkəzindən aralıda, artezian yaxınlığında ona 5 min manatı əlbəəl verdim. Ağa Zeynalov pulu almağa qara rəngli “Hundai Sonata” ilə gəlmişdi. Bir müddət sonra eşitdim ki, ixtisara düşmüşəm. Ağa Zeynalovun yanına gedib ondan pulumu geri istədim. O isə dedi ki, sənə bir qəpik də verməyəcəm. Başçı Raqub Məmmədovun qəbuluna düşmək istəsəm də, heç cür buna imkan vermədilər. Nəhayət, dekabr ayında növbəti dəfə pulumu tələb edib, yenə də evə kor-peşman qayıdarkən, “Niva”da olan iki şəxs yaxınlaşaraq, başıma torba keçirdilər. Məni Ağcabədi rayon ərazisinə aparıb, kanala atdılar. Həmin şəxslər mənə Ağcabədidən olduqlarını və Ağa Zeynalovun sifarişini pulla yerinə yetirdiklərini dedilər. Mən kanaldan necə xilas oldum, bir Allah bilir. Kanalın kənarındakı armaturlardan yapışıb birtəhər özümü kənara çıxara bildim. Ondan sonra köməyə çatan şəxslər məni xəstəxanaya apardılar, amma kimin etdiyini biləndə orda da məni qəbul etmək istəmədilər. Qolumda, qıçlarımda sınıq var idi. Nə Ağdam Rayon Xəstəxanası, nə də Ağdam RPŞ yaxın düşmədi. Özüm sınıqçıya getdim və evdə müalicə aldım. Hara müraciət etsəm də, heç bir nəticə hasil olmur. Ağa Zeynalov mənim guya qohumlarımın adından saxta imtina ərizələri hazırlayıb, haqqımda xoşagəlməz şayiələr yayır”, - deyə Fəridə Vəliyeva bildirib (legion.az). Dekabrın 22-də LEGİON əməkdaşı Ağdam RİH başçısının müavini Ağa Zeynalovla əlaqə saxladı. “Fəridə Vəliyeva psixi xəstədir. Mənim haqqımda yalan məlumatlar yayır. Onu məhkəməyə verməyə hazılaşıram”, - deyə Ağa Zeynalov LEGİON-a bildirdi. Fəridə Vəliyeva doğrudanmı ruhi xəstədir? Biz bu sualı Ağdam psixi dispanserinin baş həkimi Tofiq Qədimova vedik. “Mən sizin sualınıza dəqiq cavab verə bilmərəm. Amma deyə bilərəm ki, Fəridə Vəliyeva bizim dispanserdə qeydiyyatda olsaydı, bundan dəqiq xəbərim olardı”, - deyə T.Qədimov cavab verdi. Psixoloq Dəyanət Rzayev isə bu məsələni LEGİON-a belə şərh edib: “Qeyd etmək istərdim ki, Ağdam RİH başçısının müavinin kiməsə ruhi xəstə damğası vurmağa ixtiyarı yoxdur”. Onun sözlərinə görə, kiminsə ruhi xəstə olmasına ancaq psixiatrik ekspertiza rəy verə bilər. Və bu rəyi bir psixiatr yox, bütöv bir həkimlər konsiliumu verir”, - deyə psixoloq vurğulayıb. D.Rzayev qeyd edib ki, vətəndaşı psixi xəstəlikdə ittiham etmək böyük mənəvi zərbə sayılır: “Bu məmur məhkəməyə müraciət edərək, Fəridə Vəliyevanın tibbi müayinəsini tələb edə bilər”. Hüquq müdafiəçisi, “Konstitusiya” Fondunun rəhbəri Əliməmməd Nuriyev isə bildirir ki, kimisə “psixi xəstə” adlandırmaq üçün məhkəmə qərarı və həkim rəyi olmalıdır: “Əks təqdirdə, bu, böhtan sayılır”. Geri qayıt |