Əsas Səhifə > Hadisə, Manşet > Madər Musayev qoçuları ilə bərabər Qarabağ əlilini döyəndə...
Madər Musayev qoçuları ilə bərabər Qarabağ əlilini döyəndə...23-12-2016, 09:00 |
Bakının Binəqədi rayonundan millət vəkili seçimi zamanı "uğur" daim alnına yazılmış Madər Musayevin, -ətrafındakı qoluzorlularla bərabər, - bir müddət öncə 1-ci qrup Qarabağ əlilini döyməsi faktı xeyli vaxt mətbuat səhifələrindən düşmədi. araz.az saytı olaraq, biz də, hiddət doğuran bu hadisəni tam təfərrüatı ilə bir-neçə dəfə işıqlandırdıq. Lakin... ...Deputat yumruğunun ağrısından hələ də özünə gəlməyən əlil Faiq Firdovsi oğlu Quliyev redaksiyamıza yenidən şikayət məktubu ünvanlayıb. Məktub müəllifi dönə-dönə xahiş edir ki, onu mühafizəçiləri ilə bərabər vəhşıcəsinə döyən deputatın bu cinayətkar əməlini yenidən bir daha işıqlandıraq: "Var olsun, ölkə mətbuatı! Mənim vicdansızcasına döyülməyimə biganə qalmadı. Deputat KİV-lərin bu barədə xeyli yazı verəcəyini gözləmirdi. Bu, Madər Musayevi çox narahat etdiyindən, araya adamlar salaraq, üzr istədiyini mənə çatdırdı və yuxarı instansiyalara ünvanladığım şikayət ərizələrimi geri götürməyimi məndən xahiş etdi. Üstəlik, şirnikləndirici bəzi "yağlı" vədləriylə məni susdura bildi; Guya, Madər Musayev qeydiyyatda olduğum Bakı şəhər Nəsimi rayonunun deputatları Ziya Səmədzadə və Məlahət İbrahimqızı ilə danışdığını, onların vasitəçiliyi ilə, yaxın vaxtlarda mənə - haqqım olduğu üçün - əmək və Əəhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ev verdirəcəyini bildirdi və məni buna inandırdı.. ". Onsuz da, ailəsi ilə bərabər olduqca acınacaqlı və dözülməz şəraitdə yaşayan Qarabağ əlili deputatın bu şirin yalanlarına inanmalı idi. Elə, bu səbəbdən də, mətbuata və hüquq-mühafizə orqanlarına etdiyi şikayətlərini geri götürdü. Lakin... Sən demə, çox məmurda daim olan yalan vəd mərəzi Madər Musayevdən də yan keçməyibmiş. Döyüldükdən sonra hələ də qanı qurumamış və yaraları sağalmamiş Qarabağ əlilini beləcə aldatmaq mümkün olub və bu istiqamətdə əməli bir addım atmaq deputatın ağlına belə gəlməyib. Faiq Quliyev aldadıldığını gec də olsa başa düşüb və araz.az saytından bu narahatlığını dərc etməyi xahiş edib - heç olmasa təsəlli üçün! Bu yerdə, Qarabağ əlilinin başına gətirilənlər barədə olan Əəvvəlki yazılarımızın qısa xülasəsini bir daha hörmətli oxucularımızın diqqətinə çatdırmağı lazım bildik. Çünki aldığı təqaüdlə dolana və normal yaşaya bilməyən bir Qarabağ əlilinin acınacaqlı durumu hamını narahat etməlidir - daha çox səlahiyyət sahiblərini. O, belə çox səlahiyyətlilərin qəbulunda olub. Milli Məclisin deputatı Hadı Rəcəblinin qəbulundakı kimi... Hadı Rəcəbli əlil vətəndaşı dinləyib, ona diqqətlə qulaq asıb, ərazi aidiyyatı üzrə Binəqədi rayonundan bir neçə dəfə deputat seçilmiş Madər Musayevə müraciət etməyi məsləhət görüb. Lakin başı daim "Favorit" Marketlər Şəbəkəsinin və bu kimi böyük gəlir gətirən bir neçə obyektin işinə qarışan xalqın elçisi ilə görüşmək ona nəsib olmayıb. Madər Musayevi aylarla obyektlərində tapa bilmədyini görən Qarabağ əlili, nəhayət, 05.10.2016-cı il tarixində Hacı Madərin villasına üz tutub. Ona, həm də deyiblərmiş ki, burda iş də tapa bilər. O, daha çox, bu ümidlə də ora yollanıb. Elə, birinci qrup Qarabağ əlilinin xoşagəlməz, dəhşətli, təhqiramiz... döyülmə olayı da burda baş verib. Belə ki, qoluzorlu cangüdənləri ilə villasına gələn Madər Musayev, qapısında gördüyü yad adamın kim olduğunu soruşub. Qarabağ Əəlili dərdini söyləyib, xahiş edib ki, problemlərinin həllində ona yardımçı olsun və bacara biləcəyi bir iş versin. Bundan, nədənsə, olduqca çox qəzəblənən Madər Musayev cangüdənlərinə əlili villasının həyətinə salmağa göstəriş verib. Adi bir səbəb belə olmasa da, onu villanın həyətində deputatın özü və qoçuları o ki var döyüblər. Zərbələrdən huşunu itirməkdə olan əlil, birtəhər, güc-bəla həyat yoldaşına zəng vura bilib və deyib ki, az sonra onu öldürməyi planlaşdırırlar. Bu xəbərdarlıqla o, yaxınlarından birtəhər kömək istəyə bilib.. Hacı Madər isə bundan daha da qəzəblənib: "Get, kimə nə istəyirsən de, mən 26 ildir deputatam, heç kim mənə heç nə edə bilməz, məni yuxarı dairələrdə də yaxşı tanıyırlar," - deyib, onu bir daha yumruq, təpik və söyüş atəşinə tutub. Düşünürük ki, bir deputata yaraşmayan, ona xas olmayan pis hərəkət insana qəm, ağır həyat bağışlayır. Möhtərəm Prezident İlham Əliyev cənabları da dəfələrlə cıxışlarında məmurlara səmimi, sadə, insanpərvər olmağı tövsiyyə edib. Görünür, 26 illik deputatlıq səlahiyyətləri Hacı Madər Musayevin gözünü tutmuş, onu "yenilməz" etmişdir. Qəddarlıq heç vaxt yaddan çıxmır. Məsələni araşdırmaq üçün, bir daha Madər Musayevə zəng çaldıq. Həmişəki kimi, ona zəng çatmadı. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu da zənglərimizi cavabsız qoydu. Bu səbəbdən, məsələni gündəmdə saxlamağı vacib bildik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq. Geri qayıt |