Əsas Səhifə > Hadisə, Manşet > Eldar Həsənovun vitse-prezidentlik yürüşü

Eldar Həsənovun vitse-prezidentlik yürüşü


14-12-2016, 08:38
Eldar Həsənovun vitse-prezidentlik yürüşü
Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri, sabiq baş prokuror Eldar Həsənov vitse-prezidentlik uğrunda mübarizəyə qoşulub.

Bu barədə Bakupost.az-a daxil olan sensasion məlumatdan aydın olur ki, diplomat Bakıya səs-küylü dönüşə hazırlaşır. Bildirilir ki, E.Həsənov artıq yaxın ətrafına bu barədə informasiyalar ötürüb və Bakıda özü üçün geniş komanda formalaşdırır. Mənbə iddia edir ki, Həsənov bu ilin sentyabrında baş tutan referendumdan dərhal sonra Bakıya qayıdış üçün hazırlıq görməyə başlayıb. Özü də bu qayıdış sıradan qayıdış kimi nəzərdə tutulmayıb. Sabiq baş prokuror "vurulmuş kadr” kimi göndərildiyi səfir vəzifəsindən Azərbaycana vitse-prezident kimi qayıtmaq iddiasındadır.

Saytımıza daxil olan məlumatda E.Həsənov vitse-prezidentlik uğrunda mübarizədə güclü görünməsi üçün ətrafında böyük maliyyə imkanlarına sahib şəxsləri qeyri-rəsmi şəkildə cəlb etdiyi bildirilir. Komandası kimi gördüyü şəxslərə vitse-prezidentlik mübarizəsini qazanacağı halda nələr vəd etdiyini isə hələ ki, E.Həsənovun özü bilir.

Bizə daxil olan məlumatda isə sabiq baş prokurorun komandasına daxil olan şəxslərdən bir neçəsinin adı çəkilir. Bu şəxslər arasında ən diqqətçəkəni nəqliyyat naziri Ziya Məmmədovdur. Demək olar ki, bütün səlahiyyətləri əlindən alınmış Məmmədov də 2017-ci ili özünün "yenidəndoğuşu” kimi səciyyələndirir və bu səbəbdən də E.Həsənovun təklifinə müsbət yanaşıb.

Komandada yer alan bir digər şəxs isə Milli Məclisin üzvüdür. Mənbə iddia edir ki, bu şəxsin E.Həsənovun avantürasına aldanmasının səbəbi Ziya Məmmədovla eynidir – köhnə qüdrətini yenidən qazanmaq. Bu şəxs – "Avromed” dərman şirkətinin sabiq sahibi Cavanşir Feyziyevdir. Daxil olan məlumatda bildirilir ki, dərman biznesindəki çöküşü, vəzifəyə getmək yollarının bağlanmasından sonra ümidini E.Həsənovun təklifinə bağlayıb. C.Feyziyev də ümid edir ki, E.Həsənov triumf edəcək və vitse-prezident kimi Bakıya dönəcək. Bu zaman isə o, əlindən çıxan böyük maliyyə imkanlarını vitse-prezidentin komanda yoldaşı kimi yenidən bərpa edəcək.

Qeyd edək ki, komandaya Milli Məclisin daha bir neçə deputatı, eləcə də vaxtilə Rusiya hesabına pərvazlanmış bir neçə məşhur şəxslərin adı hallanır.

Geri qayıt