Əsas Səhifə > Hadisə, Manşet > Mahmudovun hesabına 22 milyon qazanan iş adamı həbs yolunda
Mahmudovun hesabına 22 milyon qazanan iş adamı həbs yolunda19-11-2016, 09:43 |
Ölkənin Milli Təhlükəsizlik Nazirliyinə rəhbərliyi dönəmində yalnız şəxsi maraqları üçün çalışan və acgözcəsinə varlanmaq hərisliyi Eldar Mahmudova, onun tabeçiliyində olan yüksək rütbəli vəzifəlilərə, habelə, şərikli biznesi olan bir çoxlarına baha başa gəldi. Eldar Mahmudovun “vurulması” onun biznes şəriklərinin də tifaqını dağıtdı. Artıq sabiq nazirə, onun oğlu Anar Mahmudova bağlı olan şirkətlər belə keçmişdəki qanunsuzluqlarının bədələni ödəmək üçün istintaqa dəvət edilir. Demək olar ki, hüquq-mühafizə orqanlarında Eldar Mahmudova, oğlu Anar Mahmudova, habelə, onların “işverəni” kimi iş adamlarının yanına yerləşdirilən “Akula Akif” ləqəbli Akif Mustafayevə yaxın olan şəxslərin dairəsi müəyyən olunur. Gununsesi.info-nun araşdırması zamanı vaxtilə, Anar Mahmudovun yaxın dostu olan və onun sayəsində informasiya texnologiyaları avadanlıqlarının satışı, ayrı-ayrı nazirlik və idarələrdə quraşdırılması prosesi ilə məşğul olan “İT Sollutions” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi Anar Heydərovun da fəaliyyətinin yoxlanacağı, məsuliyyətə cəlb olunacağına dair məlumat ortaya çıxıb. Ölkədə yanğına qarşı təhlükəsizlik sistemi, müşahidə, intelektual idarəetmə, siqnalzasiya, GPS nəzarət sistemi, HRM sistemləri, informasiya köşkləri, ödəniş köşklərinin satışı, quraşdırması ilə məşğul olan “İT Sollutions” Azərbaycan bazarında monopolistdir. Bakı Baş Polis İdarəsi ofis texnikası və texniki məsələləri ilə bağlı olan ehtiyaclarını “IT Solutions” vasitəsilə həyata keçirir. Bundan başqa «2010-cu ildə “IT Solutions” şirkəti Ədliyyə Nazirliyinin Penitensiar xidməti üçün qeydiyyatın və hesabın avtomatlaşdırılmış sistemini hazırlamış və təqdim etmişdir. Şirkət bu layihə çərçivəsində həm avadanlıq quraşdırmış, həm də onun üçün proqram təminatı hazırlamışdır. Qeyd edək ki, “İT Sollutions” Mahmudovlar ailəsinin əsas biznes strukturlarından biri olub. Anar Heydərov MTN-nin özündəki texniki avadanlıqların birbaşa alınmasına, nazirlikdə qurulması prosesini həyata keçirib və bu prosedə dövlət büdcəsindən milyonlarla vəsait “silinib”. Anar Heydərovla Mahmudovlar ailəsini isə yaxınlaşdıran “Akula Akif” olub. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Anar Heydərov həm MTN, həm də digər dövlət qurumlarında kommunikasiya avadanlıqlarının alınması və qurulması prosesindən 22 milyon manat pul qazanıb. Əyləncəli həyat tərzi keçirən Anar Heydərovun “Akula Akif”lə kazinolarda külli miqdarda pul uduzduğu barədə də məlumatlar var. Bu məlumatları təsdiqləyən faktları fotolarıyla birlikdə ayrıca xəbər kimi oxuculara çatdıracağıq. Eldar Mahmudovun “çətiri altında” olan bu şəxs özünü təhlükəsiz mühitdə hiss etdiyi zaman Baş Prokuror Zakir Qaralova bağlılığı olan “Akkord” Şirkətlər Qrupunu da məhkəməyə verməkdən belə çəkinməyib. Gununsesi.info-ya Anar Heydərovun 2015-ci ildə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin rəhbərliyinə yazdığı Pretenziya qaydasında məktubu da təqdim olunub. “İT Sollutions” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti arasında 24 may 2013-cü il tarixdə AX-538/0513 nömrəli və 28 iyun 2013-cü il tarixdə AX-705/0613 nömrəli müqavilələr bağlanmışdır: “ Həmin müqavilələrin şərtlərinə əsasən “İT Sollutions” MMC üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və tam yerinə yetirmişdir. Lakin bundan fərqli olaraq bu günədək “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC qeyd olunan müqavilələr üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə “İT Sollutions” MMC qarşısında borcu yaranmışdır. Hazırda “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin “İT Sollutions” MMC olan borcu ƏDV ilə birlikdə 237.436,08 (iki yüz otuz yeddi min dörd yüz otuz altı manat səkkiz qəpik) AZN təşkil edir. Göstərilənləri nəzərə alaraq “İT Sollutions” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 may 2013-cü il tarixli, AX-538/0513 nömrəli və 28 iyun 2013-cü il tarixli, AX-705/0613 nömrəli müqavilələr üzrə yaranmış 237.436,08 (iki yüz otuz yeddi min dörd yüz otuz altı manat səkkiz qəpik) AZN məbləğində borcun 10 gün müddətində ödənilməsi Sizdən xahiş olunur. Əks təqdirdə həmin borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacaqdır”. Həmin dövrdə Rəşid Behbudov küçəsində iş adamı Qulam Ələkbərova məxsus 2 mərtəbəli ofisi 10 min manata kirayələyən Anar Heydərov MTN sabiq rəhbərliyi ilə əlaqələrindən istifadə edib, bir çox maliyyə maxinasiyalarına da yol vermişdir. Bu gün isə Eldar Mahmudov və onun dəstəsi ilə əlaqələrini inkar etməyə çalışan Anar Heydərov rəhbəri olduğu MMC-nin adını da dəyişib. Belə ki, hazırda o, “ANAR Sollutions» MMC –yə direktoruluq edir. Bu məsələlərlə bağlı onun özünün mövqeyini öyrənməyə cəhd etsək də buna nail ola bilmədik. Geri qayıt |